Əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. "Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.
Kamal Abdulla — Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri.
4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.
1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Müxtəlif ölkələrin universitetlərində ( Rusiya, Türkiyə, Polşa, Fransa, Almaniya, ABŞ) “ümumi dilçilik”, “mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparmışdır. Elmi və publisistik məqalələri Azərbaycanda və ondan kənarda mütəmadi çap olunur.
Dilçiliyə dair “Проблемы синтаксиса простого предложения в азербайджанском языке” (Баку, Элм, 1983) (“Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”), “Azərbaycan dili sintaksisin nəzəri problemləri” (Bakı, Maarif, 1999), “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”, “Azərbaycanda rus dili”, “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycanca danışaq” (Paris 2008 və Buxarest 2010) kimi kitabları var.
Ədəbiyyatşünaslıq və ədəbi tənqidə dair “Müəllif – əsər – oxucu” (Bakı, Yazıçı, 1985), “Əvvəl – axır yazılanlar” (Bakı, Yazıçı 1990), “Yolun əvvəli və axırı” (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993), “300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır.
Qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (1991), “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2” (Bakı, Elm, 1999), “Mifdən Yazıya – Gizli Dədə Qorqud” adlı kitablar yazıb nəşr etdirmişdir.
“Лекции в Бакинском славянском университете” (Баку, Мутарджим, 2003) (“Bakı Slavyan Universitetində mühazirələr”) adlı kitabı (akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat və poetika məsələlərinə həsr edilib.
“Русский язык в Азербайджане” (Баку, Мутарджим, 2005) (“Rus dili Azərbaycanda”) adlı kitabı (prof. İ.Həmidovla birlikdə) rus dilinin Azərbaycanda işlənmə tarixindən, müasir vəziyyətindən, perspektivlərindən bəhs edir.
ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri, Almaniya (Mayns Universiteti), Rusiya (Linqvistik Universitet, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti, Ege Universiteti...), Polşa (Varşava Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların təşkilatçısı və iştirakçısı olmuşdur.
200-dən çox məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.
Bədii yaradıcılıqla məşğul olur – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur.
Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunmuşdur: “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Casus” (Bakı, Mütərcim, 2004), “Ruh” (Ankara), “Все мои печали» (Ваку-Мутарджим-2009) və s.
O, “Gümüş dövrün sirləri” tərcümələr toplusunun müəllifidir (Bakı, Mütərcim, 2001). “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995) adlı pyeslər kitabında 5 pyesi toplanıb. “Ruh” (Bakı, Azərnəşr, 1997), “Все мои печали» (Ваку-Мутарджим-2009) pyeslər kitabında 7 pyesi çap olunub. Kitab Türkiyədə də “Ruh” adı ilə nəşr edilmişdir (Ankara, Basınevi, 2006).
Hacı Mir Həsən Ağa Səyyah inzivaya çəkilib “Sirlərin sərgüzəşti” adlı risalə yazır. Beyrəklə Banuçiçəyin, Təpəgözlə Basatın, odunçu Əhmədin, Sindbadın və digərlərin sirlərinə işıq tutur.