Jump to ratings and reviews
Rate this book

Orion 51

Rate this book
Orion həqiqətə daha yaxın olan bir yuxudur. Bəlkə də, taledir, ya da xəyal. Aydın ağıl yoxdursa, demək, hər şey bulanıqdır. Bulanıq olan şeylər ağlımızda həqiqət, yaxud da Nream kimi formalaşmağa məhkumdur. Nream yuxudur. Nream yoxluqdur... Görüntülərin bulanıq olduğu kainatda yalnız səslərə inana bilərdik, Nreamı anlamaq və həqiqətə varmaq üçün. Budur inandıq və indi Bellatriksdəyik...

304 pages, Paperback

First published January 1, 2021

1 person want to read

About the author

Ruzigar Ələkbər

2 books4 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
2 (50%)
3 stars
2 (50%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 4 of 4 reviews
Profile Image for Chinara Ahmadova.
426 reviews122 followers
September 10, 2021
Nələr oxudum mən?

Bu kitab haqqında ətraflı rəy yazmaq kifayət qədər çətindir, çünki janrların və tərzlərin qarışığı bir mətndir - elmi-fantastika, distopiya, mifik, alternativ tarix, fəlsəfi traktat - və harasından tutsan, bir şeyi ötürmüş kimiyəm, bəlkə yuxudayam?

Lefteriks Yunanıstan dövlətinin süqutundan sonra yaranan Hellenas adlanan dövlətdə yaşayan vecsiz bir adamdır. Əsgərlikdən dəli adıyla atılıb bacısının ailəsinə yük olmağa davam edir. Onun dəli hesab olunmasına səbəb isə Orion adlı "Tanrı"ya bənzətdiyi bir varlıqla axşamlar söhbət etməsi və bunu camaata gülünc şəkildə sübut etməyə çalışmasıdır.

Və bu hadisədən sonra Lefteriksin həyatı heç vaxt əvvəlki kimi olmur və bizi sürreal bir dünyada bir macəraya sürükləyir və yuxu içində yuxu başlayır. Və yəqin ki əsərin ən çox sevdiyim hissəsi kimi də, məhz bu sürrelizm tərzi və obrazın çabalaması, özünü və ətrafını anlamağa çalışması hesab etmək olar.

Di gəl ki əsər distopik bir faciəyə çevrilir: Lefteriksin hamıya irad tutsa da, özünün despot bir hökmdara çevrilməsi, insan səhvlərini təkrarlaması və buna baxmayaraq, Orionun ona 2-ci, 3-cü şansı verib keçmişi dəyişməyə çağırması çox traji-komik səslənir, oxunur və qıcıqlandırırdı. Vecsiz bir insandan dünyanı dəyişməyi gözləməsi Orionun axmaqlığı kimi görürdüm, kaş biz güclü görünən, amma insani xislətinə baş əyən bir boz qəhrəman görərdik ki, obrazın elə əsərin başından bəri olan vecsizliyi hər şeyi məhv edirdi.

Digər tərəfdən, müəllifin səsi kitabda çox yüksək səslə gəlirdi. 300 səhifənin yəqin ki 100 səhifəsi yazıçının dövlət, dünya, bəşəriyyət, seçimlər, monoteist dinlər, ata modeli, siyasət, fəlsəfə ilə bağlı "ağılöyrətmə", subyektiv yanaşmalarından ibarət idi ki, empatiya qurmağı çətinləşdirir və qıcıqlandırırdı. Kitabı bir çox yerdə yarıda kəsməyimə belə səbəb ola bilərdi.

Amma son iki fəsil sevdiyim növbəti hissələr oldu ki, yenə sürreal və lakonik müzakirələr, Lefteriksin real savaşını izlədik ki, kitabı uzun müddət xatırlamağıma səbəb olacaqdır.

