Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, mühacirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular.
Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapısı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittihamlarla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qarşısına sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övladından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu.
Zərif qadın çiyinləri bu qədər ağır yükə tab gətirəcəkmi? Roman knyaz qızı Şükriyyənin – Əhməd Cavadın vəfalı yoldaşının zəmanəyə, onun iti caynaqlarına qarşı necə mübarizə aparmasından bəhs edir. Şükriyyənin öz sevgisinə sadiq qalması, qadınlıq vüqarını, izzətini qoruyub saxlaması yolunda göstərdiyi misilsiz fədakarlıqlar, çəkdiyi əziyyətlər insanı riqqətə gətirir. Bu əsər, eyni zamanda Əhməd Cavad və Şükriyyənin sevgi dastanıdır.
Yazıçı Ülviyyə Tahir bu dəfə də tarixi faktlar əsasında bir ALJİR qəhrəmanının həyatına işıq salır.
"Qapıdan içəri girib evin səssizliyinə qərq olana qədər o şikəst ümid özünü məndən qabaq axsaya-axsaya həyətə atmışdı. Həyəti, otaqları bir-birinə vurub, orada nə Cavadı, nə də ki keçmiş həyatımızı tapa bilməyib, bəlkə də, hansısa hörümçək torundan özünü asmışdı."
Öz gözəl metaforaları, ana dilimizdə təmiz və lətafətli söhbəti ilə yadda qalan yazıçıdır Ülviyyə Tahir. Bu il yenicə çapdan çıxmış, Əhməd Cavadla həyat yoldaşı Şükriyyənin taleyinə işıq tutan "Şükriyyə taleyim" də bu baxımdan istisna deyil.
Əhməd Cavadı bir sevgili, ər və ata kimi də görürük burda, azadlıq uğrunda yazdığı şeirlərlə, müharibə vaxtı gördüyü yardımlarla tanıyırıq onu. Şükriyyənin isə knyaz qızından repressiya qurbanı, seçimləri ilə yadda qalan mərd həyat yoldaşına kimi inkişafını görürük.
Yazıçı ilə birgə apardığımız müzakirəyə baxmaq və kitabı hədiyyə qazanmaq üçün videoya baxa bilərsiniz: https://youtu.be/StQb1BZJ5o4
Ülviyyə xanım nə qədər inkar etsə də, düşünürəm ki, onun janrı məhz tarixdir (bunu hardasa demişəm bir dəfə). Məhz bu janrda o özünü, qələminin məharətini tapıb. Bu romanı "Aljir"-dan "Şükriyyə taleyim"-ə gələn yolda yazdıqlarını saysaq, Ülviyyə xanımın ən mükəmməl, bəli, bəli, məhz mükəmməl əsərlərindən biridir. Bildirilən iradlar, tənqidlər, hətta təriflərdən BÖYÜK bir dərs çıxararaq müəllifimiz bizə əsl ədəbiyyat, öz təbirilə desək bir romançının istədiyi işi ortaya qoyub. Bunu Aljir çap olunanda da demişdim, Ülviyyə Tahir imzası müasir Azərbaycan Ədəbiyyatında Tarix janrının ən qabaqcıl imzalarındadır. Nöqsanlar, iradlar təbii ki, var! Lakin mövzu o qədər həssasdır ki, düşünürəm ki, onları bura yazmaq yersizdir. Çünki müəllif romanı işlədiyi zaman uzun-uzadı danışmışıq bu barədə və o bizim, oxucuların fikirlərini dəyərləndirib və ortaya bu əsəri çıxarıb (kobud səsləndi deyəsən). Sadəcə sizlərin oxuyub zövq almanız qalır.
Ülviyyə Tahirin"Şükriyyə Taleyim" romanı haqqında müzakirə 18 mart 2021-ci il, Novruz bayramı ərəfəsində yazıçı Ülviyyə Tahirin son tarixi romanı "Şükriyyə Taleyim" haqqında yazıçı Ceylan Mumoğlu ilə birlikdə müzakirəsinin instagramda canlı yayımı oldu. Həmin yayımın videoyazısını təqdim edirik. Qeyd: Roman Şanlı vətənin qəhrəman övladı Əhməd Cavadın həyat yoldaşı Şükriyyənin keçdiyi acılı-şirinli həyat yolundan bəhs edir.
