Gündəlik həyatımızda bizi əhatə edən çap və rəqəmsal dizayn materiallarına nəzər salaq. Loqotiplər, veb saytlar, mobil tətbiqlər, kitab və jurnallar, çöl reklamları… Dizayn nümunələri bizimlə danışır, bizimlə vizual kommunikasiya yaratmağa cəhd edir. Bu işdə dizaynerlərin ən güclü aləti, sözsüz ki, tipoqrafikadır. Şəkilsiz, illüstrasiyasız poster, sayt və ya mobil tətbiq təsəvvür edə bilərik. Lakin eyni dizayn materialından mətni çıxardığımız anda ortada olan əsas fikir, mesaj itir, yerdə sadəcə gözəl foto və ya illüstrasiya qalır.
İlk baxışdan qrafik dizayn üçün bu qədər vacib, həyati əhəmiyyətli görünməyən tipoqrafika ilə bağlarımız nə qədər möhkəmdir? Tipoqrafika adlanan nəhəng aləmdəki səfərinizin mümkün qədər asan yollarla keçməsində bu kitab sizə bələdçilik edəcək. Bunun üçün kitabda tipoqrafikanın əsaslarını əhatə edəcək 26 mövzu işlənilib, təxminən 45 studiya və agentliyin 60-a yaxın layihəsi nümunə kimi göstərilib və şərh edilib. Çətin “həzm ediləcək” hissələr infoqrafik nümunələrlə təkrar izah edilib, real fotolarla mövzulara aydınlıq gətirilib. Yekunda hər birimiz tipoqrafikanın əsaslarını ciddi mənimsəməklə onu gündəlik dizayn işlərimizdə daha professional formada tətbiq edəcək, nəticədə qurmaq istədiyimiz vizual kommunikasiya düzgün şəkildə ortaya çıxacaqdır.
İsmayıllı rayonu 3 saylı orta məktəbini bitirmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr və magistr pillələrində təhsil almışdır. 15 ildən artıq bir müddətdə çap, reklam, brendinq və UI/UX dizaynla məşğul olmuş, ölkənin ən böyük reklam agentliklərində qrafik dizayner və art direktor kimi fəaliyyət göstərmişdir. Bu dövrdə bir sıra yerli və qlobal şirkətlərin vizual kommunikasiyalarının hazırlanması prosesində iştirak etmiş, ölkəmizdə baş tutan böyük beynəlxalq tədbirlərin qrafik dizayneri və art direktoru olmuşdur.
Qrafik dizaynın fərqli istiqamətlərinin akademik tərəflərini araşdıran müəllif, hazırda Code Academy-də Qrafik və Veb Dizayn bölməsində proqram rəhbəri və art direktor olaraq fəaliyyət göstərir. Adobe şirkətinin sertifikatlı eksperti və instruktorudur.