Kaş qısa sürreal novella kimi qalsaydı və əminəm ki, orijinal ideyası, süjeti və sonluğu ilə ilin ən sevilənlərinə girə bilərdi. Yazıçının yeni işlərini və macərasını yaxından izləyəcəyəm, potensialı və işığı olduğuna inanıram.
Profile Image for Mustafa Rushan.
439 reviews16 followers
June 2, 2022
İlk dəfə Chinara Ahmadova sayəsində kitabı görmüşdüm... Bir gün oxuyacağımı bilirdim... Çinarənin şərhi məni bir qədər məyus etmişdi... səbəbi isə şərhindən anladığım kitabın fəlsəfi məzmunudur... Mən fəlsəfəyə uzağam... demək olmaz ki, xoşum gəlmir, yox... amma fəlsəfə mənim üçün işıq deyil, qaranlıqdır... mənsə qarınlıqda işıq yandıranların tərəfindəyəm... və bu mövqeyim dəyişməzdir...
Lakin sabit mövqeyim mənə müxtəlif görüşlərlə tanış olmağıma mane olmayıb... Bilən bilir, mən axtarışdayam... yeni qələm axtarışında... bir gün biri məni təəccübləndirəcəyinə olan ümidim bu axtarışın "yanacağı"dır... Mümkün qədər yeni hər şeyi oxumağa çalışıram... Sağolsun müəllif özü məni tapdı... Yaxşı ki tapdı... sonraki, daha doğrusu başqa kitablarını isə mən axtarıb tapacağam... çünki müəllif məni təəccübləndirdi...
Kitabın süjetindən danışmayacağam... Onsuzda kitabda müəyyən vahid xəttli bir süjet yoxdur... Mütaliənin ən çətin hissəsi, mənim üçün başlanğıcdır... yarıb keçdimsə, deməli, xata sovuşdu... yəni yarıda qoyma "xatası"... Bu kitabda belə olmadı... asan giriş oldu və müəllifin tryukları məndə yer-yer şok effekti yaratdı... hmmm... dayan görək bu noldu belə?... Kim kim idi?... Nə? Hara?... tez-tez bu sualları verirdim... Deməli müəllifin əlində təqribən 5 deyək, 5 personajı və bir hadisəsi var, cinayət hadisəsi... və bu hekayə hər dəfə yeni bir süjetdə dəqdim edilir... yuxu içində yuxumu? Bəlkə də yox... Hər yeni hekayəyə başlayanda personajların dəyişilən rolları: aha, real hadisə bu imiş, deyirsən... və yenə yanılırsan... Müəllif elə bil oxucu ilə siçan pişik oynayır... Mən də könüllü bu oyunu oynamağa razı oldum... oynadıq... məgər elə kitabın əsl ləzzəti mühakiməni bir kənara qoyub oyuna davam etməkdə imiş... demişdim ki... yanıldım...
Növbəti fəsillərdə kitab tamam başqa bir müstəviyə keçdi... Mən yenə şok effektində, davam elədim... Çox xoşum gəldi... çox da narahat oldum... sanki məni narahat edən bir filmə baxırdım... nə durub gedə bilirdim... müəllif məni tutub saxlaya bilirdi... Yordu, yıxdı sürüdü... düzü fikirlərimi dəyişə bilmədi... mənim üçün bu mövzular artıq çeynənmiş məsələlərdir... mən öz həqiqətimi tapmışam... müəllifn həqiqətlərinə ehtiyacım yox idi... və fikrimcə ədəbiyyat ədəbiyyata xidmət eləsə, elə yaxşıdır...
Müəllifin təkəbbürə qapılmasına ehtiyat etsəm də, etiraf edəcəyəm, ağlına heyran qaldım... hadisələrin bir-birinə keçidinə, dili mükəmməl olmasa da, dialoqları, fantaziyasına, intellektinə heyran qaldım... bu oğlanda nəsə var... potensial var... amma mənə elə gəlir hələ axtarışdadır... öz yolunu tapanda yanında olmaq istərdim... bu Sumqayıtda nəsə var!!!...
Kitabın mütləq redaktor baxışına ehtiyacı olduğuna inanıram... təəssüf ki, hazırki nəşriyyatlarımızın bu imkanı yoxdur... Redaktor baxışı sayəsində, kitabda müəllifin səsi azaltmaq, subyektiv baxışlara sərhəd qoymaq olardı...
Orda bir səhnə vardı... Boqotada (yeri gəlmişkən, müəllfin yer seçimləri, məkan adları, o qədər inandırıcı idi, ki, girib quqlladım, məgər təxəyyül imiş) Hitleri tapırlar... Onu oda vurub əsgərlər qadın paltarı geyinərək ətrafında rəqs edirlər... Sən bir bu fantaziyaya bax... ləzzət elədi.. Tarantinonu xatırladım...
Bilmirəm bilərəkdənmi müəllif bu cür yanaşıb, amma kitab tamamilə bir qərbli gözü ilə dünyaya baxışdır... burda zərrə şərq təfəkkürü, mentaliteti, ruhu duyulmur... düzü mənim ruhumu sıxdı... kitab qaranlıqdır... bozdur... ikrag doğurur... amma əlimdən buraxa bilmirdim...
Son hissələrdə mütəfəkkirlərin, filosofların, yazarların dama-dama döşəməli sarayda dialoqu vardı... möhtəşəmdi... həm güldürdü, həm düşündürdü... ləzzət elədi... Sonda bu səhnənin izahı vardı... mənə gəlir açmasını oxucuya həvalə eləsəydi, daha yaxşı olardı... Bir yerdə Edison birdən çırtma çalır və ağzından siqareti çıxarıb yanıdan duran filin üstündə söndürür... necədir?... kayf səhnədir... qısası mənim üçün tapıntı oldu... oxumağa, tanış olmağa davam edəcəm... görüm xəyalımdaki romanı nə vaxt yazacaq...
Profile Image for Vüsal Aydın.
Author 3 books30 followers
January 5, 2024
Ruzigar Ələkbərin “Orion 51” romanı fentezi (elmi-uydurma) janrında yazılmış, yumşaq desək, qəribə romandır. Roman Üçüncü Dünya müharibəsindən sonrakı dövrdə “yaşayan” Lefteris adlı qəhrəmanın başına gələnlərdən bəhs edir və məncə, çox yaxşı başlayır, sonra bir az tempini düşürür, ortalarda oxucunu bir az yorub sonlara doğru yenidən maraqlılaşıb qəribə tərzdə sonlanır. Əsərdə insanı düşünməyə, bəzən araşdırmağa vadar edən çoxlu elementlər var, bu da müəllifin intellektindən, dünyagörüşünün dərinliyindən və fantaziya – uydurma qabiliyyətindən xəbər verir. Müasir dövrdə çox oxunan, tələbatı getdikcə artan elmi-uydurma janrını sevənlər üçün yeni aləmlər, yeni personajlar və bir-birilə əlaqədar olmasa belə, bir-birinə maraqlı tərzdə bağlanan yuxular kitabı maraqlılaşdıran elementlərdir. Ən xırda detallarına qədər təsvir olunmayan (əslində mən daha dəqiq təsvirlərin olmasını istərdim), bəlkə də, necə göründüyü oxucunun öz təxəyyül gücünə həvalə edilən başqa ulduzlar və aləmlərə “səfər” etdikcə müəllif həm də insanın daxili aləmi, travmaları, qorxuları və arzularının onun psixologiyasında necə rol oynaması məsələlərinə toxunur.

