Roman cəmiyyətdə özünə yer tapa bilməyən bir gəncin həyatından bəhs edir. Terakt nəticəsində sevdiyi qızın həlak olması əsərin qəhrəmanının həyatında növbəti zərbə olur.
Romanda müasir insanın psixoloji sarsıntıları, ailə, cəmiyyət və insan problemi öz əksini tapmışdır.
Svetlana Turan is a writer, translator and editor. She was born in 1983 in Azerbaijan.
She received Bachelor’s degree in English Language Philology at the Azerbaijan University of Languages in 2004 and Master’s degree in English and American literature at the same university in 2006.
She is the author of the novel “The Wave” (2010) and the short story collection “Shakti. Women’s language” (2012). She has translated up to 30 books to date.
“The Wave” was in the Long List of the National Book Award Azerbaijan in 2011.
Kitab nəyə görəsə mənə "Remember me" filminj xatırlatdı. Ələxsus, sonluğu. Əsas qəhrəmanın oğlan olmağı xanım yazıçıların müşahidə məharətlerini göstərmək üçün yaxşı seçimdir. Amma... Əgər qəhrəman tək yaşayan cavan bir oğlandırsa, hər nə qədər tərbiyəli və utancaq xarakterli də olsa da, onun cinsəl həyatı, platonik məhəbbətiylə bağlı çox da böyük olmayan ehtiraslarını da oxumaq istədim. Hərdən əsərin qəhrəmanın da xanım olduğu hissinə qapılırdım. Dialoqların klassisizmi, mənim kimi klassika sevməyənlər üçün, bir az sənimi olmaya bilər. İntəhası, bütün bu saydıqlarıma baxmayaraq, son zamanlar öz ədəbiyyatımızdan oxuduğum ən uğurlu romanlardan idi. Məncə, Svetlana xanımı təbrik etməyə dəyər. Hərdən əsərdə elə xırda nüanslara ilişirdim ki, lap yazıçıya paxıllığım tuturdu. Növbəti kitabları səbirsizliklə gözləyirəm. Uğurlar )
Yerli yazarların arasında xüsusi ilə vurğulamaq istədiyim Svetlana Turan və onun Dalğa əsəri. Bu ay kitab klubumuzla müzakirə etdiyimiz bu kitabın müzakirəsi yaddaqalan oldu. Mən şəxsən Svetlana xanımı tanımağıma çox məmnun oldum. Gələk kitaba. Əsəri psixoloji dram kimi qiymətləndirirəm, və 3.5 bal verirəm. Əsər, psixoloji eniş-yoxuşlar yaşayan “adsız” baş qəhrəmanın həyatından bəhs edir. Bütün hadisələr onun ətrafında baş verir. Kitabda yaddaqalan yan personajlar var idi. Ən çox Tiqranı bəyənədim. Əsərin təhkiyəsi yaxşı idi. Müəllif çox axıcı dilə sahibdir. Sujetin 30 aprel hadisələrinə bağlanmasını bəyəndim. Bu cür mövzulara nədənsə ədəbiyyatımızda toxunulmur. Bunun üçün müəllifə xüsusi təşəkkürümüzü də bildirdik. Dialoqlar təbii idi. Telefon danışıqlarının birtərəfli şəkildə səsləndirilməsini bəyəndim məsələn. Əsərdə bəyənmədiyim ani sonluqla bitməsi oldu. Mənə qaranlıq olan bir neçə məqamı da müzakirədə aydınlaşdırdıq. Əgər ümumiləşdirsək çox da uğurlu iş ərsəyə gəlib. Svetlana xanımın növbəti kitablarını səbirsizliklə gözləyirik.
"Azad olmaq üçün atamın etdiyini etməliydim, amma atam qədər güclü ola bilmədim."
🌊Ayrılmış ailədə böyüyən, hər gününü özünə zəhər edib böhran keçirən və böyük bir hadisənin təsiri ilə gecikmiş həyatını yaşamağa başlayan adsız qəhrəmanın "dalğalı" emosiyalarına şahid oluruq bu romanda. Yadıma bu müzakirədən 1 gün qabaq yenə bir dəyərli itki səbəbindən gecikmiş arzusunu reallaşdırdığını dilə gətirən Fərid ilə olan söhbətimiz düşdü. Yoxsa ipin ucu gözümün önündədir?