Adətən yerli ədəbiyyat oxuyarkən təbqid etməyə bir şeylər axtarıram durmadan, amma bu əsərdə heç bir şey tapmadım. Mükəmməl, mükəmməl, yenə də mükəmməl. Hadisələrin başlaması, irəliləməsi, sonluq, dil-üslub, tarixilik və bədiilik... Hər şey ən incə detalalrına qədər düşünülüb yazılıb. Ülviyyə xanımı təbrik edirəm, Azərbaycan ədəbiyyatına belə istədadli insanlar lazımdır. Gözümüz kimi baxmalıyıq belə yazarlarımıza. Əhsən.
Yazarın yazı üslubunu çox bəyəndim. Çox qəliz bir tarixi elə axıcı və maraqlı bir formatda qələmə almağı bacarıb. Həqiqətən tarixi-bioqrafiya yazarı olaraq qələmini davam etdirməsini istəyərəm. Bir insan ömründən həm xatirələr, həm roman, həm tarix oxudum.
Aljir romanı ilə haqqında çox eşitdiyim yazarın hər 2 kitabını aldım. Birdən böyük uğurdan sonra zəif əsərlə üz-üzə qalaram deyə bu kitabı ilə başlamağı qərara aldım. Amma gözlədiyimdən çox müsbət mənada təəccübləndim.
Ədəbiyyatda, tarixdə bu şəxslərlə tanış olsam da sanki yad bir səhifə idilər mənə. Amma Ülviyyə Tahir sayəsində bir kitabla bu qədər doğmalaşdılar, bu qədər qürrələndim, nə çox şeyi bilmədiyimin bir daha fərqinə vardım. Keçmişimizin digər qaranlıq səhifələrinə də işıq tutsa yazar məmnuniyyətlə oxuyacam və səbrsizliklə digər kitablarla tanışlığa can atıram.
Represiyaya dair kitabı bitirməyimin Xocalı soyqırımı ilə üst-üstə düşməsi çox qəribə təsadüfdür.
Əhməd Cavada haqqında Xatirə Ədəbiyyatı seriyasındakı əsəri də oxumuşdum, lakin yenidən Cavada, Şükriyyəyə, onların sevgisinə, əzabına, zülümlərinə, ayrılıqlarına və işgəncələrinə yenidən qayıtmaq, hər bir sətrini udarcasına oxumaq çox gözəl idi.
Gözəl gəncliklərini, AXC-nin yaradılmasını, süqutunu, qanlı illəri bir neçə insanın gözündən, xatirələrindən görürük. Əsərin sonuna, Mircəfər Bağırovun məhkəməsinə qədər hələ də Cavadın sağ olduğuna bəslədiyi inam insanın qəlbini dərindən yaralayır.
Mənim xüsusilə də bəyəndiyim hissələr Cavadın Rəsulzadə ilə münasibətləri, söhbətləri idi. Onu mənəvi oğlu sayması, himnin sözlərini yazması, Çırpınırdı Qaradəniz şerinə Üzeyir Hacıbəyovun musiqi yazıb yığıncaqda milliyətçilərə surpriz etməsi, sanki röya kimi insanın xəyalında canlanlır.
"ŞÜKRİYYƏ TALEYİM"... ❤️ Nəhayət ki, bu möhtəşəm kitabı oxudum... Kitabı oxuduqca insanların yaşadığı dəhşət, faciə adamın damarındakı qanı dondurur... Və düşünəndə ki, bu yazılanlar yazıçının təxəyyül məhsulu deyil, gerçək faktlar əsasında qələmə alınıb, fikri ifadə etməyə sözlər yetərsiz qalır... Bir qadın öz namusuna, öz şərəfinə, ləyaqətinə nə qədər sadiq qala bilər, bunu qəddar rejimin məğlub edə bilmədiyi Şükriyyənin timsalında görmək mümkündür... Həm ALJİR, həm də ŞÜKRİYYƏ TALEYİM hər bir kitabsevərin mütləq oxumalı olduğu kitablar sırasında olmalıdı zənnimcə... ❤️ Əlinizə, əməyinizə, ürəyinizə sağlıq Ülviyyə Tahir... 💜👏🏻
Ülviyyə xanım, qələminizə sağlıq. Son səhifəsini indicə bitirdim. Gözlərim doldu. Bir dəfə də Müşfiqin həyatına işıq salsaz elə sevinərəm kii. Çox gözəl alınıb. Keçmişlə gələcəkdən eyni anda fraqmentlər sanki kino çəkmisiz sözıərlə. Üstəlik faktlara əsaslanması ayrı bir aləm. Əhməd Cavadın "Göygöl" şeirinə görə 5 ay həbs yatmasını bilmirdim. Ceyran Bayramovanı tanımırdım. Çox gözəl idi. Bir daha qələminizə sağlıq🧡
Oxuduğum ən möhtəşəm əsərlərdən biridir. Şükriyyə Axundzadənin əsl Azərbaycanlı xanım kimi öz sevgisinə sahib çıxması, bütün çətinliklərə, zorbalıqlara sinə gərərək namusunu qoruması; Əhməd Cavadın öz amalı uğrunda, vətəni uğrunda apardığı mübarizə çox gözəl təsvir edilib. Əsəri oxuyan zaman insanların yaşadığı dəhşət, faciə qan dondurur. Örnək verilən, qürur duyulan, qəlb ağrıdan əsərlərdən biridir.
