Həyat və azadlıq hər gün onların uğrunda mübarizə aparmağa layiq olan insanlara məxsusdur.
Mir Cəlalın "Bir gəncin manifesti" romanı 20-ci əsrin əvvəllərində Azərbaycanda baş vermiş hadisələrin bədii təfəkkür süzgəcindən keçirilmiş təsviridir.
Paşayev Mir Cəlal Əli oğlu — yazıçı, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi (1969), respublika Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948).
Mir Cəlal Paşayev 1908-ci ildə Ərdəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–28). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927).
Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932), Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir (1932–1935). "Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyası (1940), "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə etmişdir.
Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.
1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).
Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz – Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) olmuşdur.
Milli ədəbiyyatımızın dəyərli əsərlərindən biridir. Məktəb zamanında mənə çox təsir etdiyi üçün həm də o dönəmlər ixtisarla oxuduğum üçün yenidən oxumaq qərarına gəlmişdim. Düşünürəm, mövzuya bələd olduğumdan bu dəfə çox da təsir etmədi, amma köhnə Azərbaycan həyatının, sinfi bərabərsizliyin, kommunist hərəkatının uğurlu şəkildə təsvir olunduğunu düşünürəm. Bahar isə hər oxucunun xatirində iz qoymuş obrazlardan biridir yəqin ki.
Yazıçının, kəndlinin və kasıbın azadlığını əsas tutaraq , YAŞAYAQ ,VURUŞAQ LENİN BABA YOLUNDA -Kommunistlərin hakimiyyətə gəlməsini bir gəncin çətin keçən həyatıyla paralel qələmə aldığı bir əsərdir.