Hər şeydən əvvəl onu qeyd edim ki, kitabın keyfiyəti çox qəşəng idi. Üz qapağı olsun, vərəqləri olsun, redaksiyası olsun, çox yaxşı alınmışdı. Kitabın Qanundan çıxan öncəki nəşri sırf dizayna görə elə də uğurlu deyildi, ancaq Köhlən nəşriyyatı bu baxımdan əla iş görüb. Kitabın özünə gəldikdə... Dalğanın 30aprel qurbanlarına həsr olunduğunu və bu mövzuya toxunduğunu eşidəndə kitaba marağım və gözləntim artdı, düzünü desəm, oxuduğum ilə gözlədiyim tam fərqli oldu. İstərdim ki, kitabda bu mövzuya daha çox yer verilsin və o terrorun nəticəsi, faciəsi, qorxusu və kədəri daha çox təsvir olunub, oxucuya çatdırılsın, ancaq bu sadəcə son bir neçə səhifədə baş verdi. Kitabda marağımı çəkən toxunduğu digər mövzular oldu - vecsiz ana, boşanmış ailə və bunun oğlana olan təsiri. Sırf anası ilə olan soyuqluğu ucbatından oğlanın da atasından səbəbsiz yerə nifrət etməsi, ananın sözdə " səni sevirəm" deyib bunu oğluna göstərməməsi, bunun oğlanda üzə çıxartdığı utanc, kədər, qorxu, inamsızlıq, özgüvən əksikliyi yaxşı ifadə olunmuşdu. Amma... Yazı üslubunu sevmədim. Həddindən çox sadə bir dildə yazılmışdı. Təsvirlər demək olar ki, yox idi, bədiilik çox az səviyyədə özünü göstərirdi, dialoqlar bəzən olduqca suni, sırf hansısa obraz daha " bomba" göstərilsin deyə məcburi sarkazmlarla dolu idi. Bir hadisədən, bir məkandan, bir zamandan digərinə keçid çox ani idi. Məsələn, kafedə oturub düşünür, sonra birdən telefonla danışmağa başlayır, amma sonra məlum olur ki, bu telefonla danışıq artıq oğlanın evində imiş, sən demə, oğlan çoxdan həmin kafedən ayrılmış və evinə çatıbmış, üstəlik telefonla da danışır. Bütün bu çatışmazlıqlarla yanaşı kitab sadə yazı üsluba ilə özünü çox qısa zamanda oxutdurdu, inanıram ki, yazar növbəti kitablarda bu əksikliklər üzərində çalışıb, daha uğulu bir iş ortaya çıxarda bilə.r
Yaxşı dil, qəlbə toxunacaq mövzu, amma texniki tərəfdən sinifdə qalan əsər. Sabah "Dartanyanlar" ilə müzakirəmiz var, orda fikrimi, çatdırsam, daha geniş deyəcəm, amma kitabın problemi fərqli şeyləri eyni vaxtda etmək cəhdi, amma arada əlaqənin olmaması idi.
Tahir-Tiqran başqa bir kontekstdə bəlkə mənalı ola bilər, amma bu hekayədə yeri yox idi. (Mən Tahirin Neft Akademiyası hadisəsini törədən fərdaya necəsə kömək edəcəyi gözləntisinə girmişdim).
Emin hadisəsi tamamilə ayrıca bir hekayə idi, roman içində özünə yer tapmadı.
Baş qəhrəmanın anası ilə olan münasibəti əsas məsələ idi, amma oğlanın üzərində kinayəli danışıqları xaric təsir qoymadı (mən oğlanın qızla arasına qoyduğu məsafədəki anlaşılmaz israrının necəsə anası ilə olan travmalarına bağlanacağını sanmışdım)
Qıza qarşı olan uzaqdan sevmələrin məzmununu anlamadım.
