Bakı, 1992-ci il. Qara adlı köçkün bir gənc bir payız axşamı müəmmalı bir kişi ilə görüşür və bu kişiyə itkin atasının gizli axtarışının başlanması üçün pul çatdırır. Çox ötmür, Qara ona atasının salamat olduğunu soraq verən bu kişinin bədəməlliyini duyur.
Kişi itkin atanın arxasınca getməzdən əvvəl başqa bir ocağa ölü gətirmək üçün maşınını müharibəyə sürür. O səfərindən qayıdanadək Qara səbirlə gözləməlidir. Lakin oğlan şübhələrini başından ata bilmir və kişinin kimliyini müəyyən etməyə qərar verir. Bu vaxt onun ailəsi ilə birgə qaldığı işıqsız yataqxanada neft lampaları birbəbir oğurlanmağa başlayır. Qara indi saysız suallarına təkbaşına cavab tapmalıdır.
Fuad İsayev ovsunlayıcı debüt romanı ilə bizləri zamanın dumanlı qatlarında geriyə aparır, biz iyirminci əsrin bağlanışını gətirən ürəksındırıcı hadisələrə şahid durur, əsrarəngiz dövrün dolaşıqlığında işıq axtarışına çıxırıq.
Fuad Isayev is an Azerbaijani novelist, short story writer, screenwriter and illustrator. Growing up with an easel and paintbrush, he developed a passion for literature and cinema and began honing his craft as a writer in 2014. Although his first work, Stain: The Beginning, was published as early as 2017, he took a six-year hiatus, during which he wrote spec scripts and short stories and authored two unpublished novels. After graduating from Baku State University with numerous unproduced projects, he returned to the field in 2023 with a collection of short stories titled The Song of the Men of Flame. His latest novel, Body Transporters’ Handbook, was published in 2025. He currently resides in Baku.
Kitabın təqdimatında oxuculardan biri yazıçıya belə bir söz ünvanladı: "Mətni oxuyanda elə bilirsən, 60 yaşlı yazıçı yazıb". Bu söz, demək istədiyimin qısa xülasəsidir. Subyektiv bir görüşüm var ki, yazmaq üçün dərd lazımdır. Mətni oxuyanda bu dərdə ad qoya bilməsəm də, onun ağırlığını çiyinlərimdə hiss edirdim. Oxuculardan biri kitabı bitirdikdən sonra mənə zəng edib dedi ki, "Mətni bitirdim, yarım saatdır, özümə gələ bilmirəm". Bilmirəm oxucuya kitabın hansı məqamı bu hissləri yaşatmışdı, amma mən bitirəndə gözümün yaşını sildim. Mənim üçün melanxoliya romançılıqda mətnin duzu-bibəridir. Romanın dadını mən bu hissin üzərindən duyuram. "Ölüdaşıyanlar üçün təlimat kitabı"nda isə melanxoliya mavi fonda yağan yağışı kimidir. Yazıçının yaşını nəzərə alanda istifadə etdiyi dilə təəccüblənməmək mənim üçün mümkünsüzdü. Doğmalığı, şirinliyi, lakonikliyi, şəffaflığı, orijinallığı... Müəllifin öz səsi haqqında hələlik bir söz deyə bilmirəm. Növbəti mətnlərdə bu mənə tam aydın olacaq. Qısa cümlələr mətndə axtardığım əsas ünsürdür. Qısa cümlələrin böyük sözlər demə cəhdi... Aqualuzaya heyranlığımın bir səbəbi də budur. Yazıçının dili dəfələrlə süzgəcdən keçirdiyi aydın sezilir... Kəlmlərə qarşı həssaslığı hiss olunur... Personajarı yada salanda Sadiq ilk sırada dayanır... Sadiqmi, Mahirmi, əmimi?... roman boyu bu xameleon personajın adını öyrənə bilməsək də, canlı-qanlı onu müşahidə edirik, o sinirlərimizin ən həssas nöqtələrinə toxunmağı bacarır... Qara oxucunun ürəyini qovuran personajdır... Onu görürəm, soyuq havada, plaşın yaxasını qaldırıb küləyin əksinə yeriyir... bir dayanacaqlarda nəfəs dərir, bir də Zərifənin yanında... Ən zövq aldığım dialoqlardı. Qısa, real, bizə oxşayan, doğma... Sonda sarsıldım, yazıçı hər dəfə ümid qırıntıları atırdı, məndə son nöqtəyə qədər ümid ölmürdü... Yaxşı ki, ümidlər ölmür... Müasir Azərbaycan ədəbiyyatında yeni nəfəslərin istiliyini duymaq nə gözəldir... Növbəti romanı necə gözləməyim... Uğurlar...
Müəyyən boşluqlar olsa da atmosfer incə və dəqiq təsvir edilib. Elə hiss etdirirdiki sanki ordayam. Obrazlarla birgə yağışın altında islanır, köhnə neft qoxan otaqlarda gəzişirəm. Havanın hadisələr kimi qaranlıq və gözü yaşlı olması əsərə ayrı gözəllik qatıb. Ümumi baxsaq gözəl əsərdir.
