Sərt karantin qaydalarının hökm sürdüyü dəhşətli pandemiya dövründə qəhrəmanımız tanımadığı adamdan qeyri-adi bir təklif alır. Əvvəlcə qorxub bu təklifi rədd edir. Az sonra isə anasının koronavirusa yoluxduğunu öyrənir. Anasının müalicəsi üçün lazım olan məbləği heç yerdə tapa bilməyəndə onu xilas etməkdən ötrü həmin məşum təkliflə razılaşmağa məcbur olur. Alacağı pulun müqabilində ondan tələb olunan tək bir şey var: qanını on seans ərzində üç yüz yaşlı vampir Məlik Fəqana satmalıdır! Məlik Fəqan Gəncənin ən qədim sakinidir. Belə ki, Ağa Məhəmməd Şah Qacarın qəzəbindən qaçarkən Cavad xan şəxsən özü ona bu şəhərdə sığınacaq verib. Lakin onun burada olması artıq bütün şəhər üçün faciəvi bir təhdidə çevrilməkdədir. Qəhrəmanımız bu qanvermə seansları əsnasında vampirin digər qorxunc sirlərini öyrənir və öyrəndikcə də onu ruhən və cismən yeyən başqa bir xəstəliyə düçar olur. Əvvəlcə bunun qanazlığından qaynaqlandığını zənn etsə də, çox keçmir ki, vampirin onu istismar etdiyini anlayır. Lakin seansların pulu əvvəlcədən ödənilib deyə artıq boyun qaçıra da bilmir. Heç istəsə də qaçıra bilməz, çünki Məlik onun qanına aludə olduğu kimi, o da Məliyin hekayətlərinin əsirinə çevrilib. Getdikcə gücdən düşən, paranoyaya qapılan və yalqızlaşan qəhrəmanımızın nicatı isə elə bu zalımın əlindədir...
Sevməyəcəyimi düşünərək başladığım kitabı bəyənərək bitirdim. Yazarın nəşr olunan ilk kitabıdırmı, bilmirəm. İlk idisə belə, hiss olunmurdu. Mən müasir dövrdə keçən hissələri çox bəyəndim, dialoqlar mənə görə uğurlu idi. Bir çox yerdə gülümsədim. Keçmişlə bağlı Məlik Fəqanın anlatdığı hekayələr isə necə ki, əsas personajın marağına getdikcə daha çox səbəb olurdu, eynisini mən yaşadım. Kitabı bitirəndə bir bu qədər də oxusam, bezməzdim deyə düşünürəm. Trilogiya olaraq nəzərə alındığını bilmirdim. Tək kitab olaraq da oxunulub, davam edilməyə bilər məncə. Sevmədiyim məqamlar da var idi əlbəttə. Bəzi yerlərdə məntiq xətaları da gözümə çarpdı. İlk səhifələrdə şəxsiyyət vəsiqəsilə bağlı var idi. Bir digərində də əsas personajın konturu olmadığı halda e-mail göndərə bilməsi idi? Amma ümumi geri dönüb baxanda maraqla oxuduğum bir əsər oldu. Məncə qalibiyyətə layiq olub. Üz qabığı və nəşri isə ayrıca mükəmməldi.
Eyniylə bu son gunlerde oldugu kimi soyuğu hiss etdirən, bəzi səhnələrdə insanın qanını donduran bir kitab haqqında yazacam.
Qandan söz açmışkən, baş obrazımız insanların qanını içməklə yüz illərdir həyatını davam etdirən vampirdir. Amma bu vampir "Alatoranlıq"dakı kimi nə universitetə gedir, nə də gün işığında parıldayır. Əksinə gün işığı onun üçün ölümcüldür, ancaq bizim vampir bundan qorunmaq üçün günəş kremi istifadə edir, hansı marka olduğunu bilmirəm, amma deyəsən olduqca keyfiyyətlidir.
Zarafat bir yana bu vampir Gəncənin ən qədim sakinidir, özü də bir az ürəyi açıqdır. Bunu, önünə çıxan hər kəsə mən vampirəm deyə etiraf etməsindən görürük. Deyəsən, ürəyində söz saxlamır, bəlkə də elə buna görədir ki, yüz illərdir, həyatdadır.