İmran daim kölgədə qaldı, ən yaxın dostun dialoq sayı sıfırkən kafedəki ofisiantın dialoq sayı az qala Sevil xala qədər idi.
Sondakı qərar monoloqu isə.. ani gəldi, mən personajın o psixoloji pikə çatdığını hiss etmədim.
Ən çox məni qıcıqlandıran milli personajların milli danışmamasıdı. Bu Svetlana xanımda rast gəldiyim şey deyil, hamıda bu cürdü. Cəmiyyətdən çox uzaq düşür müəlliflərimiz, özlərinin demək istədikləri ilə personajın deyə biləcəkləri arasında sərhəd çəkmirlər, çəkə bilmirlər. Mən də yurdum insanının daha savadlı, dünyagörüşlü olmasını istəyirəm, amma Sevil xalanın danışdığı kimi danışa bilən universitet müəllimi barmaqla sayılır oralarda. Adil kimi poetik insan ancaq "şərabqadın" barlarında var. Bir az realistik olmaq lazımdı.
Bu kitab payızda oxumaq üçün deyil. Heç yay, qış, yazda da. Bir insanın çətin anlarında, səssiz gecədə bir nəfəsə oxunulası kitabdır. Kitabı oxumaq asandır. Yazıçı qəliz sözlərlə, uzun uzadı cümlələrlə oxucunu yormur. Oxuduqca adama elə gəlir ki, kitabın qəhrəmanı oturub səninlə baş başa və öz həyatını danışır. Oxucu isə nə olub, nə olacağını düşünmədən sadəcə dinləyir, bəzən həyacanlanır, qəhrəmanı azarlayır da.
Qəhrəmanımızın adı yoxdur, sadəcə “Mən” deyə keçir hər yerdə. “Mən” parçalanmış bir ailənin tək oğludur. Anasından ayrı yaşayır. Atasını valideynlərinin ayrılığından bəri görməyib. Ana-oğul, ata-oğul münasibətləri çox gözəl ifadə olunub romanda. Bir də "mən"in sevgisi var...
Dalğa çocukken yaşayıp, geçmişe gömebildiğimizi şeylerin bizi büyüdüğümüzde de hala nasıl etkilediğini çok yumuşak ve doğal bir şekilde anlatıyor. Yetişkin kahramanımız roman boyunca küçüklüğüyle tekrar karşılaşmak ve o küçük kendisiyle iletişmek durumunda kalıyor. Sonuçta da her birimizin kendisinden bir şeyler bulabileceği ve kendisine yöneltebileceği bir anlatı ortaya çıkıyor. Bu anlatıyı da yazar öyle sade ve sürükleyici bir dille yapıyor ki sanki kahraman iyi arkadaşımmış ve salonumda çay içerken bana bunları anlatmış, sıra da benim hikayemdeymiş gibi bir tat bırakıyor.
2010-cu ildə "Qanun" nəşriyyatı Svetlana Quliyevanın "Dalğa" romanını nəşr edərək oxuculara təqdim edib. Bu romana qədər müəllif oxuculara hekayələri və esseləri ilə tanış idi. Svetlana 1983-cü ildə Qazı Məmməd şəhərində anadan olub. İxtisasca roman-german dilləri üzrə filoloq, eyni zamanda İngiltərə və Amerika ədəbiyyatı üzrə mütəxəsisdir. Ara-sıra hekayələri və esseləri ilə ədəbi portallarda çap olunsa da, ədəbi kluarlarda bir o qədər də populyar imza hesab olunmur.