Bəlkə də müəllifin ssenarist olmasıdır ki, romanın bir neçə yerində xırdalıqlara yer verilib. Üstəlik, cümlələrin çox qısa və ard-arda düzülməsi də romandan istədiyim zövqü almağıma mane oldu. Lakin mövzu və süjet xətti əvvəldən marağımı çəkdi və sona qədər bu həyəcan itmədi. Əsərin uğurlu olmasının ən vacib detalı da düşünürəm məhz budur.
Roman kifayət qədər özünəməxsus idi. Mənim üçün bu yaxşı göstəricidir. Kitab müharibənin hamımızın unutduğu və ya xəbərsiz olduğu aspektlərini göstərməsi ilə əladır. Bazarda satılan əşyaların təsviri çox yaxşı idi. Mətnin ən güclü yeri idi (mənim üçün ən güclü).
Sadiq ən sevdiyim obraz oldu. Sonlara yaxın Sadiqliyi sanki bilərəkdən soldurulurdu. Amma zənnimcə, gərək deyildi. Kimin necə düşündüyünü bilmirəm, amma romanın baş qəhrəmanı Sadiqdir. Və yaxşı ki, Sadiqdir)))
Kitabda müxtəlif stilistik gedişlər kifayət qədərdir: keçidlər, dialoqlar, “və”lərin bir cümlədə təkrarı və sair. Kimsə bunları bəyənə bilər, kimsə yox. Amma heç yerdə belə bir qayda yoxdur ki, olmaz, yaxud da səhvdir. Bu bədii əsərdir. Müəllifin bədii əsəri...
Qısa cümlələr də çoxdur. Kim üçünsə yorucu və ya bəsit görünə bilər. Olsun. Görünsün. ))) Müəllifin digər cümlələri və söz birləşmələri onun bu qısa və sadə cümlələrdən xüsusi bir üslub yaratmaq üçün istifadə etdiyinin bariz göstəricisidir.
Müəllifə yalnız və yalnız uğurlar arzulaya bilərəm. Fuad, yaxşı kitab yazmısan...
Kitabı oxumazdan əvvəl nədən bəhs etdiyini az-çox bilirdim. Açığı, mövzunun mənim üçün ağır olacağını düşünürdüm. Müharibə, qaçqınlıq, köçkünlük, itki. Bunlar mənə emosional olaraq toxunan mövzulardır. Mən Birinci Qarabağ müharibəsinin kənardan şahidi olmuşam. Həmin illərdə dünyaya gəlsəm də, müharibənin içində olan, evini, doğma yurdunu tərk etməyə məcbur qalan insanların nə yaşadığını tam anlaya bilmərəm. Ona görə kitaba uzun zaman əl vurmama səbəbim şiddətlə qarşılaşacağımın qorxusu idi. Amma mövzunun ağırlığına baxmayaraq, kitab məndə emosional gərginlik yaratmadı. Müəllif faciəni qabartmağa, oxucunu ağlatmağa, ona nə hiss etməli olduğunu diktə etməyə çalışmır. Mən sadəcə hadisələri və obrazları müşahidə edirdim, onlarla empatiya qururdum. Və bu, zənnimcə çox gözəl idi. Çünki düşünürəm ki, ağır mövzunu bu qədər təbii, zorakılığa və dramatizmə müraciət etmədən çatdırmaq müəllif ustalığıdır. Kitabın yazı üslubunu, xüsusilə dialoqlarını çox bəyəndim. Obrazların dili o qədər canlı və təbiidir ki, oxuyarkən sevdiyim köhnə Azərbaycan filmlərini xatırladım. Həmin filmlərin zəngin dili, maraqlı ssenarisi, yaddaqalan dialoqları var axı. Bu kitabda da mənə həmin ruhu xatırladan nəsə tapdım. Üstəlik, orijinal süjet, uğurlu məkan təsvirləri və əsas hadisələrin arxa fonunda toxunulan vacib mövzular əsəri mənim üçün daha maraqlı etdi. Kitabı oxuyarkən paralel olaraq Booker qalibi olan başqa bir əsər də oxuyurdum və istər-istəməz müqayisə apardım. Öz-özümə düşündüm ki, bu kitab heç də o qalib əsərlərdən geri qalmır, bəzi məqamlarına görə hətta onu üstələyə də bilər. Oxu bitəndən sonra müəllifə ünvanlamaq istədiyim suallar da qaldı. Əslində, məni maraqlandıran daha çox öz yozumumun müəllifin düşündükləri ilə nə dərəcədə üst-üstə düşməsidir. Kitab müzakirəsində bunları danışmağı səbirsizliklə gözləyirəm. çox istərdim ki, bu kitab başqa dillərə tərcümə olunsun, beynəlxalq oxucuya çatsın. Məncə, buna layiqdir. Çünki kitabda bizə doğma olan bir ruhla müasir yanaşma birləşir. Əhsən!
