Bakıda amansız qətl hadisəsi baş verir. Bu qətl bəzi intim sirləri üzə çıxarsa da, qətlin öz sirrini açmaq mümkün olmur. Cinayət axtarışı üzrə məşhur ekspert Qanbay Qasımlı təhqiqata cəlb edilir. Onun qarşıda üç gündən az vaxtı var. İşə başlayır və o da müstəntiq kimi səhv yola düşür. Əslində, ona görə ki, diqqətini qətlin sirrinin açılmasından daha çox bir namuslu qadının böhtan ləkəsindən xilas edilməsinə verir. Amma son nəticə başqa cür olur. Qasımlı bu yolda elə bir şeyə rast gəlir ki, o hər şeyi alt-üst edir və əsl qatilin kimliyi üzə çıxır. Görəsən, buna təsadüf demək olarmı?..
Osmanov Elxan Əbdürrəhman oğlu - azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 14 kitabı işıq üzü görüb ki, onların üçü şeir, ikisi riyazi məntiq, doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.