Kitabda Azərbaycanın və bütünlükdə türk dünyasının böyük fikir adamı Əhməd Ağaoğlunun (1869-1939) mürəkkəb, keşməkeşli ömür yolunun iki fərqli dövrünü əks etdirən xatirələri toplanıb. Sona çatdırılmamış “Altmış yeddi il sonra” əsəri müəllifin Qarabağda, Şuşada keçən uşaqlıq və ilk gənclik illərindən, Tiflis, Peterburq və Parisdəki tələbəlik həyatından bəhs edir. “Sərbəst Firqə xatirələri” adlı siyasi memuarlarında isə Əhməd Ağaoğlu Atatürkün istəyi ilə qurucuları sırasında yer aldığı, 1930-cu illər Türkiyəsinin dövlətçilik həyatına demokratiya, siyasi plüralizm və çoxpartiyalılıq gətirmək məqsədinə xidmət edən Sərbəst Cümhuriyyət Firqəsinin yaranması tarixinə və fəaliyyətinə işıq salır. Kitabda toplanan əsərlər tariximizin bir çox səhifələrinin öyrənilməsi üçün qiymətli mənbədir.
Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) – ictimai xadim, jurnalist, pedaqoq və yazıçı.
Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən Zeynalabdin bəy Rəfibəyovun bacısıdır.
1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.
1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.
5 il oxuduğum ADA Universitetinin və məşhur Tofiq Bəhramov stadionunun yerləşdiyi sevimli küçənin adını daşıdığı Əhməd bəy Ağaoğlu... Kim idi bu şəxs? Adını hər zaman haralardasa eşidib, görüb, lakin haqqında demək olar ki, heç nə bilmədiyim Əhməd bəyin xatirələrindən ibarət kitabı görüb dərhal almağa qərar verdim. Görkəmli yazıçı, jurnalist, tarixçi, ictimai-siyasi xadim Əhməd bəyin xatirə kitabı iki əsas hissəyə ayrılır. Birinci hissədə Şuşada keçən uşaqlıq xatirələri və Tbilisi, Peterburqdan Parisə uzanan təhsil həyatı, ikinci hissədə isə Türkiyənin siyasi sferasında oynadığı əhəmiyyətli rol və bunla bağlı tarixi əhəmiyyətli memuarlarıyla qarşılaşırıq. Onu deyim ki, Əhməd bəyin uşaqlıq xatirələrini oxuduqca kövrəlir, doğma Qarabağı, Şuşanı Qarabağlı birinin dəsti-xəttindən oxuduğum üçün özümü çox fərqli hiss edirdim. Acı da olsa həqiqət bu idi ki, Azərbaycan xalqının 1870-80-90lardakı cəhaləti, qonşu ölkələrdən savad baxımından geri qalması hər kəsə məlum idi. Bu həqiqətə rəğmən, keşməkeşli yollarda təhsil dalıyca düşən Azərbaycanlı gənclərdən biri də Əhməd bəy Ağaoğlu olub. Onun 1908-ci ildə Azərbaycanı tərk etməsinə qədər ölkəmizin siyasi arenasında aktiv rolu olmuş, ermənilərin azərbaycanlılara qarşı törətdiyi haqsızlıqları işıqlandırmış və dünyaya çatdırmışdır. Təəssüf ki, həyatı boyu daim haqsızlıqlarla üzləşən Əhməd bəy Türkiyədə yaşadığı illərdə də ikiüzlü hökumət tərəfindən bir sıra incidici məqamlarla qarşılaşır. Bütün bunları oxuyub, bilmək düşünürəm ki, hər bir azərbaycanlı (türk) üçün maraqlı olardı. 📌Janr: Xatirə
A.Balayevin yazdığı bioqrafiya ilə paralel oxuyuram. Kitabdakı hər iki xatirə üslübca gözəldir.
“Altmış Yeddi İl Sonra”nın təzadları diqqətimi çəkir: mollaxanalar və rus məktəbləri, axundların abstrakt dini söhbətləri və inqilabçı oratorun nitqi, Tiflisdə, “Şeytanbazar”dakı yoxsul müsəlmanlar və xristian təbəqə, müsəlman və xristian qızların təhsili... Ona qurban verərək rusdilli təhsil verən anasının onun xristian qızla evlənməməsi tələbi, Ağaoğlunun ömrünün sonuna qədər tamlıq hiss etməyib gileylənməsi, yəqin ki, yalnız ona məxsus hal deyil: “Mən indi heç zaman tamlıq və bütünlük hissini duya bilmirəm. Və hər şeyə ala-yarımçıq vaqif olmaq nə böyük bir cəhənnəm əzabıdır! Avropa musiqisindən də, Şərq musiqisindən də xoşum gəlir. Eyni zamanda birincisini avropalı, ikincisini də bir şərqli kimi tam və bütün şəkildə qavraya bilmədiyimi hiss edirəm (42)”. Oxşar ədəbi texnika ilə Ağaoğlu despotu yaltağın, anarxist inqilabçını isə despotun yaratdığını deyir: “Bəli, Axund Hüseynqulular var ikən, Aleksandrlar olacaq. Aleksandrların olduğu yerdə isə mütləq Zasuliçlər tapılacaq (49)”.
“Sərbəst Firqə Xatirələri” Fəthi Okyar, Mustafa Kamal, İsmət Paşa və onlarla məbus, vəkil, qəzetçinin xarakterini açır. İzmirdəki Şekspirsayağı faciə (114) yazının məğzində dayanan və mənəviyyatı sorğulayan ən vacib məqamdır. Ağaoğlu məmləkətində ədalət hissinin formalaşmadığını deyir (135), onun olmayan hürriyətə sözdə don geyindirmək vərdişini qınayır: “Ah! Şərqin bu riyakarlığı… Sözlərin arxasında gizlənərək vahiməni mövcud, xəyalı gerçək kimi göstərməkdən çəkinməmək! (176)”. Xatirənin sonuna doğru bizə məlum olur ki, xüsusi bacarığa və təcrübəyə malik insan da səhv edə bilir; nəticədə, başlanmış prosesi dayandırmaq mümkün olmur və Fəthi bəyə xəyanət olunur (Makbet xanım demişkən: what is done, cannot be undone). Əhməd bəyin Londona səfir təyin olunan Fəthi bəyə məktubu (207) isə mətnin melanxolik epiloqudur.
Hər kəsin oxumağını düşünürəm və oxuduqca 100 il bundan öncə cəmiyyətdə olanlarla bu günün arasında ciddi bir fərq hiss olunmur. Normal müzakirə olduğu zaman fərqli fikirlərə qatı yanaşmaq , təhsilə diqqət , ədalat prinsipləri və s . Çox acıdır ki , bu problemlərdən çox uzağa gedə bilməmişik . Hətta bu kitabı oxuyarkən düşündüklərimdən biri bəlkə bizim Əhməd bəylərimizi çox olsa idi , tarixdə eyni bəlaları yaşayardıqmı ?