Ölüb-dirilmək ayini inanclar dünyasında mifin uğuru idi, qanunlar dövründə isə insanın çarəsizliyinə çevrildi. Azərbaycanda son ölüm hökmləri ilə edam olunan 13 məhbus həm mifin uğurunu yaşadı, həm də insanın çarəsizliyini. Çünki tarix öz payına düşən ölüm hökmünü ləvğ etsə də, taleyin ləvğ olunmamış ölümləri qüvvədə qalırdı.
Bu kitab ləvğ olunmamış ölüm hökmləri haqdadır...
Insan oğlu qəbilə-tayfa-millət-cəmiyyət yolçuluğundakı fərəhini yolboyu torpağın ilanın qurbağanı udduğu kimi, yavaş-yavaş, səssiz çığırışlarla udduğu adsız məzarlara borcludur – o məzarlarda FƏRD uyuyur!
Bu kitab o fərdlərin əhvalatını danışır...
Modern çağ bizə bədənin və ruhun bir-birindən eyni dünyada, eyni ölkədə, eyni şəhərdə, hətta eyni evdə ayrı yaşaya biləcəyini öyrətdi. Bu kitab çoxdan ayrı yaşamağa öyrəşmiş bədənlərin və ruhların kitabıdır...
Taleyini tarixə çevirən xalqlar tarixindən özünə tale düzəldən xalqları yendi; bir məğlubun içindən bir qalib çıxdı; bir ölü bir diri doğdu; bir tale bir tarixə çevrildi. O günlərin birində Azərbaycan yenidən doğulanlardan oldu: ölüsü-dirisi, kütləsi-fərdi, mömini- ateisti ilə bir gerçəkliyə çevrildi.
Bu kitab o gerçəkliyin kitabıdır...
Ölüb-dirilmək mifi qorxularından arındırırdı.
Bu kitab bizi də qorxularımızdan arındıran ölüb-dirilənlərimizin xatirəsinə ithafdır...
Aqşin Yenisey (1978, Cəlilabad,Azərbaycan) — Azərbaycanlı yazıçı, şair, publisist. Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının sədridir. Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib[3].
Dörd kitabın — "Unutmaq sözünün şəkli" (2000), "Sizin eradan əvvəl" (2005), "Cənnətdə terror aksiyası" (2010), "147 dənə sən" (2012), həmçinin "Göləqarğısancan" romanının və yüzdən artıq məqalənin müəllifidir.
Kitabları Unutmaq sözünün şəkli, Bakı: 2000. Sizin eradan əvvəl, Bakı: 2005. Cənnətdə terror aksiyası, Bakı: "Qanun" nəşriyyatı, 2009. Yüz qırx yeddi dənə sən, Bakı: 2013. Məbədin sükutu, Bakı: 2013.
Gözəl cümlələr, maraqlı təsvirlər və yersiz bənzətmələrlə doldurulmuş 398 (üç yüz doxsan səkkiz) səhifəlik cəfəngiyyat… Müəllifin özünə maraqlı və yəqin ki, qiymətli görünən ucuz ehkamlarla dolu esseyəbənzər maraqsız mətn... Heç bir iddianın mətndə həllini tapmadığı gərəksiz uzunçuluq...
Kitab əla başlamışdı, sevindim ki, qəşəng bir roman oxuyacağam, özü də yerli ədəbiyyatdan. Ancaq… heç nə… çox heyf!..