Dilqəm Əhmədin qələmindən oxuduğum sayca ikinci kitabı. Bundan öncə oxuduğum Mühacirlərin Dönüşü kitabı da çox maraqlı idi. O kitabl oxdudqdan sonra da, yazıçı haqqında maraqlanmaq açığı ağlıma da gəlməmişdi. Bir gün Facebook-da “Belə Belə İşlər” səhifəsində onun haqqında videoya baxdım və öyrəndim ki, bu onun mühacirət tarixi ilə bağlı, mühacirlərlə yeganə kitabı deyil.
Azərbaycan Cümhurriyyəti və Mühacirət dövrü ilə onsuz da yaxından maraqlanan biri olaraq (bu maraq son illərdə yaranıb, Xaləddin İbrahimlinin Azərbaycanın Mühacirət Tarixi kitabl ilə daha da güclənib), onun digər kitabları ilə də maraqlandım. Nəticədə “Bir ildən yuz ilə” və “Fərqlilər” kitablarını aldım.
Ümumiyyətlə, Cümhuriyyət yaranana qədərki dövrü (XIX əsrin sonları və XX əsrin əvvəlləri), Cümhurriyyət dönəmini və mühacirət tarixini oxuyarkən, bir Azərbaycanlı olaraq heyfslənməmək mümkün deyil. Dövrün bütün ziyalıları Cümhuriyyətin qurulmasında və idarəsində iştirak etmiş, millətin bəraətini öz şəxsi mənafelərindən üstün tutmuşlar. Belə bir cəmiyyətin bizim ana vətənimizdə yaradılması çox qürurverici bir haldır. Bolşeviklərin bu cümhuriyyəti devirərək, işğal etməsi, bunun da bilavasitə dövrün ziyalılarını, milliyyətçilərini mühacirətə getməyə vadar etməsi, qalanların repressiya zamanı təqib, həbs olunması və güllələnməsi isə məni və elə düşünürəm ki, Azərbaycanı, Ana Vətəni sevən hər bir şəxsi heyfsləndirir. Təsəvvür eləyin ki, o insanların qurduğu dövlət, drumadan təkmilləşməyə doğru gedən bir sistem, Sovetlər olmasaydı və indi də mövcud olsaydı, hansı nailiyyətlər əldə edə bilərdi. Təəssüf ki, bunu yalnız təsəvvür edə bilərik artıq...
Mən hər zaman özümü milliyətçi hesab etmişəm. Millətini sevən bir gənc kimi yetişdirilməyi bir imtiyaz kimi qəbul edirəm. Təəssüflər olsun ki, bu günkü gənclik, bütün hamsı yox, amma müşahidə etdiyim böyük əksəriyyət, istərsə sosial şəbəkələrdə, istərsə də küçələrdə etdikləri hərəkətlərlə onu göstərir ki bir çox insan millətin inkişafının vacibliyini tam anlamır. Niyə belə qənaətə gəlirəm? Çünki gənclərin maraqlandığı mövzular, boş vaxtlarını necə keçirmələri, nələrə fikir vermələri məni bu qənaətə gətirir. Amma ümidliyəm ki, bu vəziyyət düzələcək və daha yaxşı gənc bir nəsil yetişəcək. Gələck gənc nəslin əlində olmalıdır. Bu gənc nəsil bunu başa düşməli və bu gələcək üçün ən azından öz üzərində durmadan çalışmalı və bu minvalla özlərindən sonrakı nəsillərə milliyətçi dəyərləri miras qoymalıdır. Şəxsən mən, hər nə qədər də millətimi sevsəm də, milliyətçi olduğumu düşünsəm də, gözlə görünən bir şey edə bilməmişəm deyə düşünürəm. Bu günkü gəncliyin bir üzvü də mənəm deyə düşünür, mümkün qədər öz üzərimdə çalışıb başlanğıc olaraq öz ailəmə, və nəsib olarsa başqa insanlara da öz töhfəmi verməyi özümə borc bilirəm. Bu millətin nümayəndələri ən yüksək yerlərdə olmalıdır, öz savadları və bacarıqlarına görə. Bu millət buna layiqdir...
Yuxarıda da qeyd etdiyim kimi bu kitab da daxil olmaqla, o dövrlə bağlı oxuduğum bütün kitablar və məqalələr, zamanın aparıcı şəxslərinin necə millətpərvər, alicənab, hərtərəfli olduqlarını göstərir. Onların etdikləri, dedikləri, cümhuriyyətin yaranması və işğaldan sonra bərpası üçün çəkdikləri bütün əziyyətlər, onlara qibtə etmək üçün səbəblərdən yalnızca bəziləridir.
