20ci əsrdə yazılan cizgi romanların əksəriyyətində olduğu kimi uşaqlara xitab edən tonda və aşağı keyfiyyətli təsvirlərlədir. Belə şəkillər obrazların emosiyalarını dolğun göstərə bilmədiyi üçün oxu keyfiyyətini bir qədər salır. Amma bir yandan da 55-60 il əvvəl yazılmış bir şeyi oxuduğunu bilmək nostalji hisslər yaradır.
Spider-man'in yaranma hekayəsini və həmin andan etibarən qarşlaşdığı irili-xırdalı düşmənləri göstərir. Aralarında favori hekayəm oldu deyə bilmərəm. Sandman və Vulture ilə olan qarşılaşmalar bir qədər maraqlı idi. Bundan başqa, Doctor Doom məni xəyal qırıqlığına uğratdı. Ondan daha heyranedici bir performans gözləyərdim, amma çox adi idi. Köhnə cizgi roman olduğu üçün çox böyük gözləntilərim yox idi, amma Doctor Doom adı gələndə də adam az-çox nəsə gözləyir.
Əsasən uşaqlara xitab edən formada yazılması bəzən məni sıxsa da bir sıra mənalı mesajlar da var idi. Spider-man'in ilk dönüşdüyü vaxtlarda yanından keçən oğrunu tutmayıb polisə "Mənim işim deyil" dedikdən sonra həmin oğrunun Ben əmisini öldürməsi kimi. Bir növ karmaya oxşayır. Göz yumduğu və özündən uzaq olduğunu düşündüyü pislik əvvəl-axır gəlib onun özünü tapır. Müasir dövrdə insanların üç meymunu oynadığı hadisələrə baxanda bu səhnə, həqiqətən mənalı idi. Həmçinin Spider-man'in ilk məğlubiyyətindən sonra ümidsizliyə düçar olduğu zamanlar. Özünü sorğuladığı, bütün inamını itirdiyi bir vaxtda Johnny (Human Torch) öz nitqi ilə ona ilham verir. Fantastic Four'un da məğlub olduğu zamanlar olduğunu, buna rəğmən hər dəfə geri qayıtdıqlarını, əsas olan şeyin heç vaxt vazkeçməmək olduğunu, uğur üçün təkcə qabiliyyətin kifayət olmadığını deyir. Bu nitq zamansızdır, bütün dövrlərdə özünə şübhə və inamsızlıqla boğuşan insanlar üçündür.