Bunun əsas səbəbi isə məncə müəllifin publisistikadan, müzakirələrdən uzaq olmasıdır. Romanın çapından sonra da, müəllif yetərincə ədəbi mühitdə tanınmadı. Düşünürəm ki, müəllif özü buna cəhd etmədiyi üçün, imzasının tanınmasına qətiyyən cəhd etmir. Aktual bir mövzunu gündəmə gətirsə də S. Quliyeva yazıçı kimi özünü ədəbi camiaya kifayət qədər təqdim etmək cəhdində olmaması, əsərin və müəllifin gündəmdə olmaması ilə nəticələnib. Əsərin çaöından sonra sonra bir neçə internet portallarında sadəcə romanın çap olunması ilə bağlı xəbərlərə rast gəlsəm də, müəllifin özü və əsəri haqqında heç bir təqdimat xarakterli yazıyla rastlaşmamışam. Bildiyim qədər romanın çapından sonra müəllif yalnız bir müsahibə verib. Şəxsi qənaətimə görə S. Quliyeva ədəbi mühitdən uzaqda qalmağı seçdiyi üçün əsərin təbliğatı da yetərincə aparılmayıb. Roman haqqında yalnız şair Qismətin "Xoş gəldin, XXI əsr" adlı məruzəsində ötəri bir fikir səsləndirilir. Son illər ədəbiyyatımızda yazılan çoxsaylı romanlar içərisində "Dalğa" romanının xüsusi yerinin olduğu qənaətindəyəm. Keçən il Milli Kitab Mükafatının ekspertlərinin diqqətini çəkən əsər MKM-in "iyirmiliyinə" düşməyi də bacarıb.
Psixoloji roman həvəskarları üçün "Dalğa" "Dalğa" romanı cəmiyyətin təbəddülatları içərisində qəribə yaşantıları ilə özünü tapa bilməyən (müəyyən mənada özünə yer tapa bilməyən) ali təhsilli, fiziki qüsurlu bir gəncin həyatından bəhs edir. Romanın adı ilə bağlı müəllif müsahibəsində aşağıdakı fikirləri səsləndirir, "Romanımı bitərənə yaxın onun "Dalğa" olacağına qərar verdim. Bu ad öz-özünə romanın mətnindən çıxdı. Dalğa - mənim romanımda bir növ "tale" mənasında işlənib.
Əsər 30 aprel 2009-cu ildə ADNA-da törədilən terror aktı zamanı həyatını itirənlərin xatirəsinə həsr olunub. Əsər ADNA-da baş verən dəhşətli hadisəyə həsr olunmuş ilk, ciddi və irihəcmli əsərdir. Qəhrəmanın ətrafındakı insanlarla qəliz münasibətləri, istəkləri uğrunda mübarizə aparmamağı, ruhdan düşmüş, sakit və maraqsız həyat tərzi dövrümüzün gəncliyininin böyük bir qismini simvolizə edir. Baş qəhrəmanın simasında cəmiyyətimizdə bu gün çox böyük vüsət almış boşanma hadisələrinin övladlara təsiri və bunun nəticəsində müəyyən problemlər yaşayan insanların cəmiyyətdə özünə yer tapa bilməməsi, özünə inamsızlığı, qərarsızlığı və passivliyi göstərilib. Əsərdə valideyn-övlad, əsasən də, ana-oğul konflikti ortaya qoyulub. "Dalğa" psixoloji romandır.