Ülviyyə Tahirin "Şükriyyə Taleyim" kitabını oxuyub bitirdim. Kitabı dünən axşam oxumağa başladım və indi bitirdim. O qədər maraqlı, o qədər gözəl yazılıb ki, kitabdan ayrıla bilmədim. Şükriyə -qadın əzəmətidir, qadın böyüklüyüdür, qadın gücüdür, qadın dayanışmasıdır. Şükriyyə sadiqliq simvoludur, sədaqət rəmzidir. Şükriyyə neçə-neçə qadına ibrətdir, nümunədir. Sevgi dastanıdır. Sözün əsl mənasında əsl sevginin varlığına inamdır.. Həm Aljir, həm də "Şükriyyə Taleyim" i oxuyub çox təsirləndim. Bu hər iki roman haqsızlığa uğramış hər qadının fəryadı, hər ailənin üsyanı, haqq səsidir. Şükriyyə həbsdən qayıdandan (həbs illəri-8 il) düz 11 il sonra Əhməd Cavada bəraətin verilməsi gec gəlmiş Ədalətdir... Şükriyyənin ədaləti...dözdükləri..səbri..Allahın mükafatı.. Əsər çox duyğulu yazılıb. İlk öncə Əhməd Cavadın ölən qızı Almas üçün yazdığı şeiri oxuyanda göz yaşlarımı saxlaya bilmədim..Bir atanın çarəsizliyi...belinin bükülməsi..qəddinin əyilməsi şeirin misaralarından oxunur.. İkinci bir sarsıntım Şükriyyəyə Əhməd Cavaddan boşanıb Batumiyə ata evinə qayıtması şərti ilə həbsxanadan çıxması üçün yardım olunacağı vədinin verildiyi hissədir. Şükriyyənin yerinə hansı qadın olsa uşaqlarını xilas edib bataqlıqdan çıxardı..Bu əzəmətin qarşısında sadəcə nitqim tutuldu..Fəxarət hissi ilə bir qadın sevgisinin və sədaqətinin şahidi oldum... Əsər boyunca çox ağrılı hissələrə toxunulub. Şükriyyənin ismətini, namusunu, adını qorunması , Cavada dayaq durması Azərbaycan qadınının gücü və mərdliyidir. ***Ailə bütün birliklərdən fərqli olaraq, mənəvi bağlarla birləşir. Ailənin bir üzvü boğularkən onu orda qoyub getmək yerinə, hamı o kəsi xilas etmək üçün çapalayır. Nə baş verirsə versin,ailə birlikdə olmalıdır. Bəlkə də, bunu imzalayandan sonra məni kameraya basıb, boşanma kağızını Cavada göstərəcəksiniz. Bu da onu mənim əlimlə öldürmək olacaq. İstəyirsiniz məni öldürün, bu kağızı imzalamayacam. ***Yaxşılıq zəncir kimidir, halqaları da Allahın əlindədir, ay Cavad . Sənin uşağına sahib çıxdılar, sənə görə, sənin etdiklərini bilmədən... ***-Sənə ki azadlıq şansı verilmişdi, niyə balalarının pərən-pərən olmasına, bu zillətə razı oldun?! -Şəxsiyyətim yol vermədi, Ceyran xanım! P.S Bu əsər sevgi dastanıdır.Bu əsər onların ruhlarını şad edəcəkdir. Buna əminəm. Bu əsər gecikmiş ədalətdir. Bu əsər qadın izzətinin, qadın fədakarlığının mücəssəməsidir. Ruhlarınız şad olsun Əhməd Cavad və Şükriyyə xanım.