Mətnin korrektə və redaktəsində problemlər var. Tələsmədən bir az daha qayğı göstərilsəydi mətnə, çox gözəl olardı. Bundan başqa dialoqları heç cürə sevə bilmədim. Kitabın əvvəlindən sonunacan dialoqlar məni əsərdən qoparan hissələr oldu. Bəzən xarici filmin türk dilinə dublyajından sonra dilimizə pis tərcümə olunmuş halı kimi görünürdü obrazların söhbəti. Bir də məncə romanı yaxşı redaktə ilə bir az daha qısaltmaq olardı. Oxumaq nə qədər zövqlü də olsa, zənnimcə, “Orion 51” romanından bəzi hissələri çıxarsaq, heç nə azalmaz.

Romanda ən sevdiyim şey müəllifin intellektə, düşüncəyə ağırlıq verməsi oldu. Kitabda Enşteyndən tutmuş Anaksimandra qədər kimlər yoxdur ki… Özü də çoxlu dahi şəxsiyyət bir səhnədə, bir mübahisənin mərkəzində… Bu, çox maraqlı səhnədir əsərdə və məncə, uğurlu alınıb. Bundan başqa əhvalatın axışında müəllif xüsusi fəndlər işlədib, roman irəlilədikcə bir az əvvəl oxuduğun şeyin əslində tamam başqa mahiyyət kəsb etdiyini görürsən və bu qayda romanın sonuna qədər davam edir.

Ruzigar Ələkbər “Orion 51” əsərində bizi təkcə maraqlı və qəribə aləmlərdə, həmçinin insan beynini “masaj” edən yuxularda gəzişdirməklə kifayətlənmir, insanlıq tarixinin gedişi, dinlərin meydana çıxması, ölkələrin apardığı siyasət və s. kimi “böyük-böyük” mətləblərə də girişməyə və oxucunu da bu məsələlər üzərində düşündürməyə cəhd edir.

Romanın ortalıqlarında qalaqlanan, bəzən qəzet məqaləsi dadsızlığına varan bəzi darıxdırıcı səhnələr və dialoqları nəzərə almasaq, “Orion 51” romanını uğurlu saymaq olar. Elmi-uydurma həvəskarlarına arxayınlıqla tövsiyə olunacaq maraqlı romandır. Bilirəm ki, Ruzigar Ələkbər bundan sonra çox daha gözəl, çox daha dərin və çox daha oxunaqlı romanlar yazacaq və bir də ləzzətlə oxuyacağıq.

Müəllifə uğurlar arzu edir, yaradıcılığının davamlı olmağını diləyirəm.
Profile Image for Rebnelug.
131 reviews4 followers
April 29, 2025
Kitabı gördüyüm anda zehnimdə qaranlıq an, məkan, bəlkə də "qaranlıq ada" gördüm. Anlamadım. Oxudum, anlamağa çalışdım...

Əsərdə Lefteris adlı baş qəhrəman səmada gördüyü və eşitdiyi Orionla danışır, onu gördüyünü ətrafındakılara deyir, nəticə olaraq işdən qovulur. Biz başa düşmürük ki, (mən və Lefteris) Lefteris yuxuda, yoxsa həqiqi dünyada var, yaşadıqları doğrudan baş verib ya yox? Əsər boyu ancaq sual altında idim və bu sualları düşünmək, onlara cavab tapa bilməmək məni yordu.
Üslub məni bir azca yorsa da, fərqli mövzu seçimi, sualların cavabı axtarmaq — məndə əsərə qarşı maraq oyadırdı ki, bunun axırı hara gedəcək? Mövzu elə mövzudur ki, onun haqqında saatlarla, çox fikir və nəzəriyyələrlə danışmaq, müzakirə etmək olar...

Ruzigar Ələkbərin qələmi ilə tanış olmaq mənə xoş oldu, digər kitablarını oxuyacam (bir az ara versəm yaxşı olar, yoxsa Lefterisdən betər olaram mən). Yazıçıya uğurlar arzulayıram 😊
Displaying 1 - 4 of 4 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.