Biraz kitabın mövzusundan yazım. Deməli anasını xəstəlikdən xilas etmək üçün pula ehtiyyacı olan oğlan, qarşısına çıxan təklifi qəbul etməli olur. Təklif isə öz qanını yüksək məbləğ qarşılığında vampirə satmaqdır. Və beləcə biz həm oğlanın günlük həyatındakı çətinliklərinə oxuyuruq, həm də qanvermə seanslarını "Vampirlə Müsahibə"yə çevirən qədim varlığın ta Şah Qacarın dövründən fərqli tarixlərdə fərqli ölkələrdə başına gələnləri, önəmli hadisələrə müdaxiləsini, ya da məşhur şəxsiyyətlər ilə munanibətlərini görmüş oluruq ki, kitabın ən sevdiyim hissələri də məhz bu idi.
Tarix fənni hər zaman zəif nöqtəm olduğu üçün hansı faktın real, hansının uydurma olduğunu bilmirəm, ancaq görünür yazar bu barədə xeyli araşdırma edib. Tarixlər arasında keçidlər, hadisələrə toxunuşlar yaxşı düşünülmüşdü, bu fantastik romanı oxucuya həqiqətmiş kimi qələmə verməyə kömək edir.
Bəzi məntiq xətaları, zəif nöqtələri olsa da, düşünürəm ki, ədəbiyyatımız üçün fərqli bir baxış bucağı idi. Bildiyimiz vampir mifologiyasına qatdığı özünəxas arqumentlər isə kitabi özəlləşdirmək üçün yaxşı üsul idi.
Fantastika sevirsizsə və bu janra yeni başlayırsızsa, şans verilməli bir kitab olduğunu düşünürəm. Hadisələrin çoxluğu, süjetin axıcılığı sizi yorulmağa qoymayacaq.
Həm dəki bugünə qədər neçə kitabda gəncəli vampir barəsində oxumusuz?
Əsərdəki flashback səhnələri bir yerdən sonra adamı boğur. Kaş keçmişdə yaşanan səhnələrə o qədər yer ayrılacağına indiki zamanda baş verən, obrazların dilindən deyilən və bir neçə səhifə sonra unudulan məqamların altı doldurulsaydı.
Kitaba böyük həvəslə başladım. Azərbaycan ədəbiyyatında vampirlər haqqında əsər? Cəsarətli yazarları alqışlayıram. Fantastika isə ən sevdiyim janrlardan biridir. Məncə müəllif vampir mifologiyasını və Məlik Fəqanın tarixin müxtəlif anlarındakı həyatını gözəl və inandırıcı təsvir edib. Xüsusilə də, onun insanlar arasında yaşamağa uyğunlaşdıran məşqlərini və Ulu adlı təsbağasının necə süni seçilmə ilə yaradılmasını oxumaq maraqlı idi. Bununla belə darıxdırıcı hissələri də vardı. Müasir dövrdə baş verən hadisələr bir qədər sönük qalmışdı. Əsas obrazın get-gedə ağlını itirməsi daha çox qabardıla bilərdi və sonluğa yaxın kulminasiya nöqtəsi daha dramatik yazıla bilərdi. Əlbəttə, bunlar "bu hekayəni mən necə yazardım?" tipli düşüncələrimdir. Yazarın qələmi uğurlu alınıb və gələcəkdə daha fərqli kitablarını gözləyəcəyəm.
Əşrəf Əşrəfovun "Solğun" romanını öz kitab zövqümə görə çox yüksək qiymətləndirərdim, lakin əsərdə "indiki zaman"da baş verən hadisələr və personajlar mənə bunu etməyə mane olur. Əsərin ortalarında "keçmişdə" cərəyan etmiş olaylar olduqca uğurludur. Bu hissədə yaradılmış ab-hava, hadisələrin maraqlı yöndə irəliləməsi bir oxucu kimi məndə olduqca müsbət təəssürat yaratdı və düşünürəm ki, əsər bu templə davam etsəydi, daha uğurlu olardı. Lakin "indiki zaman"dakı obrazlar və onların ağzından çıxan jarqon ifadələr, bu ifadələrlə zəngin dialoqlar və sair parçalar, pandemiya və müharibə mövzularının ümumi sujet xəttinə sanki məcburən bənd edilməsi əsərin təsir gücünü inanılmaz dərəcədə zəiflədir. Müəllifə uğurlar arzulayıram.