XX əsrin əvvəllərində İrandan neft bumu yaşanan Bakıya iş üçün gələn və özünə, ailəsinə bir gün ağlamağı bacaran Əli kişi və ailəsi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 30-cu illərin sonlarında Stalinin qədsar deportasiya siyasəti ilə üz-üzə qalır. Ölkədə olan xarici vətəndaşlar (o cümlədən iranlılar) ya sovet vətəndaşlığını qəbul etməli, ya da öz ölkələrinə qayıtmalıdırlar. Sürgün və represiyadan qorxanlar, Əlinin ailəsi də həmçinin, öz ölkələrinə, yəni İrana qayıdırlar, çünki onlar sürgün və ya repressiya qurbanı olmaqdan qorxurlar.
Ata yurdu olan İrana qayıtmağı seçən Əlinin ailəsi gələcəkdə hələ çox başlarına gələcək olan köçlərin ikincisini yaşayırlar. Ardıyca da əlbəttə, növbəti məşəqqətlər gəlir.
Romanın həm dili, həm hadisələrin maraqlı gedişatı, ən əsası isə zaman və məkanın ustaca dəyişməsi, oxucunu gah uzaq, gah yaxın keçmişə, gah da müasir dövrə səyahət etdirməsi romanın irihəcimli olmasını bizə tamamilə unutdurur.
Daimi yaşayış yeri olmayan, ya da olmasına macal tapmayan, icazə verilməyən insanların psixologiyası, əsli Şərqdən olub özü Qərbdə yaşayan, Qərb təhsili alan, Qərbdə, amma Şərq kodlarıyla böyüyən gəncin duyğuları əsərdə yaxşı verilib.
Bundan başqa romanda həm də tarixi baxımdan dəyərli təsvirlər var. 30-cu illərin təzə sovet hakimiyyəti qurulan, türklərin, iranlıların, yəhudilərin, rusların və digər millətlərin birgə yaşadığı, inkişaf etməkdə olan Bakısı; 70-80- ci illərdə yenə multikultural, incəsənətin, memarlığın inkişaf etdiyi, subkulturaların savaşdığı sovet Bakısı; 2000-lərin tikinti bumu yaşanan tıxaclı, toz-torpaqlı Bakı...
İranda kiçik türk kəndi, sonra böyük və qədim Təbrizin və Tehranın əsrin əvvəlləri, ortası, sonra da 2000-lərdə olan təsviri.
Bütün bu zaman kəsimlərində baş verən ictimai-siyasi hadisələr, gənclərin bu hadisələrdə iştirakı.
Çoxları romanın sonundan narazıdı, qeyd edirlər ki, sanki tələskənlik var. Lakin əsla belə düşünmürəm. Məncə Rüstəm bilirdi ki alzheimer xəstəsidi və getdikcə yaddaşını itirir, buna görə də gündəlik bu cür yazılıb. Bəlkə də, müəllif özü də bilmədən Rüstəmə tabe olub və onun gündəliyini məhz Rüstəm necə yazardısa elə də yazıb.
Düşünmədən deyirəm ki, Əli Əkbər, sizin yeni romanlarınızı səbirsizliklə gözləyirəm!