Qaraqandan oxuduğum, fikrimcə yazı üslubuna görə ən yaxşı kitabıdır. İdeya məsələsində tam əmin ola bilmirəm ki, hansı daha yaxşıdır - "Üç addım"trilogiyası, "Evakuasiya" yoxsa bu. Ümumi ölkə səviyyəsində son dönəm çıxan kitablara da nəzər yetirəndə, olduqca yaxşı və orijinal olduğunu deyə bilərəm. Hərçənd, tam olaraq əmin ola bilmirəm ki, bu Azərbaycan kitabıdırmı? Bu fikrə təkrar qayıdacam. Hələki müsbətlərdən danışmaq istəyirəm. Kitabın içində insanı, varlığımızı, dəyərlərimizi sorğulayan çox sayda atmacalar var və bəli, Qaraqan hər kitabında bu işin öhdəsindən layiqincə gələ bilir və bu kitab da istisna deyildi. Ayrıca ölkəmizin siyasi quruluşu, siyasi dəyərlərimiz, çatışmazlıqlar və ümumilikdə şərq-qərb konsepti çox gözəl təsvir edilmişdi və demək olar ki, hər başlıqda ən az bir dənə belə cümlə tapmaq olurdu ki, o cümlənin altında əzildiyimi, yox olduğumu və Qaraqanın yaratdığı "amerikan" obrazları qarşısında azərbaycanlı varlığımla, daha dəqiq "post-sovet məkanı"nda böyümüş biri olaraq utandığımı hiss edirdim. Buna görə təşəkkür edirəm (istehza), halbuki, Qaraqan bütün kitab boyu şirin yalanı acı həqiqətə dəyişməyin faydalarından yazırdı. Elə mövzu bundan açılmışkən, deyim ki, kitabın fəlsəfəsi çox yaxşı idi. Yalan-həqiqət tandemi gözəl işlənmişdi. Kitabın adı "Art və Xaos"-dur, ancaq mən bu kitabı "yalan və həqiqət" kimi xatırlayacam.
Kitabda işlənmiş sevgi mövzusu elə də güclü deyildi, ancaq məncə yetəri qədər idi və fikrimcə, Qaraqanın da məqsədi sevgi hekayəsi yazmaq deyildi. Ancaq hekayənin özü, qəhrəmanımız Eydenin keçirdiyi hisslər, qaldığı çıxılmaz durumlar lazımınca yaxşı idi və istənilən kimi ötürülə bilmişdi.
Gələk mənfilərə: Həddindən çox dibnot var idi (bilmirəm bunlar müəllifin əlavəsi idi, ya nəşriyyatın), ingiliscə saxlanılmış cümlələr əksərən yersiz idi, daha əsas yerlərdə verilsə, daha yaxşı olardı məncə. Ancaq bu kitabın məni ən çox incidən yeri deyildi, baxmayaraq ki, növbəti səsləndirəcəyim əsas iradım elə bununla da bağlıdır. Əsas iradım odur ki, çox sayda marka, yer adı var idi. Sanki müəllif sübut etməyə çalışırdı ki, o, Amerikada yaşayır - hansı ki, biz bunu bilirik onsuz da. Hər şey bir kənara, sanki müəllif çox bildiyini, hamımızdan çox bildiyini, çox gördüyünü üzümüzə-üzümüzə vurmağa çalışırdı. Bax, məni ən çox narahat edən şey bu idi.
Rəsmi hissəni bir kənara qoyub, sənli-mənli danışmaq istəyirəm. Əzizim Elxan, əzizim deyirəm, çünki sənin mahnılarınla olğunlaşmışam, sənin kitablarını oxumuşam, nəinki mən, bütöv bir nəsil və məncə bizim bütün bu səmimiyyətsiz cümlələri bir kənara qoyub ciddi-ciddi danışmağımızın vaxtıdır. Əminəm ki, bütün bu rəyləri şəxsən özün də oxuyursan. Çünki az-çox xasiyyətinə bələdəm. Aşılamaq istədiyin ideologiya müdhişdir. Bizi aparmaq istədiyin yer aydındır ki, indikindən daha qaranlıq deyil və inanıram ki, həqiqətən işıqlıdır. Sadəcə bir nüans var, səninlə birgə böyümüş və sənin necə böyüməsini istədiyin nəsil elə o formada da böyüyüb. Hətta ola bilər ki, indi səndən daha çoxunu bilir, hətta səndən daha çox sadiq qalıb ortaq ideyamıza. Bugün sahib olduğun həyat sənin seçimlərinlə, sənin beyninlə formalaşıbsa da (ki, haqqındır, necə istəyirsən yaşa - buna bir söz deyə bilmərəm), orada kiçicik bir pay da mənə məxsusdur. Sənin baxışınla baxsaq "Esmialda"da 5-10 baxış, "Epiloq"da 40-50 baxış, "Salam Allah"-da 100 və daha çox baxış,... iki konsert bileti,... "A", "Bir milyon dollarım olsaydı", "Mələk", "Evakuasiya", "1,2,3-cü addımlar" və bu "Art və Xaos", toplam 8 kitab və hərəsindən bir nüsxə (bəzilərindən iki də ola bilər, hədiyyə verdiklərim olub). Bizə belə yanaşma istəyirəm! Kütlərin kütləsi, səninlə yatmağı arzulayan qızlar, səninlə şəkil çəkdirmək üçün yırtınan beyinsizlər kimi xatırlanmayaq istəyirəm... Pis azərbaycanlılar, pis müsəlmanlar, pis fanatlar... İntrovertsən öz işindir. İnanmırsan, sərbəstsən, elə mən də inanmıram. Dünya vətəndaşı olmaq istəyirsən, buyur, nə qədər istəsən ol! Ancaq sənin istədiklərini istəməyən milyonlarla, milyardlarla insanlar var dünyada... Onların heç biri səndən daha az insan deyillər. Onların heç biri səndən daha az övlad, qardaş, ata, həyat yoldaşı deyillər. Ən əsası, onların heç birinin var olma səbəbi səninkindən az deyil. Eqo ayrı şeydir, səninki tamam ayrı şey. Ümid edirəm, səmimiyyətim incitmədi səni. Qayıdıram səmimiyyətsiz rəyimə:
Kitaba 4 bal verirəm (əslində 3.5 variantı olsa idi, elə bir şey verərdim), yaxşı, oxunaqlı kitabdır. Müəllif üzərində biraz da işləsə, daha yaxşı kitablar ərsəyə gətirə biləcək gücdədir. İdeya və fəlsəfəsi yaxşı idi. Ancaq hamı oxumalıdırmı? İstəyə bağlıdır.