İran həyatına aid kitablar oxumağı sevirəm və bu əsər də İranlı bir qadın yazar tərəfindən qələmə alınıb.
Əsər olduqca sadə dillə yazılıb və rahatlıqla oxunur. Amma danışılan hekayə üçün eyni şeyi demək mümkün deyil. Belə ki, əsərdə iki uşağı olan evli bir qadından bəhs olunur və bu qadın həyatı boyu çətinliklərlə üzləşməli olur, azadlıq haqqı məhdudlaşdırılır, öncə sevərək evləndiyi həyat yoldaşı da ondan sonra uzaqlaşır, özgələşir.
İlk başlarda heç vaxt öz qəlbindəkiləri dilə gətirməyən, həmişə susqunluğu ilə tanınan baş qəhrəmanımızın zamanla inkişafa doğru addımladığını görürük. O, artıq susmaq və bütün hər şeylə razılaşmaq istəmir. O, artıq azad hərəkət etmək istəyir, susduqlarını dilləndirmək istəyir.
Həyat yoldaşı Əmir ondan tamamilə fərqlidir. O, həmişə azadlığın, xoşbəxtliyin və rahatlağın Kanadada olduğunu düşünən, səyahət etməyi sevən bir insandır. Buna görə də durmadan həyat yoldaşına "sən qütb ayısısan" deyir, yəni onun sadəcə bir yerdə qalmaq, yerində saymaq istədiyini düşünür. Lakin belə deyil. Sadəcə qadın bilirdi ki, getsə öz istədiyi üçün yox, Əmir istədiyi üçün olacaq və bunun azad hərəkət etməklə bir əlaqəsi yoxdu(başlarda mən də Əmirin ən azından bu mövzuda haqlı olduğunu düşünürdüm, lakin kitabın sonunda əsərlə bağlı deyilmiş fikirləri oxuyanda bu barədə baxış acım dəyişdi). Ümumiyyətlə, Əmirin yoldaşına və uşaqlarına qarşı davranışları, laqeydliyi təqdir olunası deyildi. Həmişə arvadına qarşı elə sözlər istifadə edirdi ki, bunlar insanın özünü dəyərsiz hiss etməsinə səbəb ola bilər. Məsələn, bir məqam da var idi ki, orda baş qəhrəmanımız hər kəsin öz şəxsi alanı olması fikrində ikən, Əmirinsə əksinə bu fikirdə olmadığını, ona "sənə aid olan hər şey həm də mənə aiddir" kimi sözlər də demişdi. Hətta bir dəfə ona işləmək istədiyini bildirsə də, Əmir buna qarşı çıxmış, onun əsas vəzifəsinin uşaqlara tərbiyə vermək olduğunu qeyd etmişdi. (Are you seriously?🙄)
Əlbəttə, daha ağır həyatlar yaşayan qadınlar da var, lakin tipik bir həyat kimi görünsə də, baş qəhrəmanımızın həyatının əslində ağır olduğunu görmək mümkündü. Ona həmişə qadının ən böyük vəzifəsinin hər şeyi ürəyində gizlətməsi, susqun olmasının öyrədilməsi, şəxsi həyatı, fikirləri olmasına sayğı göstərilməməsi, müəyyən bir qəlibə sığdırılmağa çalışılması olduqca faciəvi bir şeydir. Çünki hər insanın özünü kəşf etməyə, öz mənliyi daxilində qərarlar verməyə və öz fikirlərini ifadə etməyə haqqı vardır. Əsərdə ən can alıcı nöqtələrdən biri, mənim üçün, onun bacısı Məhinə yazdığı məktub və bu məktubdakı etirafı oldu. Həmin hissədə kədərlənməmək əldə deyil. Və bu hadisənin ona nə qədər təsir etdiyi də onun həyatı boyunca hiss edilir.
Kitabın sonu başqa cür olsaydı kaş. Daha tamamlanmış bir son görmək istərdim açığı. Baş qəhrəmanımızın inkişafının tamamlandığını və ya bununla bağlı bir hadisə baş verməsini istəyirdim. Digər tərəfdən mənə qaranlıq gələn bəzi şeylər də var. Məsələn, Əmirin səyahət etməyə bu qədər həvəsli olmasının həddən artıq böyüdüldüyünü düşünürəm, həm arvadı, həm də digərləri tərəfindən. Həm də baş qəhrəmanımızın atası barədə deyilənlər də qəribə idi, ətrafındakıların ona davranışı və onu pisləməsi, əslində isə daha o qədər də pislənəcək qədər dəhşətli bir şey yaşandığını düşünmürəm. Yəni bu məqamlarda onların davranışını anlaya və təqdir edə bilmərəm. Ya gərək biraz da açıqlama gətiriləydi, ya da daha fərqli yanaşma olardı.
Digər tərəfdən, baş qəhrəmanımızın adını bilmirəm, mən xatırlaya bilmirəm, yoxsa doğrudan əsər boyu adı çəkilmir🤔. Oxuduqdan sonra axtardım amma adının çəkildiyi hər hansı bir yer tapa bilmədim. Əgər adı çəkilməyibsə, bunu metafora olaraq qəbul etmək olar. Çünki əri tərəfindən gah müxtəlif heyvanlarla müqayisə olunaraq, onların adıyla çağırılan, uşaqların ana dediyi, onunsa özünə quş kimi azad olduğunu arzulamasından ötrü özünü quşa bənzətdiyini düşünsək əgər, qəhrəmanımıza bir ad verilməməsi bu şəkildə görünür. Digər tərəfdən, baş qəhrəmanımızın yazar Fəriba Vəfi'nin özü ilə əlaqəli olduğunu bilirik.
Qısacası, sadə ama gözəl fikirləri olan əsər idi. Sondakı təhlili də oxumalısız. Orada əsərdəki əsas məqamlar nəzərə çatdırılır və təhlil edilir.
"Quşu bir yerdən qanad çalıb uçan adam çətin ki, bir də həmin yerə qayıda bilsin. O öz evində belə yad olacaq."
Görəsən, mənim də quşum varmı? Öz quşum. Məgər mümkündürmü kiminsə quşu olmasın?