"Eğer biri bana, 'Doğru yola yanlış kişiyle çıkmak mı yoksa yanlış yola doğru kişiyle çıkmak daha az riskli' diye soracak olsaydı, sanırım ben yanlış yola yanlış kişilerle çıkmanın daha az riskli olduğunu söylerdim. Ne tür bir belanın içinde olduğunun farkında olmak her şeyden daha güvenli. Timsahla dolu bir nehirden geçmek gibi. Timsahlar oradalar ama sanki aramızda gizli bir anlaşma varmışçasına, ses çıkarmadan geçişinizi izliyorlar."
Son yılların en korkunç trajedilerinin yaşandığı Suriye savaşına yakından bakan bir roman. Ateş altındaki insanların hikayelerini, korkuyla cesareti, hüzünle coşkuyu aynı anda hissederek bir solukta okuyacaksınız.
Bu yazı sadəcə kitaba şərh olmayacaq, bir az da kitabla əlaqəli öz hisslərimdən və fikirlərimdən bəhs edəcəm.
Kitab rəflərini gəzərkən əsərin adı gözümə ilişdi, əlimə alıb, barmaqlarımı gəzdirdim. Sanki kitabla ilk anlarda aramızda bağ yaranmışdı. Və mövzusuna baxmadan almaq istədim. Daha sonra az da olsa mövzusuna baxdıqda, təəccübləndim..
Kitabın mövzusu - qəhrəmanımız jurnalist olaraq Suriyaya gedir və Suriya muharibəsini daxildən bizə göstərməyə çalışır. Mövzusunu anladıqda cəlb olunmuşdum, çünki daha əvvəl Suriya müharibəsi ilə əlaqəli bir şey oxumamışdım. Sahəm siyasətlə çox bağlıdır deyə, bu haqqda yazılar oxumuş və müəllimlərdən eşitmişdim. Kitab oxumaq isə..
Məsələ o idi ki, kitab bir həqiqətə arxasını vermişdi. Gözümüzü yumub, qulaqlarımızı bağlayıb həqiqətləri şillə kimi əsərin qəhrəmanına və bizə vurmağıydı, məsələ. Kitabı oxuduqca anladığım şey o idi ki, necə də kor-koranə həyatıma davam edirəm. Dünyada nələr baş verir, insanlar, uşaqlar ölür. Və mən sadəcə gündəlik həyatıma davam edir, hətta utanmadan bəzən “böyük” zənn etdiyim problemlərimi həll etmək üçün savaş verirəm. İnsanlar orda canlar üçün, aclıqları üçün, yaşamları üçün öləsiyə mübarizə apararkən, mən burdayam.
Kitabda bəzi hadisələr baş verərkən, bir ölüm, bir eşq, bir dostluq və daha nələr. Bu zaman ümidlə sonunun müsbətliyini gözləyirsən. Axı əlində tutduğun vərəqlər toplusu olan kitabdır, bir insan tərəfindən yazılıb. Hamımız xoşbəxt sonluqları həsrətlə gözləmərikmi? Fəqət bu kitabda bu olmur. Sonluq yoxdur heç. Mənə təsir edən tərəflərdən idi bu, ümidlə gözlədiyim şey bir kitab sonluğu ola bilərdi. Amma mənim əlimdə tutduğum həyati reallıqların əks olunduğu canlar idi. Həyat bu idi.. həmişə qazanmayacaqdıq ki, həmişə axtarılan tapılmaycaqdı ki və ya hər ayrılıq, gözəlliyə bağlanmayacaqdı ki. Ən önəmlisi hər son, son olmayacaqdı ki. Biz kitabın yazdığını yaşamırdıq, həyatlarımızın kitaba çevrildiyi anları yaşayırdıq.
Yazıçı əsəri gözəl üslubda yazıb, amma tövsiyə edərəm öz ana dilində oxuyasınız. Çox istərdim, yazıçı qəhrəmanımızın sirrli keçmişinə də işıq tutsun.
Biz çoxlu müharibələr eşitmişik, oxumuşuq, hətta görmüşük. Müharibə necə olur? Müharibələr, əsasən, 2 və ya daha çox dövlətlər arasında baş verir. Bizim bu oxuduğumuz müharibə vətəndaş müharibəsidir, bəli. Suriya vətəndaşları sistemə qarşı mübarizə aparır. Susmurlar, haqq və hüquqları, görüşləri, dinləri, azadlıqları üçün savaşırlar. İnsan bir düşünür.. mən susurammı deyə..
“Bəs onların günahları nə idi? Azadlıq istəməkmi? Bəlkə də, dünyanın ən böyük günahı buydu və bu suçun cəzası da bombalarla qovrulmaq idi.”
Həqiqətən sizcə susuruq? Məncə, hə. Dünyadan bixəbər həyatlarımıza normal şəkildə davam edirik. Hal-hazırda bəlkə Suriya müharibəsi 10 il əvvəl olan kimi şiddətli deyil. Amma ona bənzəyən müharibə yoxdurmu?
Fələstinlilərin hər gün, hər saat, hər an yaşadığı vəhşicəsinə tapdalanmaya, öldürülməyə susmuruqmu? Gözümüzü bağlayıb, mənə olmur ki ya da mənim sevdiklərimə olmur ki deməklə vəziyyəti normallaşdırmırıqmı. Orda hər biri ümidlə gözləyərkən, biz fikrimizi başqa şeylərə yönəltmirikmi?
Axı nə edirik? Nə cavab verəcəyik?
İndi bu kitabı oxumaq istəyirsinizmi? Yoxsa buna da gözlərinizi yumacaqsınız?
“Əslində, burada baş verənlərlə insanların nə qədər maraqlandıqlarını da heç bilmirəm.”
Kitabdan əlavə də müharibə ilə əlaqəli videolara, məqalələrə, yazılara baxmanızı tövsiyə edərəm. Çünki kitabda əks olunmayan, daha nə qədər vəhşiliklər baş verib və verəcək.. Bizə bu həqiqətləri yaxından hiss etdirdiyi üçün yazıçıya dərin təşəkkürümü bildirirəm..