Fuad İsayevin "Ölüdaşıyanlar üçün Təlimat Kitabı" bu il oxuduğum ən fərqli roman oldu. Ölkəmizdə nəhayət belə bir əsər gördüyüm üçün çox şadam. Bir Fargo (1. sezon) aşiqi olaraq, sanki keyfiyyətli bir Fargo sezonu və ya filmi izləyirmiş kimi hiss etdim. Hətta Sadiq obrazını beynimdə Billy Bob Thornton olaraq canlandırdım 😅.
Müəllif mistikanı və həyəcanı daim canlı saxlamağı bacarır. Təsvir qabiliyyəti o qədər yüksəkdir ki, özümü bənövşəyi maşının sağında oturmuş, arxadakı xırdavat topasına baxırmış kimi hiss etdim. Sadiq ilə olan söhbətlər, bağ evindəki o gərginlik və bir bakılı olaraq – sadəcə universitet hazırlığı vaxtı görmüş olsam da – qaçqın yataqxanası mühitinin təsviri mənə o hissləri çox gözəl xatırlatdı.
Mənim üçün tək kiçik mənfi tərəf, bəzi yan personajların hekayəsinin bir yerə bağlanmaması idi. Mən hekayələrdə "arc"ların tamamlanmasının tərəfdarıyam. Amma Fuad bəy ilə söhbətimizdə o mənə "Bunun həmişə belə olması vacibdirmi?" sualını verdi. Bu sualdan sonra yenə də öz fikrimdə qalsam da, hekayə bağlanmasa belə kitabın dəyərindən heç nə itirmədiyi mövzusunda ortaq məxrəcə gəldik. Bir də "Qara" personajı başlanğıcda həddindən artıq müsbət gəlsə də, sona yaxın baş verən (spoiler verməyəcəyim) hadisələr bu kontrastı çox yaxşı tarazlayır.
Yekun olaraq; kitabın dizaynı, marketinqi, adı, məişət mövzularına qaçmaması və publikaya oynamamağı mənə çox ləzzət etdi. Bundan sonra Fuad bəyin daimi oxucusuyam. Bu cür yazarlara dəstək olmaq lazımdır!
Kitaba çoxlu spoiler yemiş bir şəxs kimi başlamışdım, lakin bu kitabdan həzz almağıma mane olmadı.
Fərqli və hətta qəribə yazı üslubu mövzusuna çox yaraşırdı. Səni öz konfort zonandan çıxarıb yağışlı 90’lar Bakı payızına aparır, ordan da barıt qoxulu qarlı Qarabağa atırdı.
Oxuduğum ən yaxşı müasir Azərbaycan ədəbiyyatı. Məncə bundan yaxşısını hələ bir müddət görməyəcəm.
Bir yerə qədər Sadiqin kim olduğunu və niyə belə elədiyini başa düşməyə çalışırdım. Amma sonra dedim ki, başa düşməli olduğum şey bu deyil. Əsər insanın həyatını, hekayəsini, göz yaşını bir qram vecinə almadan müharibəni qazanca çevirən bir maşından bəhs edir. VAZ 2101’in bənövşəyi olmasını da həmin qorxunc maşının özünü cəmiyyətə təqdim elədiyi imic kimi başa düşürəm. Mən bu əsəri özüm üçün belə yozdum və çox bəyəndim.
Əvvəlcə, şanslı olduğumu qeyd eləmək istəyirəm. Çünki bu əsərin ilk versiyasını oxuyanlardan biriyəm və üstəlik, kitabın çap işində bir kiçik parça da mən yer aldım☺️ (buna görə çox şadam)
Filmlər və kitablar mənim zehnimdə o zaman yaddaqalan olur ki, orada sadə, monoton və melanxolik həyatdan detallar görürəm... Oxu zamanı oğurluq neft lampalarının iyi və istiliyi, işıqsız yataqxananın soyuqluğu, fındıqların nəmliyi, rənglərin, xüsusən də sarı lampa işığının və köhnə, saralmış kağız-kuğuzun tünd solğunluğu, viski və odekalon qoxusunu hiss edir, səssiz çarəsizlik, qırışlı və cod əllər görürdüm.
Hə, bir də ən önəmlisi, romanın səsləri var... (Çık. Çık. Çık...)
Digər xırda detalları da demək istərdim, ancaq azca spoiler verə bilərəm deyə artıq bu barədə susuram.
İki xətt, təhkiyə var: Qaranın dilindən və təhkiyəçinin dilindən. Qara xətti müharibə haqqında deyil, müharibənin insanların içində qoyduğu boşluq haqqındadır.
Oxunulası, hiss ediləsi və əsər barədə fikrə gediləsi kitabdır.
İlk 90 səhifə su kimi axdı. 👌💯 Kitab çox qəşəng başladı. Xüsusilə də Arxangelsk bölümü çox qəşəng yazılmışdı və doğrudan da, adamı ora və Sovetlərin o dağılma dönəminə apardı. Kitabın ikinci hissəsi isə axıcı olmasına baxmayaraq maraqlı gəlmədi mənə niyəsə... Təkcə içində yaxa nişanı olan konfet bankasından savayı.