[27.08.2023]
Kitab oxumaqda yeniyəm, lakin ən tez oxuduğum kitab bu oldu və intensiv oxuma ilə hardasa 5 günə bitirdim.
Kitabda hadisələr ardıcıllığı olduqca səliqəli, obrazların, mühitin təsviri anlaşılan və gedişat sıxıcı deyil, maraqlı idi. Kitabın əvvəlindən oxucu bilir ki, bu nikbin bir hekayə olmayacaq.
Kitabda, baxmayaraq ki, flamand cəmiyyəti tənqid olunur, oxucular həm də, yüz faiz ehtimalla, azərbaycan cəmiyyətinə də oxşarlıqlar görəcək və oxuduqca hansısa həmvətənini anımsadacaq kitabdakı bibilər və Dufour ailəsinin kişiləri.
Kitab Belçika kəndində üç 50 yaşdan yuxarı, evdə qalmış, qarımış bibiləri tərəfindən idarə olunan Dufour ailəsindən bəhs edir: onlar üç 25 yaşı keçmiş, evdə qalmış üç qız, Cənab Dufour və oğlu Maks idi. Nəhayət, bibilər Maksın "ailələrinə yaraşan, təmiz" bir qadınla ailə qurmasına razı olurlar. Və kitab toy mərasiminin keçirilməsi ilə başlanır.
Monoton kənd həyatının və xoşbəxtliyi olmayan personajların sakit bir hekayəsi. Pulun gücü və ənənənin gücü ilə xəyalların, sevginin və həyat sevincinin itirilməsi.
Raymond obrazı ilə müəllif sanki bir çağırış edir. "Bu həyatı yaşayın!" deyə. (Bu rəyi yazdıqda, ağlıma Mirzə Cəlilin "Ölülər" əsəri gəldi. İsgəndərin dar düşüncəli insanlara qarşı zidd düşüncələrini xatırlatdı.)
Kitabda bibilərin qatı qanunları və pərəstiş edərmişcəsinə dindarlıqları müşahidə olunur. Və yaltaqlıq da. Halbuki, bibilər dinə zidd olan qanunlara da sahib idi.
Bibilər öz şərəflərini, insanlar, kəndlilər qarşısındakı görünüşlərini ailələrinin xoşbəxtliyindən daha önəmli öncəlik hesab edirdi və onlara görə, onların bu görünüşünə xələl gətirə biləcək hər hansısa evlənmə, qaçma yaxud ayrı bir "kənd camaatı tərəfindən ayıbcasına qarşılanan" hərəkətdə, onlar qardaşı uşaqlarını onların mirasdan məhrum edəcəkləri kimi bir təhdid mühiti yaratmış və ailəni öz idarələri və hökmü altında tuturdular, ailəni özlərinə tabe ediblər. Axı onlar eleqant, tərbiyəli, şərəfli imiclərini daim qoruyub saxlamalı idilər. Xalaların ailədə bütün səlahiyyətləri var və heç kimə yazığı yoxdur.
Və artıq Dufour ailəsini necə idarə altına almışdılarsa, Maks Parlamentə irəli sürdüyü namizədlikdə məğlub olmasının Adrianın onun nüfuzuna vurduğu zərər olaraq qəbul edir və bədbəxt bacısına *nifrət* edirdi. Hətta onun adını belə eşitmək istəmirdi. Sırf, həmin namizədliyə, şan-şöhrətə, cah-cəlala görə?
Bax, elə burda, pul-paraya görə əyilən insanlar da müşahidə olunur. Ata və oğul.
Kitabın belə faciəli, xoşbəxt olmayan sonluqla bitməsini, gerçəkliyin əks olunmasını və Klaranın artıq bibilərinə haradan gəldiyi bilinməyən özünə güvənlə qarşı çıxmasını bəyəndim. Mən də olsam elə edərdim. Çünki artıq bibilərin hərəkətlərinə mən də tab gətirə bilmirdim.
[Spoiler]
- Sənin qorxmağına gərək yoxdur, - Klara onu ələ salaraq dedi. - Onlar mirasdan məni məhrum edəcəklər, səni yox. Əksinə, sənin bəxtin gətirdi; mənə düşən payı da sən alacaqsan! Və mənimlə ehtiyatla danış, çünki mən də nə vaxtsa varlı bibi olacağam, - onu lağa qoyaraq davam edirdi, - Bəli, mən də, Adrian və Edmi də, biz də bibilərik... Bibilər... Heç vaxt ərə getməyəcək bibilər, və sənin övladların da nə vaxtsa bizim varisimiz olacaqlar, əgər bu gün olduğu kimi bizi incitməsəniz, bizə qarşı kobud və tərbiyəsiz olmasanız.
[Digər rəylərdən götürdüyüm qeydlər]
- Buyssenin şah əsəri həssas bir ruhun ölümünü əks etdirir. Böyüklərin diktaturası xırda burjuaziyanın və kənd həyatının ikiüzlülüyünün təcəssümüdür. Adrienne-nin dəliliyə düşməsi ilkin səmimiyyət fəryadıdır, burjuaziyanın zülmkar soyuqluğunun ittihamıdır.
- Biz müdrikləşmirik, sadəcə qocalırıq. Gənclik burada baş qəhrəmandır və onun barmaqlarının arasından sürüşməsinə icazə verənlər başqalarının onu qavramağına imkan verməyəcəklər.
- İlk baxışdan “Xalalar” adətən 19-cu əsrə aid hekayəsi olan kitab kimi görünür. Bu tamamilə doğru deyil, çünki Flanders Flanders olaraq qaldı. O, normalar və dəyərlər baxımından qismən dəyişdi, lakin tipik dar düşüncəlilik hələ də burada Flandriyada mövcuddur. Yeganə fərq ondadır ki, indi buna qarşı çıxmaq üçün daha çox imkan var.
- “Xalalar” bizə pul hərisliyinin insanları özünü inkar etməyə və xəyanətə sövq etdiyini və pul söz mövzusu olanda onların necə ikiüzlü davrana biləcəyini göstərir. Bir də görürük ki, pulu olanlar başqalarının həyatına nəzarət etmək üçün ondan həvəslə sui-istifadə edirlər.