Kitab müəllifin ikinci şeirlər toplusudur. Burada yer alan şeirlərin bir qismi birinci kitabda öz əksini tapmışdır. İndi isə onlar yenidən işlənərək, ixtisar və əlavələrlə oxuculara təqdim olunur.
Rasim Qaraca 18 fevral 1960-cı ildə Əli Bayramlı şəhərində anadan olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir müddət "Mayak" və "İşıq" qəzetlərində işləyib. 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvan şəhəri) Azad Yaşar və İsmayıl Bayramoğluyla birlikdə "BACA" ədəbiyyat dərnəyini yaradıb, dərnəyin qeyri-rəsmi mətbuat orqanı olan "Yaşıl söz" bülletenini çap etdirib. 1994-2000-ci illərdə Rusiyada yaşayıb. 2000-ci ildən Bakıda yaşayır. 2002-ci ildə onun təşkilatçılığı ilə Azad Yazarlar Ocağı yaradılıb. 2001-2008-ci illərdə bu quruma rəhbərlik edib. 2002-ci ildən redaktoru olduğu "Alatoran" həftəlik ədəbiyyat-sənət bülleteni "Ədalət" qəzetinin əlavəsi kimi işıq üzü görməyə başlayıb. 2004-cü ildən "Alatoran" müstəqil jurnal kimi yayınlanmağa başlayıb.
Azərbaycanda ilk dəfə müstəqil yazıçı təşkilatının, ilk dəfə müstəqil ədəbiyyat jurnalının və Azərbaycan dilində ilk ədəbiyyat saytının (http://alatoran.org) yaradıcılarından biridir. Ədəbiyyat və yazıçı münasibətlərində Sovet dövründən qalma ənənələrin yenilənməsi və demokratik modellərin Azərbaycana gətirilməsi sahəsində fəaliyyətləri var. Hekayə, şeir və tənqidi məqalələr yazır, tərcümə ilə məşğul olur. Öz yaradıcılığında ənənəvi üslubdan imtina edir, ədəbi eksperimentləri ilə tanınır.