İctimai-siyasi proselərə ironik münasibət Romanın ideyası və psixoloji qatı onun dilini qətiyyən ağırlaşdırmır, əksinə dilin səlistliyi və axıcılığı romanı birnəfəsə oxumağa imkan verir. Əsərdəki dialoqlar, müəllifin müdaxiləsi, qəhrəmanın mülahizələri və monoloqları çox sadə və səlist dillə yazılıb. Romanın əsas qəhrəmanı psixoloji sarsıntılar məngənəsində sıxılan gənc bir oğlandır və o valideyinləri ayrıldıqdan sonra getdikcə asosial bir insana çevrilərək cəmiyyətdən uzaqlaşır. Onun bəlli çevrəsi və bəlli yaşam kuralları var. Mütaliəni sevən qəhrəmanımız tək yaşamağa və insanlarla ünsiyyətdən qaçmağa üstünlük verir. Sevdiyi qızla ilk rastlaşdıqları andan onu təqib etməyə, onun haqqında düşünməyə başlayır. Hərdən dəniz kənarına gəlib dalğaları insanlarla müqayisə etməyə çalışdığı anlarda, monoloqlarda əsərin poetik qatı açılır. Duyğusal, romantik bir mənzərə canlanır oxucunun gözləri qarşısında. Hətta Şəhidlər Xiyabanına tez-tez gedən və bura gəldiyinin əsil səbəbini bilməyən qəhrəmanımızın düşüncələrində güclü romantika hiss olunur. Qəhrəmanın yeganə dostu İmranla olan münasibətləri olduqca maraqlıdır. İmran olduqca istiqanlı və maraqlı insandır. ADNA-da müəllimdir və çoxlu sayda dostları var. Qəhrəmanımızın isə yeganə dostu olan İmranla münasibətləri də çox soyuqdur. Romanın əsas mövzusu bir gəncin qapalı dünyasına işıq tutmaqdan ibarət olsa da ara-sıra ictimai siyasi məsələlərə də münasibət bildirilir. Ümumilikdə terror əleyhinə yazılan bu əsərdə 20 yanvar hadisəsəsinə, Qarabağ probleminə, cəmiyyətin müxtəlif problemləri haqqında gənc qəhrəman maraqlı mülahizələr yürüdür. Müəllif qəhrəmanını günümüzün gəncliyinin fövqündə, daha çox intellektual göstərməyə çalışsada qəhrəmanımı ictimai proseslərə, dünyada baş verənlərə biganə, qəzetdən və internetdən uzaq, özününü hamıdan ağıllı hesab edən gəncləri xatırladır. Müxalifətin keçirdiyi mitinqə, dünyada baş verən siyasi proseslərə standart, çayxanalarda danışılan qeybətlərsayağı münasibət bildirir. Qəhrəmanın dilindən yazılan bu cümlə, şəxsən bir oxucu kimi məni pərişan edir. "...Zibil qutusu yoxdur? Qəzeti atardım..."
Qərarsız, yorğun və xəstə qəhrəman Cəmiyyətdən qaçdıqca, özünə qapandıqca onun problemləri artır. Sevdiyi qıza yaxınlaşmağa, ona sevgisini bildirməyə kompleksləri imkan vermir. Dostsuzluq, anası ilə dil tapa bilməməsi qəhrəmanımızın psixoloji durumunu daha da gərginləşdirir. O çox soyuqqanlı, adamayovuşmaz bir insan kimi hamıdan uzaqlaşır. Azadlıq, ailədaxili münasibətlər haqqında maraqlı mükalimələrini müəllif məhz qəhrəmanın dili ilə çatdırmağa nail olur. Anası ilə dil tapmaqda çətinlik çəkən, tənhalığa çəkilən qəhrəman atasının onları tərk edib getməsini normal qarşılayır. Anasının xarakterini heç cür həzm edə bilməyən qəhrəman onun həyatında olmasından narazıdır. "Anam... bəlkə də, atamın əvəzinə anam bizi tərk edib getsəydi daha yaxşı olardı."
Atasının xatirələri onu məşğul etsə də, onun gedişinə şəxsi azadlıq baxımından haqq qazandırsa da hiss olunur ki, atasını da sevmir. Onun vəfatını sakit qarşılayıb, atasının ikinci xanımının, övladlarının görüşünə də çox soyuqqanlılıqla gedir. Müəllif məhz bu səhnəni çox ustalıqla təsvir edir. Müasir cəmiyyətdə itgilərin və ölümlərin adiləşdiyini oxucu asanlıqla bu səhnədə dərk edir. Qardaşı və bacısı ilə tanışlıq, qardaşı Eminin onun həyatına daxil olmağa cəhd etməsi onu narahat edir. "Emin yaxşı uşaqdır, nahaq yerə, bu qədər yaxınlaşırıq, bir-birimizdən qopmaq çətin olacaq." İnsanlarla ünsiyyət hər mənada onun üçün maraqsızdır.
