Tanınmış yazıçı Əzizə Cəfərzadənin bu romanı XVI əsrin əvvəllərində Azərbaycanın coğrafi baxımdan indiki və ətraf ərazilərində baş verən müharibələrdən və dini çəkişmələrdən, Azərbaycandakı Səfəvilər dövlətinin qüdrətlənməsindən, qızılbaşların Şamaxıya və Bakı qalasına hücumundan, Şah İsmayıl Xətainin bir padşah, sərkərdə və şair kimi mürəkkəb həyatından bəhs edir.
Müəllif bütün əsər boyu Azərbaycan vətənpərvərliyini və Azərbaycan dilinin əhəmiyyətini cəsarətlə önə çəkib...
Əsəri maraqlı edən bir cəhət də onun çoxlu tarixi faktları bədii (bəzən rəvayət şəklində) obrazlarla canlandırmasıdır.
Əzizə xanım Cəfərzadənin yazı üslubu məni valeh edir. Təsvirləri çox güclüdür. Tarixi və hadisələri nağılvari dillə oxuyucuya çatdırır. Bu əsəri mənim üçün yazıçıyla tanışlıq xarakteri daşıyırdı. Elə ilk səhifələrdən qərara gəlmişdim ki, mütləq digər əsərlərini də oxumalıyam. Bakı - 1501 mükəmməl əsərdir.
Kitabı oxumamışdan öncə Şah İsmayıl dövrü tariximizə dair ciddi əsər oxuyacağımı düşünürdüm. Amma gözləntilərimin tam əksi oldu. Düzdür, xronoloji ardıcıllıq və tarixi hadisələrin irəliləməsi baxımından yalnış məlumatlar verməsə də, Əzizə Cəfərzadə, çox güman ki, Sovet hakimiyyətinin diktəsi altında Şah İsmayılı gözdən salmaq, onu zəif göstərmək üçün əlindən gələni əsirgəməyib.