Hər birimizin nə vaxtsa 16 yaşımız olub. Nə vaxt ki, dünya yalnız ağ və qaradan, yaxşı və pisdən ibarətdir. Nə vaxt ki, düşünmüşük ki, ətrafımızdakı dünya bizi başa düşmür, böyüklər həddindən artıq riyakardır, hamı bizə başa düşmək üçün yox, cavab vermək üçün qulaq asır, ətrafımızdakı hərşey isə bütöv bir sünilikdən ibarətdir. Əgər düşünürsünüzsə ki, Sizdə belə olmayıb, deməli çox güman ki, Siz 16 yaşından çox uzaqlaşmısınız.
SPOILER ALERT! ƏSƏRİ OXUMAMISINIZSA VƏ SPOILER ALMAQ İSTƏMİRSİNİZSƏ YAZININ BUNDAN SONRAKI HİSSƏSİNİ OXUMAYIN!
Əsərdə hadisələr baş qəhrəmanın – Holden Kolfildin dilindən danışılır və onun məktəbi tərk etdiyindən sonrakı üç gün ərzində baş verənləri əks etdirir. Orijinal əsərin dili kobud ifadələr və jarqonlarla zəngindir. Holden çox özünə qapanıq gəncdir, onu əhatə edən insanlarla ünsiyyətə girmək çabaları da uğursuzluqla nəticələnir. Tanımadığı insanlardan (məsələn taksi sürücüsü) tutmuş yaxın dostlarına qədər, yaşlı insanlar (tarix müəllimi) və hətta uşaqlar (balaca bacısı) belə onu dinləmirlər. Dialoqlara nəzər yetirsək görərik ki, Holdenin köməyə ehtiyacı var, ətrafdakılar isə klişe cümlələrlə onu “haqq yoluna” çəkməyə, ağıl öyrətməyə çalışırlar. Əsəri oxuduqca görürük ki, Holden heç də məktəb müəllimlərinin düşündüyü qədər axmaq deyil. O, klassikləri oxumuşdur, dövrünün bir çox məşhur teatrları ilə yaxından tanışdır, yaxşı yazır və özünəməxsus düşüncə tərzinə məxsusdur. Holden bəzi məqamlarda kobud və davakardır, amma oxuduqca məlum olur ki, daxildə çox yumşaq qəlbli və hətta bəzən safdır.
Ümumilikdə, Holden nonkonformist (nonkonformist – yaşadığı cəmiyyətin davranış, əxlaqi və sair normalarına qarşı çıxan, əks idealara məxsus şəxs) gənc kimi göstərilmişdir amma, o cəmiyyətə qarşı mövqeyində hələ tam qərarlaşmamışdır, daxilində çox təzadlıdır. Yəni, kinoya baxmaq üçün səhər evdən çıxıb uzun növbələrdə yığışan insanları qınayır, sonra isə vaxtını öldürmək üçün kinoya gedir. Onun cəmiyyətə qarşı üsyanı yalnız sözdədir, nəsə eləməyə gələndə isə, o sadəcə heçnə etmir. Məsələn, bütün əsər boyu Ceynə zəng etmək istəyir, amma edə bilmir. Gecə oteldə qadına 10 dollar verməli olur, səhər isə rahibələrə 10 dollar ianə edərək, şüuraltı da olsa, balans yaratmağa çalışır.
Holden varlı ailədə böyümüş, bir neçə özəl məktəb dəyişmiş, üç gün ərzində böyük bir məbləğ pulu bahalı otellərə və içkiyə xərcləmiş bir gəncdir. Söhbət arası qeyd edir ki, “bahalı dəri çamadanlara üstünlük verir” və ya “tez-tez pulqabını və ya digər əşyalarını itirir”. Varlı ailədə böyüdüyündən və daha azimkanlı təbəqənin problemləri ilə uzaqdan tanış olduğundan, onun varlılara qarşı mövqeyi daha çox “varlı-kasıb” münasibətlərindəki sosial bərabərsizliyi tənqid xarakteri daşıyır. Bunu daha kəskin məktəb direktorunun riyakarlığını, varlı valideynlərə kasıb valideynlərdən daha fərqli münasibət bəsləməsini tənqid etdiyi hissədə hiss etmək mümkündür. Birgə teatra getdiyi rəfiqəsinin foyedə gördüyü uzaq dostu ilə yalnız varlı olduğundan uzun-uzadı mənasız söhbət etməsi, Holdeni rəfiqəsindən iyrəndirir. Beləliklə, o, varlı olmağı deyil, varlılara göstərilən lazımından artıq diqqəti, ayrıseçkiliyi tənqid edir. Tənqid atəşinə həm də görünüşünə və fiziki göstəricilərinə görə digərlərindən üstün olan insanlar da tuş gəlir, onların özündənrazılığı, üstünlüklərinə görə istədiklərini əldə etmələri və digərlərini əzmələri Holdeni hirsləndirir.
Böyüklər əsərdə daşlaşmış və maraqsız formada göstəriliblər. Holden böyüyüb atasına çevrilmək, bütün günü pul qazanıb, bridc və ya qolf oynamalı olmaq istəmir. Və ya, götürək taksi sürücüsünü, şablon gündəlik mövzulardan kənara çıxan bir sual onu tarazlıqdan çıxarır, düşündürür və cavab tapa bilmədiyini görə hirsləndirir. Kitabın sonuna qədər heç kəs Holdenin “parkdakı gölməçə donanda oradakı ördəklər hara gedir?” sualına cavab verə bilmir. Əsər boyu Holden ətrafındakıları, böyükləri başa düşməyə, onların qınına girmək üçün özünü böyüklər kimi aparmağa çalışır. Digər tərəfdən isə, onlar kimi ola bilməyəcəyini, özünü onlar kimi apara bilməyəcəyini anlayır. Holden gələcəyi barədə düşünmək, böyüyüb ətrafındakı böyüklərdən birinə çevrilmək istəmir. Bu səbəbdən də, çovdar tarlasında uşaqları uçurumdan qoruyan şəxs olmaq peşəsini seçir. Bu uçurum uşaqlar ilə böyüklərin dünyasını ayırır. Holden özü o biri tərəfə keçmək istəmir, həm də uşaqları o uçuruma düşməkdən qoruyur.
Ümumilikdə əsər bir gəncin cəmiyyətini başa düşmək, öz yerini tapmaq cəhdlərini əks etdirir, yaşadığı mühit ilə uyğunlaşmayan insanın faciəsini təqdim edir. Amma ən sonda əsər bizə heç də o qədər də qəmli gəlmir, çünki baş qəhrəmanın həyatının bu mərhələsini, çox güman ki, sağ-salamat atlayacağından əminik.
P.S. Əsəri ilk dəfə oxuyanda 19 yaşım var idi. O zaman bu əsər məni nisbətən daha çox həyəcanlandırmışdı. O vaxt məni də cəmiyyətimizdəki sünilik, görüntü xatirinə edilən hər şey qıcıqlandırır, narahat edirdi. İndi qeyd etdiyim məsələləri daha sakit qarşılamağa çalışıram. Ona görə yox ki, mən də süniliyin bir hissəsi oldum. Sadəcə ona görə ki, cəmiyyətə, sistemə qarşı getmək çətindir və bu heç vaxt daxili sakitlik, xoşbəxtlik bəxş etmir. Sünilik, riyakarlıq və sair faktorlar həmişə cəmiyyətdə olub və olacaq. Elə bu səbəbdən də, bu kitab aktual olub, aktualdır və gələcəkdə də olacaq.