Sevdiyi qızı daim izləməyə çalışır. Çünki onun yeganə çıxış yolu sevgidir. Hətta soyuq havalarda yağışda islanıb ölümcül xəstələnmək də ona mane olmur. O sevginin verdiyi əzablardan zövq alır. ADNA-nın bufetində çalışan oğlanla dostlaşması, özünə həmfikir tapması onu bir az cürətləndirsə də çox tez yorulur və qızı izləməməyə qərar verir.
Uzun sürən daxili çırpınışlar, qəhrəmanın yol aramaq cəhdləri, mübarizəsiz və eyni rəngi həyata qarşı savaşmadan məğlubiyyət...
Qəhrəman komplekslərindən xilas ola bilmir. O qərarsızdır...O yorğundur...O xəstədir...
Anası onu tanıdığı bir qızla tanış eləməyə cəhd edir, onun cəmiyyətə qaynayıb qarışmasına çalışsa da heç nəyə nail ola bilmir. O, tanımadığı, bir kəlmə belə söhbət etmədiyi tələbə qızı sevir. Əvvəllər görməklə təsəlli tapdığı qızdan uzaqlaşmağı, onu görməkdən belə imtina etməyi, maraqsız həyatına davam etməyi sınaqdan çıxarır. Həyat əvvəlki sönüklüyü ilə davam edir. Qəhrəmanın özünün də dediyi kimi: "Bax beləcə yaşayırdım, buna yaşamaq demək olarsa..."
30 aprelə planlaşdırılan sevgi etirafı Bu qarşılıqsız, bir az da qeyri-adi deyilə biləcək sevgi qəhrəmanın depressiyasına səbəb olur. Bir ay boyunca depressiya, bütün günü tənhalığa çəkilərək, özünün də dediyi kimi "narkoman" kimi mütaliə eləməklə təskinlik tapmağa çalışsa da qarmaqarışıq yuxular onu rahat buraxmır. Dostu İmran, yaxın qohumu, uşaqlıq dostu Zəhra onu cəsarətləndirməyə, depressiyadan çıxarmağa nail olurlar. O nəhayət sevdiyi qızı izləməyə davam etmək qərarına gəlir və bütün bunlar isə özünün də dediyi kimi "Cəmisi on yeddi gün çəkəcəkdi. Bir birinə bənzəyən, biri obirisindən irəli qaçaraq bitməyə tələsən on yeddi gün..."
On yeddi gün ona cəsarətinin artığını düşünməyə əsas verir. Cəsarətli olduğunu öz-özünə sübut etmək üçün anasının yanına gəlib ürəyindəkiləri anasına danışmaq qərarına gəlir. Sevdiyi qız barədə anasına danışması oxucu üçün də müəyyən qaranlıq məqamları işıqlandırır. Əsər boyunca müəyyən məqamlarda qəhrəmanın anasına haqq qazandıran oxucu üçün bu məqamda bütün münasibətlər, qəhrəmanın anasına qarşı soyuq davranışı aydınlaşır. Əsərin bu yerində qəhrəman anasını oxucudan daha yaxşı tanıdığını sübut edir. Ana öz fiziki qüsurlu, psixoloji problemli oğlunun sevgisinə sevinmək əvəzinə hiddətlənir. "Nəyə görə məndən icazə almamış gedib kimisə sevirsən?" Anasının davranışı onu yenidən cəsarətsizləşdirir. Yenidən məşəqqətli günlər başlayır. O ürəyini sevgilisinə aça bilmir.
Gün keçdikcə sevgisini etiraf etmək təlabatı daha da güclənir, o bir an öncə etiraf edib bu əzabdan qurtulmaq istəyir. Hətta sevgisini etiraf etmək üçün gün də müəyyən edir. Dostu İmrana 30 aprel günü sevgisini etiraf edəcəyini bildirir...O bu günə xüsusi həvəslə və coşquyla hazırlaşır...
...Və hər şey alt-üst olur
"Yuxuya gec getdiyim üçün səhər İmran mənə zəng edəndə mən hələ də bərk yatırdım. İmranın mənə telefonla dedikləri məni təkcə yuxudan deyil, xəyallarımdan, arzularımdan ayıltdı. Hər şeyin ani olmasını mənə xatırlatdı. Heç nəyin bizim əlimizdə olmadığını xatırlatdı. Bir gün öncə çətinliklə verdiyim qərarın mənasız olduğunu ürək ağrısı ilə dərk etdim..."
