İvon Botto 1928-ci ildə Monako knyazlığında anadan olmuşdur. Fransızdır. 1945-ci ildən Azərbaycanda yaşayır. On yeddi yaşında-İkinci Dünya Müharibəsi qurtarandan sonra Fransada almanlara qarşı vuruşan aəzrbaycanlı bir əsgərlə ailə qurmuş, onunla birlikdə "dünyanın ən gözəl və azad ölkəsinə" -SSRİ-yə yaşamağa gəlmişdir. Sevimli ərinin ölümündən sonra bir uşaqla dul qalan gənc qadın öz vətəninə qayıtmağa çalışsa da, sovetlər ölkəsinin diktatura rejimi ona ölkədən çıxmağa icazə vermir. 1991-ci ildə- yetmiş dörd il hökmran olan kommunist rejimi dağılandan sonra düşdüyü "hörümçək toru"ndan çıxdığına sevinən İvon ümidlə yenidən öz vətəninə qayıtmağa can atır. Lakin bu dəfə ona öz doğma ölkəsinin dövlət məmurları və Fransa "demokratiyasının bürokratiyası" mane olur...
...İvon Botto öz vətəninə ancaq 2011-ci ildə - altmış altı illik ayrılıqdan sonra qayıda bilir. Fransada əsl ulduz kimi qarşılanan bu qadının qəribə və keşməkeşli taleyi ölkə mediasında geniş şəkildə şərh olunur.
Şahin Ərşad oğlu Əliyev 1965-ci ildə Laçın rayonunda anadan olub. Bakıda Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirib, sonra isə Tiflis Kino Akademiyasını bitirib.
1990-cı ildə Sankt-Peterburqa "Lenfilm"də işləməyə dəvət alıb və bir film çəkibdir, lakin filmin nümayişinə icazə verilməyərək qadağa qoyulub.
1995-ci ildən Fransada yaşayan Şahin Sinarianın fransız dilində bir neçə kitabı dərc olunub. 10-dək əsəri teatrlarda səhnələşdirilib.
2005-ci ildə pyeslərinə görə Avropa ssenaristləri müsabiqəsinin qalibi olub. Azərbaycan yazıçılarından Cəlil Məmmədquluzadənin, Elçin Əfəndiyevin, Ramiz Rövşənnin, Rəşad Məcidin kitablarını fransız dilinə tərcümə etmiş. Fransada Ayaz Salayevin, Bəxtiyar Xanızadənin, Mehriban Zəkinin gecələrini təşkil etmiş, Fransada Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun, ədəbiyyatının təbliğində çox böyük işlər görmüşdür.
Şahin Sinaria aktyor kimi fəaliyyət göstərməsə də öz əsərlərini bir çox teatrlarda səhnələşdirmişdir. Hal-hazırda Paris Eksperimental Teatrında çalışır.
Kitabı 3 günə bitirdim. Daha tez də bitirə bilərdim amma hər dəfə ən təsirli yerinə çatanda kitabı bağlayıb bir müddət boşluğa baxırdım, həqiqətən çox kədərlənirdim.
Kitabda bir qadının həyatının necə məhv edildiyini görürük əvvəl atası, sonra sevdiyi insan, daha sonra isə SSRİ, cəmiyyət… hamısı birləşib onun taleyini dəyişir.
İvon xanımın həyatı məni çox təsirləndirdi. Çox güclü qadın idi. Ömrünün sonunda ən böyük arzusu, doğulduğu Fransaya getməsi və ailəsinin qəbirlərini ziyarət etməsi, mənə həm kədər həm də sevinc hissini eyni anda yaşadırdı.
Məni ən çox əsəbiləşdirən isə Şəmməd oldu. O, hər şeyi bilə-bilə İvonu hara gətirdiyini açıq demir. Atası Jan Botto da az rol oynamır, uşaqlıqdan ona kommunist rejimini o qədər aşılayır ki, İvon anasının sözünü dinləmir və Şəmmədlə birlikdə Fransadan İmişliyə gəlir.
Kitab boyu düşünürdüm ki, kaş qaça biləydilər… ya da dostları Ayaz kimi Fransada qalardılar. Bəlkə hər şey başqa cür olardı.
Şəmmədin ölüm səhnəsi də çox təsirli idi. İvonun son ümidlərindən biri idi — Bakıya köçüb daha yaxşı həyat qurmaq istəyirdilər… alınmadı.
Bütün bu çətinliklərə baxmayaraq, İvon xanımın hər zaman iki millətə aid olduğunu deməsi məni ən təsirləndirən məqamlardan biri idi.