Təxminən iki il öncə iştirak etdiyim tədbirdə iştirakçılara hədiyyə olaraq veriləcək kitablar üz qapaqları görünməyəcək şəkildə kraft kağızlara bükülmüş və üzərlərinə həmin kitablardan sadəcə bir cümlə yazılmışdı. Hər kəs bu kitabların yerləşdirildiyi rəflərə yaxınlaşır, ya kitabın üzərindəki cümləyə əsasən, ya da elə sadəcə təsadüfən bir kitab seçirdi. O qədər cümlələrin arasında mənim diqqətimi isə bu çəkdi: "Hamı mənim mübarizliyimə elə alışıb ki, artıq mənə heç kim inanmır". Həmin dövr (2021-ci ilin oktyabrı) yaşadıqlarımı bu cümlə çox yaxşı ifadə edirdi. Bəli, bu kitabın üz qapağında "Frida: eşq və qəm" yazılmışdı. Düzünü deyim ki, Frida Kahlo heç zaman diqqətimi elə də çox çəkməyib. Onu rəngli geyimləri, hər uçacaq quş kimi görünən qaşları, bir də Diegosu ilə tanıyırdım. Yəni, bu kitabı kitab mağazasında görsə idim öz azad iradəmlə almazdımş) Ancaq elə indiki kimi kimsə hədiyyə etdiyi halda oxuya bilərdim. Kitab Fridanın alman atasının Meksikaya köçmək qərarı ilə başlayır. Fridanın uşaqlığı, keçirdiyi qorxunc qəza, hər şeyə rəğmən həyata tutunuşu, Diegosu və başqaları, siyasət, xəstəxana otaqları, Meksika, Amerika, bir az da Avropa, qısası hər şey var bu kitabda. Kitabı oxuduqdan sonra Frida Kahloya qarşı olan bütün önyarğılarımın yerini empatiya, heyranlıq aldı. Qeyd edim ki, mən kitabı Qanun nəşriyyatında azərbaycan dilində oxumuşam, tərcümə qənaətbəxş idi. Kitabın arxasında Fridanın çəkdiyi rəsmlərin yerləşdirilməsi çox əlverişli idi, belə ki, kitabda Fridanın ayrı-ayrı dövrlər üçün çəkdiyi rəsm əsərləriə istinad edilərkən sadəcə kitabın ən arxa səhifəsini çevirməklə o əsərləri həm də görmək effektiv idi.