Sevgilisinin terror qurbanı olması onun səhhətində ciddi problemlər yaratsa da bu onun həyatında dönüş yaradır. Onun tərəddüdləri, kompleksləri və təbəddülatları da bitir. Gözlənilmədən o toparlanmağı, çətin günləri geridə buraxmağı bacarır. "...həkimin dediyinə görə ağır psixoloji travma almışdım. Həkim iddia edirdi ki, bu cür vəziyyət bir neçə ay, hətta bir il də sürə bilər. Həkim yanılırdı. Mənən necə güclü olduğumu ilk növbədə özümə sübut etdim."
Əsərdəki digər obrazlar
Əsərdə diqqət çəkən, üzərində xüsusilə dayanmaq istədiyim iki qəhrəman var. Əsərin əsas qəhrəmanından sonra bu iki qəhrəman əsərdə bəlkə də ən uğurlu tapıntıdır. Qəhrəmanın evini təmizləyən, yeməyini bişirən, qayğısına qalan, anasından daha doğma olan əsil zəhmətkeş qadın-Sevil xala əsərə fərqli bir kalorit qatır. Sevil xala özəlliklə də qəhrəmanla münasibətlərində çox səmimi bir Azərbaycan qadınıdır. İkinci ən çox diqqətçəkən obraz Tiqran adını Tahir adı ilə əvəz etmiş qəhrəmanın qonşusudur. Tahirlə (Tiqran) qəhrəmanın söhbəti, onun necə Azərbaycan vətəndaşı olması məqamı çox maraqlıdır. Müəllif bəlkədə düşünmədən Qafqazlıların bütün sahələrdə və bütün məqamlarda oxşarlığını Tahirin dilindən çatdırır.
"Dalğa" romanında müəllifin təcrübəsizliyi hiss olunsa da əsər oxucunu öz arxasınca çəkib aparmağı bacarır. Müəllifin yaratdığı poetik dil, qəhrəmanın duyğusallığı romanın kaloritini artırır. "...yuxuya gedə bilməyən dənizi fırça ilə, ucu dəniz kimi yaşımtıl-mavi rəngli fırça ilə kağız üzərində çəkmək istəyirəm".
This entire review has been hidden because of spoilers.
Svetlana Turanın Dalğa romanını oxuyub bitirdim. Əsəri çox bəyəndim. Dili sadə və axıcıdır. Onu vurğulamaq istəyirəm ki, kitabın yazarını görməsəm, qəhrəmanların adı Azərbaycan adları olmasa əsəri xarici ədəbiyyat sanardım. Svetlana xanımın dəsti-xətti mənə Alber Kamyünu xatırlatdı. Eyni baxış, eyni qısa və net cümlələr , konkretlik və eyni zamanda da dolğunluq.
***Əsərin baş qəhrəmanı tək böyümüş, atası tərəfindən atıldığını sanan , dənizi sevən fiziki qüsurlu bir oğlandır. Ünsiyyəti sevməyən, öz aləmində tək yaşayan, dərdini dənizlə bölüşən oğlanın anası ilə münasibətləri demək olar ki, məcburidir. Əri tərəfindən atılan qadın , özünü işə-gücə verib oğlunu unudan ana. Analığı ancaq pul ilə təmin etməkdə görən çox soyuq və quru bir vəkil xanım…Uşaqlıdan oğluna “atan bizi atıb gedib “- deyərək böyüdən, atası haqda mənfi fikir formalaşdıran bir ana əsər boyunca özündə səhv görmür. Özünü dəyişməyə çalışmır, oğlunu kobudluqla ittiham edir. Oğlunin iç səsini görən ancaq dənizdir bir də kitablar. Əsər gəncin öz diliylə nəql olunur.
