Rayonların birində gənc iş adamının və onun sürücüsünün azyaşlı oğulları oğurlanır. Naməlum şəxs hər iki ataya mesaj göndərərək onlardan külli miqdarda pul tələb edir və polisə xəbər veriləcəyi təqdirdə uşaqların öldürüləcəyini deyir. Lakin iş adamı bu barədə tanışı, rayon polis şöbəsi rəisinə gizlicə məlumat verməyə məcbur olur. Rəis vəziyyətin qəlizliyini nəzərə alaraq, hadisəni araşdırmaq üçün məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlını Bakıdan rayona dəvət edir. Qasımlı təhqiqata başlayan kimi anlayır ki, cinayətkar oğurlanmış uşaqların yaxından tanıyıb etibar etdiyi biridir. Bu isə talesiz uşaqların artıq həyatda olmadığı, yəni oğurlanan kimi qətlə yetirildikləri ehtimalını artırırdı. İş adamı tələb olunan pulu nəzərdə tutulmuş yerə qoyur, polis isə uşaq oğrusunu tutmaq üçün əməliyyat planı hazırlayır. Qurulmuş pusquya baxmayaraq, cinayətkar pulu qoyulan yerdən götürüb aradan çıxa bilir. Övladlarının evə buraxılacağını həsrətlə gözləyən valideynlər isə ertəsi gün girovların öldürüldüyü xəbərini alırlar. Sonra daha qəribə hadisələr baş verir...
Osmanov Elxan Əbdürrəhman oğlu - azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 14 kitabı işıq üzü görüb ki, onların üçü şeir, ikisi riyazi məntiq, doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.