Fikirlərimi yazmaq üçün ən başdan, əsərin mənşəyindən başlayacam. Xosrov və Şirin realda mövcud olmuş tarixi şəxsiyyətlərdir, onların eşqi başlarda xalq arasında yayılıb dildən-dilə keçərək əfsanələşmişdir, daha sonra kiçik parçalar şəklində - yəni, əfsanələşmiş hadisənin hansısa motivini nəzm şəklində işləyən şairlər, eləcə də, tarixi məlumat şəklində yazan tarixçilər olub. Şərq aləmində İran hökmdarı Xosrovun xüsusilə məşhur olmasının səbəblərindən biri də Məhəmməd Peyğəmbərin İslama dəvət məktubunu cırması ilə bağlıdır. Şirinin milliyətinə gəldikdə, bu barədə tarixi mənbələrdə çoxlu versiyalar var, rum deyəni də var, erməni də, sadəcə xristiyan olduğunu yazanlar da, bu barədə qəti fikir demək mümkün deyil.
Nizami Gəncəvi özü də əsərdə bildirdiyi kimi, yazmağa başlamadan öncə o dövrdə Bərdədə bu hekayə ilə bağlı xeyli araşdırma aparıb, tapdığı bütün əlyazmaları oxuyub. Xosrov və Şirini ilk dəfə divan ədəbiyyatına Firdovsi "Şahnamə" əsəri ilə qazandırıb, amma Firdovsinin yazdığı versiyada bu hekayəyə ötəri toxunulmuş, əsas Xosrovun hökmdarlığı mədh edilmişdir. Nizami buna göndərmə edərək, əsərin lap əvvəlindən Firdovsidən daha yaxşı yazacağını, bir eşq salnaməsi yaradacığı iddasını ortaya qoyur. Nizamini möhtəşəm edən cəhətlərdən biri də budur, əsəri iddiasını qarşılayır, Şərq ədəbiyyatına öz damğasını vurur.
Nizami obrazlarını elə yaradıb ki, həm onların mənfi xüsusiyyətlərini ortaya qoyur, bir növ onlarla söhbət edərək öz tövsiyələrini verir, həm də yaratdığı obrazın müsbət xüsusiyyətlərini də sadalayaraq, sanki dünyanın şəri və xeyri arasında qalan əsl insan sifəti yaratdığını demək istəyir. Nizaminin yazdığı deyimlərin, nəsihətlərin bu gün Azərbaycan xalqı arasında hələ də istifadə olunması xüsusi diqqətimi çəkdi. Sanki xəmirimiz Nizaminin Xəmsəsi ilə yoğrulub.
Nizaminin Şirini türk qadınıdır, şair onu türk olaraq yaradaraq sanki həyat yoldaşı Afaqın (qıpçaq türküdür) ruhunu ona üfləyib. Şirinin ölümünü də yazarkən öz həyat yoldaşının vaxtsız gedişini xatırlayır, oxuyarkən şairin ayrılıq sancılarını hiss edə bilirik, əsəri bu cəhətdən oxuyanda xüsusilə təsir edir. Şirini əsaləti, qüruru və gücü ilə o qədər gözəl yaradıb ki Nizami, heyran olmamaq əldə deyil. Şirin başıdik və gözəl qadındır, amma eşq yeri gələndə onun bu qürurunu sındıracaq gücdə olur, şairin özünün də dediyi kimi:
Eşqsiz bir adam bir neydir - qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Nizaminin Xosrov obrazı isə təkəbbürlü və zalım olan tipik şah obrazıdır. Xosrovun təkəbbürü gözünü o qədər bürüyüb ki, o nəinki öz ölkəsinin idarəçisi, hətta allahı olduğunu düşünür və dövlətini zülmkarlıqla idarə edir. Xosrovun Şirinə olan eşqi onu tərbiyələndirir, dəyişir, yenidən yaradır sanki. Nizaminin zülmkar insanı eşqlə yoğuraraq, eşqi ucaldır, əsərinin əsas qayəsi də budur: eşqin ucalığı.
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Fərhad obrazına gəldikdə isə, Fərhad dürüstlüyün, saflığın nişanəsidir. Mənə Məcnunu xatırlatdı, sanki Fərhad "Xosrov və Şirin" poemasından sonra işlədiyi "Leyli və Məcnun" poemasındakı Məcnun obrazının təməlidir. Fərhadı həm Xosrovla üzləşdirərək onun eşqinin nə qədər təmiz olduğunu müqayisə edir, həm də, eşqin saf və təkəbbürlü insanda qarşılaşdırmasını edərək, nəzərində tutduğu eşqin nə qədər gözəl olduğuna işarə edir.
Nizami Gəncəvi əsəri Atabəylər dövləti dövründə yazıb, Məhəmməd Cahan Pəhləvana ithaf edib, o qədər bəyənilib ki, şairə Həmdünyan kəndi bağışlanıb. Maraqlı olanlar üçün qeyd edim, həmin kənd hal-hazırda Goranboy rayonu ərazisində olan Həmənli kəndidir.
Son olaraq, Nizami Gəncəvinin yaratdığı Xosrov və Şirin nəinki Azərbaycan və İran ədəbiyyatına, o cümlədən bütün Şərq ədəbiyyatına (Osmanlı da daxil) dərindən təsir edib. Çünki ilk dəfə olaraq hisslər və ağılın ziddiyəti bu qədər usta şəkildə divan ədəbiyyatında öz əksini tapırdı, Nizamidən sonra heçkəsin onun qədər bu əsəri işləyə bilməməsi də bir sübutudur. Əsərə çoxlu nəzirələr yazılıb, daha sonra şairlər əsəri öz versiyalarında (Fərhadı ön plana çıxararaq, Şirini kəniz edərək və s.) dəfələrlə Nizamiyə göndərmələr edərək işləyiblər. Hətta, Nizaminin yazdığı versiya tərcümə edilərək Osmanlıya aparılmış, türk şairlər sultanlara əsəri başdan işləmək əvəzinə tərcüməni öz əlavələri ilə təqdim etmişdir. Məşhur türk tarixçisi Halil İnancıkın dediyi kimi, Azərbaycan İran ədəbiyyatından, Türkiyə isə Azərbaycan ədəbiyyatından - Nizami Gəncəvidən ilham almışdır.
Nizami o qədər savadlı insan olub ki, əsərdə Sokrat, Platon, Heraklit kimi alimlərin adları çəkilir, zərdüştlüyün qədim ənənələri təsvir edilir, hətta məşhur nəqqaş Maninin əsərlərinə göndərmələr edilir. Xosrov və Şirinin duyğularını musiqi ustaları - Barbəd və Nikisanın dilindən verməsi oxuduqca insanı sərxoş edir, əfsanəvi bir ədəbiyyat nümunəsidir! Tolstoy 19-cu əsrdə Kreutzer Sonatasının insan duyğularına təsirini təsvir edib hekayə yazmışdısa, Nizami hələ 12-ci əsrdə musiqinin insanın ən dərin duyğularını dilə gətirdiyini ustalıqla yazıb.
Nizami Gəncəvi sözləri inci kimi düzən söz ustadıdır, ədəbiyyatdan, şeirdən zövq almaq istəyən hər kəsin yolu mütləq ondan keçməlidir. Xoş mütaliələr!