Salam. 2019-n mart ayında başqa bir kitabın təqdimatında tamamilə təsadüfən ( təsadüfmü 🤔) Ülviyyə Tahiri tanıdım kənardan kənara. "Aljir" tarixi romanı"" ifadəsi qulağıma çatdı , ad mənə qəribə gəldi , sonralar öyrəndim "Aljir" abvr- nın mənasını . Alıb oxumağa tələsmədim. Yaxın keçmişimizdən bildiklərimizin müasir bədii dildə nə dərəcədə uğurlu alındığından əmin deyildim deyə tərədddüd edirdim . Üstündən yarım il keçmədi ki, bu kitab özünü mənə oxutdurdu, o vaxtdan yazarın qələminin sehrinə düşdüm , daimi oxucusu oldum . Yeni romanının da həmin məşum məkanda sürgündə olmuş Şükrüyyə xanımın taleyi barədə olduğunu biləndə də eyni tərəddüdü hiss etsəm də ( çılpaq tarixi faktları bir insan dramına, sevgi , vəfa dastanında çevirməyin çətinliyinin fərqində idim) kitabı səbirsizliklə gözləyirdim . Mayın ilk gecəsindən oxumağa başladım . Bir günə də bitirə bilərdim , amma bilərəkdən tələsmədən , yaşayaraq oxudum . Repressiya qurbanları haqqında onlarla kitab oxusaq da, film izləsək də yenə o qandonduran təfərrüatları sarsılmadan oxumaq mümkün deyil. Kitabda olayların 1- ci Dünya müharibəsi ərəfəsində başlanmasına müəllifin xüsusi yer ayırması da diqqətəlayiqdir . O dövrdə gənc Cavadın , onun həmfikirlərinin, bir çox xeyirxah aydınların, o cümlədən Xosrov bəy Sultanovun müharibə qurbanlarını xilas etmək üçün göstərdikləri mücadiləyə heyran oldum. Nə yazıq ki, 37 də xalqın digər qaymaqları kimi bu cür işıqlı insanlar da şərin, böhtanın güdazına getdilər. Şükrüyyə Axundzadənin ( qızlıq soyadı Bajenoğlu) fədakarlığı haqqında məlumatlı olsaq da romanda bu güclü şəxsiyyətin, iradəli , sədaqətli qadının dayanıqlılığına yenə də heyrətləndim. Başqa bir böyük qadın da gördüm -Anaxanım ,körpə Yılmazı öz balası kimi böyüdən qadın, bu fakt mənim üçün yenilik oldu . Yılmaz haqqında oxuyanda göz yaşlarımı saxlaya bilmədim. Nə yazsam da aldığım təəssüratları gözəl ifadə edə bilmirəm . Qələminizə , ürəyinizə sağlıq, Ülviyyə xanım. "Parlaq imzalar" a da təşəkkürlər. Gözəl tərtibatlı , tamamilə qüsursuz kitab araya -ərsəyə gətiriblər. 264 səhifə . 01-04.05.2021. SON.
"Biz bəzən kim üçünsə yaradılırıq, halbuki özümüz uğrunda mübarizə apardığımızı düşünürük".
Kitabxanamın ən dəyərli nümunələrindən biri şübhəsiz "Şükriyyə -Taleyim" kitabı olacaq.Dəyərli yazıçı Ülviyyə Tahir in əl əməyi, göz nuru... Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, kitab mükəmməl araşdırmanın nəticəsi kimi yazılıb ki, oxuyan zaman bunu dərindən hiss etdim. Dövrün dahi maarifçiləri, ziyalılarının dialoqları yazar tərəfindən elə gözəl işlənilmişdi ki, sanki özümü orada imiş kimi hiss edirdim. Hadisələr ən xırda detallarına qədər zəhmətlə işlənilib. Əgər aramızda tarixçilər, ədəbiyyatçılar varsa bu kitab onlar üçün nadir tapıntıdır.