Dilqəm Əhmədin bunları araşdırması da mənim fikrimcə bu millətə verilən ən dəyərli hədiyyələrdən biridir. Hər bir azərbaycanlı öz tarixini bilməli, bu şəxsləri tanımalıdır. Bu kitab da digərləri kimi, mühacirlərin həyatından maraqlı faktları, arxivləri, keçdikləri əziyyətli yolu oxuculara çatdırır. Kitabda diqqətimi çəkən bəzi hissələri və bunlar barədə fikirlərimi də burada bölüşürəm:
Xəlil Bəy Xasməhəmməd: “Məktəb məsələsi kökündən, yəni yerli adət və din ehtiyaclarına cavab verəcək bir şəkildə həll edilmədikcə, bizim məktəblərdə təhsil ana dil olan türk-tatar dilində verilmədikcə...bunu israrla təkrar etməkdən heç vaxt çəkinməyəcəyəm.” 17 May 1909-cu il, Duma toplantısıda türk dilində təhsillə bağlı sərt çıxışlarında biri. Göründüyü kimi, zamanın savadsız mollalarının əksinə (hansı ki, millətin böyük əksəriyyəti onların təsiri altında idi), Xəlil bəy təhsilin vacibliyini durmadan vurğulayır.
1918-ci il noyabr ayının 29-da ünvanlanan xalqa müraciət: “Vətəndaşlar! Müharibə və inqilab zamanının fövqaladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurai-Millisi iqtizai-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə, Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan halına gələcəkdir. Bu məclisə azlıqda olan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümümi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək... Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb, bir vətənin övladlarıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər...”
Parlamantin açılış nitqində Rəsulzadə bu sözlərlə başlayır: “Səadət və hürriyyət istiqlaldır”
Qaraağazadə Həmdi bəy, Dadaş Həsənzadə və Rəhim bəy Vəkillinin (Azərbaycan istiqlal mücadiləsinin üç lideri) gizli komitənin tanınmış üzvlərinin bir qisminin Azərbaycanın xaricinə çıxması təklifinə qarşı fikirləri: “Mən xarici ölkəyə getdim, sen get, o biri də getsin, bəs bu bədbəxt və talesis günləri bu millətlə kim paylaşsın?” – Bəzən insan bezə bilər, irəli getmədiyini düşünə bilər, hər şeyi başda da vətəni və milləti bir kənara atıb, başqa diyarda özünə bir yol tutmağa qərar verə bilər. Bəlkə də bu yolla da millətinə necə isə köməyi dəyə bilər. Amma həqiqətən də, mən də gedim, o da getsin, bütün savadlı insanlar gedib öz perspektivini başqa yerdə axtarsın. Onda bəs bu millət? Bu millətin gələcəyi? İnkişafı? O necə olacaq?
Əli Azərtəkin vətənində Mircəfər Bağırovun öldürülməsindən sonra “Azərbaycan” dərgisində yazdığı “Bir edamdan alınacaq dərs” adlı yazısında ruslara qulluq edən həmyerlilərinə müraciət edir:
“Əgər insanlıqdan və düşünmək qabiliyyətinizdən bir parça qalıbsa, - ki, qalmış olduğunu düşünürük, - bütün bunlardan yurdunuzun faydasına bir dərs almaq lazım gəlməzmi? Elə bir dərs ki, rus nökərçiliyinin ən mükəmməl bir nümunəsinin, rejimin ən qatı tərəfdarı olanların ən nəhayətdə qazandıqlarının bir güllə olduğunu bütün çılpaqlığı ilə önünüzə sərir və bundan ibrət almanızı göləyir. Əcəba, aqibət belə olduqdan sonra mövcud şərtlər altında öz milli varlığınızı qorumaq və digərləri kimi yurd və millətinizin müstəqilliyi, əbədiliyi yolunda çalışaraq ən sonda alacağınız gülləni şirin bir şey kimi yeməniz daha yaxşı olmazmı? Heç olmasa, bu dünyadan xain damğası ilə köçməz, öz yurd və millətiniz eçen faydalı bir iş görmüş olarsınız. Necə olsa, sonu bir güllə deyilmi?” Əli Azərtəkinin bu yazısı, bir daha sübut edir ki, öz millətinə, öz vətəninə xainlik edən də, o zamankı bolşevik quldurluğuna qarşı mübarizə aparan da, sonda eyni tale ilə üzləşirdi. Amma mübarizə aparanlar indi də yaddaşlardadır, tarixin səhifələrində öz şanlı yerlərini tutublar. Bəs xainlər? Onların da əksəriyyətinin “şan”ı məlumdur.
Ürəyim kifayət qədər doludur. Səhiflərlə yazmaqla, günlərlə danışmaqla bitirə bilmərəm. Rəyimi Əmin Abid Gültəkinin iki misrası ilə bitirirəm:
“SƏN BİZİMSƏN, BİZİMSƏN DURDUQCA BƏDƏNDƏ CAN,
YAŞA – YAŞA ÇOX YAŞA, EY ŞANLI AZƏRBAYCAN!”