Nasirəddin şah Orta Şərqin sonuncu türk dövləti olan Qacarlar sülaləsinin (1795-1925) dördüncü hökmdarı olmuşdur. Yarım əsrə yaxın (1848-1896) hakimiyyətdə olmuş Nasirəddin şah ölkədaxili səfərlərlə yanaşı, Avropaya da üç dəfə səyahət etmişdir. Hər üç səfər o zaman Çar Rusiyasının tərkibində olan Cənubi Qafqazdan keçdiyindən şahın öz əli ilə qələmə aldığı və bu gün İran dövlət arxivlərində saxlanan yol qeydlərinin-səyahətnamələrinin müvafiq bölmələri bizim üçün zəngin faktları təqdim edən dəyərli tarixi mənbələrdir.
Yaxşı kı qısadır. Əks halda vaxt sərf etməyə dəyməz. Cansıxıcıdır. Məlum olur ki, şahın özü heç də dərin intellekt sahibi deyilmiş. Diqqət çəkən məqamlar: Şəkidə şahın gümüş kabab şişlərini oğurlayıblar, yolboyu ağcaqanadlar zəhləsini töküblər, bir neçə dəfə bu barədə şikayətlənir. Nəyisə təsvir etmək üçün lüğətində “it günü” ifadəsi xüsusi yer tutur. Məlum olur ki, Bəhmən Mirzə Qacarla görüşüb və ona güclü antipatiyası var imiş (onu eşşək və əbləh deyə qeyd edir). Səltənət rəqibi olub yəqin ondandır. Qazaxın əhalisi ilə bağlı qeydləri maraqlıdır, elə təsvir edib ki, sanki onlar türk deyil, nəsə tam başqa millətdir. Yəqin nəyisə səhv başa düşüb. Bütün kitab boyu qeyri millətlərin qadınlarını xüsusi qeyd edir. Deyəsən şorgöz olub şah. Hətta Bəhmən Mirzə Qacarın Nəvvab adlı qızını gördüyü sərgilərdən üstün tutub. Bir də diqqət çəkən odur ki, hər nə qədər Qacardır, türkdür desək də, şah özünü İranlı, fars mədəniyyətinin daşıyıcısı kimi dərk edir.