Yazar xanıma uğurla arzulayıram.Stil və yazı üslubunu çox bəyəndim. Davamı gəlsin.Qələminizə sağlıq Svetlana xanım.🙏👍♥️📚
P.S. Bu həyatda ən çox diqqət veriləcək şəxs övladlarımızdır. Onların uşaq ikən yanlarında olmaq və özgüvən verməklə gələcək travmalarının qarşısını almaq mümkündür. Cəmiyyətdə özünə yer tapa bilən övlad yetişdirmək öz əlimizdədir. Bəzən həyat bizi istəmədiklərimizlə sınayır, bəzən istəmədiyimiz şeyləri yaşamağa məcbur edir.Amma hər nə qədər çətin də olsa anlamaq lazımdır ki, bizim uşaqlarımız bizim simamızdır. Və istəmədən ayıra bilmədiyimiz zaman onların beynində ilişib cücərir. Sevgi ilə sağalmayan heç bir yara yoxdur.O isə türklər demiş bedavadır. Sevgi ilə qalın 🙏
"Dartanyanlar" kitab klubunun növbəti müzakirəsi... Svetlana xanımla tanış olsam da, yaradıcılığı ilə taış deyildim... Hər ikisinə məmnun qaldım... Müzakirəmizdə müəllifin özü də buyurmuşdu... Xoş görüş oldu...
Romanın ən üstün cəhəti dilidir... düzü çoxdandır dilindən (söhbət öz dilmizdən gedir) həzz ala-ala kitab oxumamışdım... Bunun üçün ayrıca təşəkkür edirəm... Dil mənim üçün birinci baryerdir... oranı keçdikdən sonra digər prioritetlərin məndəki balı ikinci dərəcədə qalır... Odur ki, məncə bir yazıçı dildən məharətlə istifadə edə bilirsə, uğur ehtimalı artır...
Romanda biz adsız bir qəhrəmanın gözü ilə ana - oğul münasibətlərini oxuyuruq... Natamam qalmış iki insanın həyatını... İlk başlayanda obrazın dili mənə "dişi" gəlmişdi... onu oğlan olaraq təsəvvür edə bilmirdim... Bu bir qədər məni narahat eləsə də... get-gedə öyrəşdim... üstəlik bu dil personajlara görə forma dəyişdirməyə başladı... Xüsusi ilə ana ilə münasibətdə obrazın dili çevrilirdi "aslana"... obraz demək olar xoruzlanırdı... bu da bir maraqlı nüans idi... yerinə düşürdü...
Çoxlu altından xətlədiyim cümlələr oldu... yadda qaldılar... xüsusilə dalğalarla söhbət ən gözəl hissələrdən idi... İctimai mesajların dozası bəzən gözə batsa da, yazıçının özünün də dediyi kimi, bəlkə də gənclik həyəcanı bunu tələb edirdi...
Personaj atasız böyüyən, ataya küs eyni zamanda da anaya qəzəbli bir personajdır... böyüyüb, ali təhsilli bir yetkin olsa da, şəxsiyyət kimi formalaşa bilməyib... ananın kölgəsində qalıb... Romanda mənim üçün ən yadda qalan ana obrazı idi... maraqlı personaj idi... və Tiqran adını Tahir adına dəyişən erməni bakılı... sujettə bu xətt də olduqca maraqlı idi... yaddaqalanlardan biri idi...
Romanda həm də Az. Döv. Neft akademiyasında törədilən terror aktından fraqmentlər var... əsas süjet bunun üzərində qurulmasa da, obrazın inkişafında mühüm rol oynayır... Təəssüf ki, ölkəmizdə tarix yaşanır, amma yazılmır... bu bizim ən yaralı tərəfimizdir... Bu həmçinin yazarlar üçün də bir materialdır... amma hələlik ciddi bir addım atana rast gəlmək olmur... Bu baxımda, tarixə bir qeyd düşməyə cəsarət göstərdiyi üçün yazara ayrıca təşəkkür edirəm...
Sevindirici xəbər aldıq ki, yazıçı yeni roman üstündə işləyir... mütləq oxumağa davam edəcəyəm... yaradıcılığını izləyəcəyəm...