Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad rayonunda anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989-1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991-1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, “Telebenefis” və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997-1998). 168 saat qəzeti redaksiyasında redaktor (1998-2000), "Bizim əsr" qəzetində müxbir (2000-2002) işləmişdir.
Uşaq yaşlarından bədii yaradıcılığa həvəs göstərmişdir. İlk mətbu yazısı Azərbaycan pioneri qəzetində çıxmışdır (1981). Bundan sonra dövri mətbuatda və almanaxlarda hekayə, novella və məqalələrlə çıxış etmişdir.
“Duman” hekayə və novellalar, “Çuğullar” və Sankt-Peterburqda rus dilində dərc edilmiş “Mən məşuqam” romanlarının müəllifidir. Ədəbiyyat üzrə Prezident təqaüdçüsüdür. 2016-cı ildə Azərbaycanda keçirilən hekayə yarışmasına qatılıb, münsiflər heyətinin yekdil qərarına əsasən 400 nəfər arasından 1-ci yerə layiq görülüb. “Hamilə dəli” hekayəsi MDB ölkələri üzrə keçirilən “Sodrujestva” ədəbiyyat müsabiqəsində 2-ci yer tutub. Hekayə, novella və publisistik məqalələri Yaponiya, İran, Rusiya, Qazaxıstan, Ukrayna, Polşa, Çexiya və Macarıstanın ədəbi portallarında dərc edilib.
Xidmətlərinə görə "İlin debütant yazarı" diplomuna və bir sıra fəxri tərifnamələrə layiq görülmüşdür.
ANS-media və yayım şirkətində Xəbərçi və İç xəbər verilişlərinin aparıcısı olub. Hazırda AzTV-nin Ədəbi-dram üzrə baş redaktorudur.