⚡️Hər nə qədər yuxular klişe mövzu olsa da, bu barədə əsəri Aqualuzanın qələmindən oxumaq ayrı zövq və tam verdi… Aqualuzadan oxuduğum üçüncü əsərdir. Burada da yazıçı öz təsəvvürlərinin rəngarəng dünyasını, ölkəsinin qızmar günəşini, hərarətimizi alacaq sərin duzlu dənizini, mistik aurasını bizdən əsirgəməmiş, oxucunu o aləmə elə göndərmişdir ki, sanki xəyalən yox, həqiqətən oradayıq…
⚡️Aqualuzanın qələmində sevdiyim xüsusiyyətlərdən biri də odur ki, o həm də oxucunu öz kitabları arasında da gəzdirir. “İstəksiz yuxugörənlər cəmiyyəti”nin baş obrazı olan jurnalist Daniel Benşimolla “Kaş unudaydım” əsərinin axırlarında qarşılaşa bilərik. “Keçmiş satan adam”ın əsas təhkiyəçisi olan gekkonu “İstəksiz yuxugörənlər cəmiyyətində” də kiçik bir abzasda görə bilərik. Sanki yazıçı deyir ki, dünya balacadır, bir kitabın xırda nüansı, digər əsərin baş qəhrəmanıdır.
⚡️ Yazıçıda bəyəndiklərimdən biri də ad seçimidir. Hər üç əsərində istər insan, istər heyvan olsun, adlar canlıların xarakterlərinə, obrazlarına çox uyğundur. Bir növ Aqualuza “Dədə Qorqud”luq edib…
⚡️”İstəksiz yuxugörənlər cəmiyyəti”nin üç əsas üzvü var: Daniel, Hossi, Moyra. Daniel Benşimol jurnalistdir, yuxularında bəzən tanımadığı insanların bütün həyatını, bəzən qarşılaşacağı insanları öncədən görür, bəzən də məşhurlardan müsahibə alır. Hossi özünün dediyinə görə iki dəfə ölüb-dirilmişdir, o, yata bilmir, bu zamanlarda qonşuluqda olan insanların yuxularına əksərən bənövşəyi paltoda, aradabir qarğa cildində girir. Moyra rəssamdır, gördüyü yuxularını rəsm edir… Və ən önəmlisi, bu insanların yolu, daha doğrusu, Danielin bu “yuxulu”larla yolu kəsişir.
⚡️ Əsərdə siyasi mövzular da vardır ki, demək olar, yazıçının hər üç kitabında qarşılaşmışam. Siyasətdən anlamadığım üçün əsərdəki bununla bağlı gedişatlar haqqında rəy bildirməyim (onsuz da, bildirə də bilmərəm) doğru olmaz.
⚡️Kitab, həqiqətən də, rəngarəndir. Aqualuza rənglərdən bolluca istifadə etmiş, onların boşuna olmadığını, nəyi təsvir edirsə, obyektin mənalılığını artırmışdır. Məsələn, Danielin qaldığı bunqalo, təbiətdən sevdiyi parçalar, istifadə etdiyi əşyalar əksərən mavidir. Mavi sakitlik, hüzur, durğunluq deməkdir. Ki, Danielin daxili təbiəti də elə bu cürdür. Əsərdəki rənglərlə bağlı Lamiyə Blue-Fox daha yaxşı təhlil vermişdir😍
⚡️ İstərdim ki, Aqualuzanın təkcə bu kitabı ilə deyil, digər kitabları ilə tanış ola, onun dünyasına səyahət edəsiniz. Yaxşı ki, bu işi – həm müasir, həm dünya, həm də maraqlı ədəbiyyatın Azərbaycan dilinə tərcümə kitablarının çapı ilə məşğul olan, kitablarının seçimi ilə fərqlənən “Strauss” nəşriyyatı var və məni ədəbiyyata daha da yaxın edir😇
🌊 “…Çox əşyaya sahib olmaq insanın enerjisini aparır. Sahib olduqlarımıza nəzarət etmək ruhumuzu yeyib-bitirir, aşındırır, korlayır. Ən yaxşısı, nəyin varsa, ondan zövq almağı bacarmaqdır. Mən yelkənli qayığa sahib olmaq istəmirəm, səyahət etmək istəyirəm. Mən val istəmirəm, mahnı istəyirəm. Başa düşürsən?..”
🌊 “…Bəzən yuxuma boş misralar girirdi…”
🌊 “…Bütün yuxular qorxuludur, çünki məhrəmdir. Yuxular bizim böyük məhrəmimizdir. Yaxınlıq isə qorxuludur…”
🌊 “…Elədiklərini qəbul etmirəm. Bu cür hərəkətlərinə nifrət edirəm. Amma yenə də onu sevməyə bilmirəm. Uzun illər onunla danışmırdım. Görmək belə istəmirdim. Çox məyus idim. Sonra yoldaşım mənə yol göstərdi. Yeganə yol isə bağışlamaqdır…”