Əgər hələ də bilməyənlər varsa, qeyd edim ki, Şükriyyə xanım dahi Əhməd Cavadın xanımıdır. Azərbaycan qadınının ismətinin zirvəsi Şükriyyə xanımın simasında ifadə olunub desəm yanılmaram yəqin. Bu möhtəşəm əsərə görə Ülviyyə xanıma dərin minnətdarlığımı bildirirəm
Ülviyyə xanımın bu romanı da ALJİR kimi çox xoşuma gəldi. Sizə bu iki əsərə görə minnətdarlığımı bildirirəm. Tarixi faktlar olmayan romanları oxuya bilmirəm. Hər şeydən əvvəl bu iki roman tarixi faktlar əsasında yazıldığına görə çox xoşuma gəldi. Həm də bu faktlar özündə bir millət kimi bizim tariximizi, tarixdə olan dəyərli şəxsiyyətləri, onların müqəddəs amal uğrunda başına gələn hadisələri əlk elətdirir. Elə bu baxımdan çox faydalıdır. Bunu roman şəklində bizə çatdırmaq isə həm də sizin yazılış üslubu ilə uzunçuluq etmədən çox gözəldi. Bu romanı mütləq oxuyun, oxutdurun....
Heç vaxt təsəvvür etməzdim ki, Əhməd Cavadın belə bir həyatı olub. Onun Birinci Düya müharibəsi zamanı gördüyü işlər, sevgisi və Şükriyyə xanımın inanılmaz sədaqəti.... Rəy yazmağa söz tapa biomirəm, sadəcə romanı oxuyun...
- Ülviyyə xanım mənə bir yazışmamızda demişdi ki, hər şeyi bir kənara atıb özümü yazmağa vermişəm... Asan qərar deyil... oxuma səviyyəsinin çox az olduğu bir ölkədə belə bir qərar vermək asan deyil... - İlk dəfə onu "Aljir"lə tanımışdım... Növbəti romanlarını səbirsizliklə gözləyirdim... Və budur, "Şükriyyə taleyim"i oxuyub bitirdim... Yoxsa, kitab məni "bitirdi"... ))) - Romanın ən sevdiyim xətti məhz Şükriyyə idi... O hissələr bal-qaymaq idi mənim üçün... Tarixi romanların ən üstün cəhəti odur ki, oxuduqda bir tərəfdən də indiyədək bilmədiyin yeni tarixi faktlar öyrənirsən... Sizə deyim ki, yazıçı çox əhəmiyyətli işi çiyninə götürüb... Məndən soruşandakı ki, uşaqlarımıza, tələbələrə nə oxudaq... Könül rahatlığı ilə Ülviyyə Tahiri məsləhət görürəm... Bu ölkəmizin hələ də yazılmamış bir çox tarixi şəxsiyyətlərinin işıqlandırılması adına atılan asta lakin gələcəkdə fırtınaya çevriləcəyinə ümid etdiyim bir addımdır... - "Aljir"in dili bu qədər qabarıq, bu qədər mazaikavari, bu qədər əlvan gəlməmişdi mənə... dili yadda qaldı... çox xoşum gəldi... - Düzü bəlkə də Şükriyyədən kənar olan süjetlər məndə böyük maraq oyatmasa da, onlarsız da olmazdı yəqin... Məni bunda narahat edən nədir deyə düşündüm... Sonra tapdım... Bizim tarixi şəxsiyyətlərimizə baxış bir qədər hələ də dəyişmədiyini düşünürəm... oxuyarkən yazıçının onlara olan heyranlığını, sevgisini duymaq məndə bir qədər həmin şəxslərin real obraz kimi görməyimə mane olur... Məsələn Şükriyyə obrazını sözün əsl mənasında real bir şəsx kimi duya bilmək mümkündür... əlbəttə burada da məhz yazıçının dünyasından süzülüb gələn bir qadın obrazı var... lakin yazıçı mənə elə gəlir ən çox Şükriyyəni anlamağa, duymağa çalışıb və inanıram ki, alınıb... - Romanın digər hissələri olmasaydı, mənə elə gəlir... Şükriyyə xətti bu romanı roman kimi yadda qalmasına kifayətdi... - Ülviyyə Tahirlə görüşmək qismət olmadı, amma hər-halda məsafələr ona təşəkkür etməyə, ona yolunda uğurlar diləməyə... ən asası da "Amandır Ülviyyə xanım, yolunuzdan dönməyin" deməyə mane deyil... Daha fərqli üslubda romanlar yazdığını bilirəm... Gözləyirəm... səbirsizliklə... yolunuz açıq olsun... - Hə, yeri gəlmişkən, kitabı bitirəndən sonra şəkillərə baxdım, internetdə axtardım, Şükriyyə xanım, həqiqətən çox qəşəng qadın imiş...
Şükriyyə- gəncliyinə yenicə qədəm basmış başına gələcəklərdən xəbərsiz knyaz qızı.
Cavad- 25 yaşlı Vətən sevdalısı.
