Bir qadın gətirin gözünüzün qabağına... Gözəl, gənc, ağıllı, istedadlı, azad ruhlu bir qadın... Özünün şeir, musiqi, hətta şahmat məktəbi olan bir qadın...
ŞƏRQ QADINI...
Və o qadının nə az, nə çox – düz 900 il bundan əvvəl yaşadığını düşünün.
Biz çox qədimik, yoxsa o, daha müasirdir? Şərq dünyasının yaradıcı qadına, onun azadlığına, ictimai fəaliyyətinə münasibəti 900 il əvvəl necə idi, indi necədir?
Ümumiyyətlə, kimdir Məhsəti?
Sarayların bəzəyimi? Sultanların rəfiqəsimi? Yoxsa sadə camaatın, rəiyyətin dostumu? Bu günümüzə qədər gəlib çatmış o zərif və cəsarətli rübailərin misralarında hansı ruh gizlənir? Necə bir ruh?...
Bütün bu suallara Azərbaycanın ilk şair, ilk musiqiçi və ilk şahmatçı qadını olan Məhsəti Gəncəvidən bəhs edən bu əsərdə dolğun cavablar tapa biləcəksiniz.
Müasir Azərbaycan ədəbiyyatı təmsilçilərindən Cavidan xanımın Məhsəti romanını 3 gün ərzində rahatlıqla oxuyub bitirdim. Tariximizdə seçilən qələm sahibi qadının həyatından roman yazması təqdirə layiq addımdır. Məhsəti Gəncəvinin rübailərindən yola çıxaraq qurduğu süjet xəttində xüsusilə də yunan şairəsi Safodan istinadları oxumaq maraqlı idi.
Lakin, əsəri dili mənə olduqca sadə və yavan gəldi. Sətirlər arasında bol-bol arxaizmlər, hadisələrin 11-ci əsrdə baş verdiyini mənə xatırladan sözlər axtardı gözüm. Yazıçının yaradıcılığına nəzmlə başladığını nəzərə alsaq, məncə romanın dilini bir qədər dolğun işləyə bilərdi. Hadisələrin baş vermə ardıcıllığında qopuqluq var idi, hər şey olduqca tez olub bitirdi. Süjet xəttində gözüm Nizami Gəncəviyə aid izlər axtarsa da - eyni mühitdə olduqlarında görə istər-istəməz Nizamidən də oxumaq istəyirdim - görə bilmədim təəssüf. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Məhsətiyə göndərmə var, ondan istifadə edib maraqlı epizod yarada bilərdi, yaxud Gəncəvinin özünü də əsərin kiçik personajlarından biri edə bilərdi.
Əsərin personajlarına gəldikdə, yazıçının Məhsəti obrazına yanaşmasını bəyənmədim. Həm ədəbi məclis quracaq qədər istedadlı və iradəli və sultan əmanəti olduğunu iddia edəcək qədər güclü olan bir xanımın 3 kişinin arasında eşq götür-qoyları etməsi personajın özünün özünü inkarı idi sanki. Ümumiyyətlə, bir qadın bədənini, ürəyini, ağlını necə ayrı-ayrı kişilər arasında bölüşdürüb hansında əsl eşqi tapdığında qərarsız qalarki? Mənə qeyri-müəyyən qalan yanaşmadır. "Məhsəti və Əmir Əhməd" dastanı əsasında onun Əmir Əhmədə olan sevgisini oxumağı gözləmişdim. Sanki qarşısına çıxan hər zəhmli kişidən eşq gözləyən zəif qadına bürünmüşdü yazıçının Məhsətisi. Əsrar personajının eşqini də dolu-dolu oxumaq, duymaq istəyirdim. Bəzi dialoqlarda məna yükü çox olsa da, nəsrdə onun yansıdılması cəhətdən zəiflik var idi.
Əsərin 1 il ərzində yazıldığını nəzərə alsaq, ümumilikdə pis nəticə deyil. Amma kaş ki, yazıçı biraz daha üstündə işləyib daha dolğun bir Məhsəti yaradardı, əminəm ki, öhdəsindən gəlmək gücündə bir qələm sahibidir.
Məhsəti Gəncəvinin əsas obraz olduğu bir roman yazmaq cəsarət tələb edir. Haqqında çox az şey bildiyimiz şairimizi romanda canlandırmaq, rübailərinin hansı ilhamdan yarandığını göstərməyə çalışmaq olduqca maraqlı fikirdir və bu çətin işin öhdəsindən gəlmək xüsusi məsuliyyət tələb edir. Bu baxımdan müəllifi təbrik edirəm.
Lakin “Məhsəti” romanı mətn olaraq ürəyimdən tikan çıxarmadı. Hadisələrin XI əsrdə baş verməsinə baxmayaraq, dialoqlar çox müasir səslənir, müəllifin üslubunda, təqribən, min illik fərqi hiss etmək olmur. Bundan başqa Məhsəti şəxsiyyətinin yetişməsi, adi bir qız uşağının şərq ədəbiyyatına yön verən şairə çevrilməsi prosesi çox da dərin qatlarıyla göstərilməyib.
Bütün hallarda romanın sujeti maraq doğurur. Əsərin dili oxucuya gözlənilən zövqü bəxş etməsə də, hadisələrin gedişatı məntiqi bütövlüyünü qoruyur.
Müəllifə təşəkkür edir, yaradıcılığında uğurlar arzulayıram.