Və tale onların yollarını kəsişdirir. Şükriyyənin atası Süleyman bəy “Qızılbaşa verəcək qızım yoxdur” deyir. Amma knyaz belə olsan tale yazanı poza bilməzsən.
Əhməd Cavadın taleyindən az-çox hamımızın xəbəri var. İllərlə təqib edilməsi, təzyiqlərə məruz qalaraq “Vətən xaini” elan edilməsi, 37-ci ildə güllələnməsi.
Bütün bu hadisələrdə o, tək deyildi. Səhnə arxasında Şükriyyə, 4 oğlu və qızı da var idi. Onların qızı Almas hələ atasının sağlığında bu dünyadan köçmüşdü. İllər sonra yad əllər ona toxunmasın deyə üst-başını qəsdən kirlədən, ona yaxınlaşmasınlar deyə yuyunmayan Şükriyyə qızının erkən ölümünə görə hətta sevinirdi.
Düşərgə həyatı, didərgin salınmış, parçalanmış ailə, sözlərlə təsvir oluna bilməyən işgəncələr, həbslər, təzyiqlər. Onun qisməti bunlar idi. Amma o, uzaq Qazaxıstan səhralarından vətənə qayıdanda hələ də şükür edə bilirdi. Şükür edirdi ki, sürgün həyatı bitdi, bunlar qızının başına gəlmədi, şükür edirdi ki, 4 oğlu yanındadır.
Heç nə səbəbsiz olmur deyirlər. Bəs görəsən Şükriyyənin başına gələnlərin səbəbi nə idi? İllər sonra Cavadın ata yurduna qayıdıb uşaqlarını başına yığıb yaşayanda o, anladı ki, baş verənlər onu sındıra bilmədi. Çünki kim nə deyir desin, insanlar barədə qəlbimizin öz hökmləri olur. (səh 15) Cavad barədə də onun qəlbi öz hökmünü vermişdi. Güllələnsə belə o, birdəfəlik Şükriyyənin ürəyinə köçmüşdü. Ürəyimizdəkini isə biz öldürmədikcə heç kəs öldürə bilməz. Bundan başqa Cavad hər oğlunda özünün bir parçasını qoyub getmişdi. Niyazidə gülüşünü, Aydında çiyinlərini, Yılmazda saçlarını, Tuqayda qürurlu görkəmini. Şükriyyədə isə ürəyini, ruhunu...
“Dünyanın yaxşı və pislər arasında gedən mübarizə meydanı olaraq seçildiyinə əminəm. Bu mübarizə meydanında cəbhəni seçmək insanın əlindədir. Bütün əxlaq nəzəriyyələri və dinlər bu nöqtədə birləşirlər.”
Şükriyyənin bütün ağrılara, acılara dözə bilməyinin və hər şeyə rəğmən dimdik ayaqda qalmağının başlıca səbəbi Cavadın sevgisi olub. Kitabı oxuyub-oxumamaqla bağlı tərəddüd edirdim, yaxşı ki, oxudum. Yaxşı ki, Ülviyyə xanım bu kitabı yazıb. Yaxşı ki, bu dünyaya bir Cavad gəlib. Kaş ki sağlığında layiqli bir həyat yaşayaydı və daha çox yaradaydı…
Mütləq oxunmalı olan bir kitab kimi görürəm. Azərbaycanın, millətimizin itirdiyi neçə-neçə şəxslərin həyatları bu cür əsərlərlə ortaya çıxırsa, bizim də borcumuzdur bunları yaşatmaq. Sadəcə kağız üstündə rəsmi faktlar kimi dövlətin arxivində qalmamalıdı, uşağı, gənci, yaşlısı fərq etmədən bu yolda yazılan əsərlərə qiymət verməliyik. Oxuduqdan sonra o dövrə, əsas də Əhməd Cavadla, Şükriyyə xanıma ayrı cür baxacaqsız. Kitab olaraq, əsər olaraq xoşunuza gəlməyən bir neçə detal olsa belə, mövzunun və məqsədin özü o nüansları gözünüzdə böyüməyə qoymur. Uzatmayım, sadəcə oxuyun.
Ülviyyə Tahirlə eyni dövrdə yaşadığımız, onunla görüşmə imkanımızın olduğu üçün çox şanslıyıq. Əsər möhtəşəm idi, nəfəsimi tutaraq oxudum. İstifadə olunan ədəbiyyat, bədiilik. Hər biri çox gözəl idi… Özümü çox ləzzətli yemək yeyibmişəm kimi hiss etdim.