Düzgün qurulmuş arqument nədir?

Elmar Hussein, 2021, “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq”, Bakı, “Parlaq İmzalar” nəşriyyatı

Hətta ən hazırlıqlı olan və yüksək potensial vəd edən tələbələr ilə ünsiyyət zamanı onlarda düzgün arqument qurmaq və nəticə çıxarmaq bacarığının adətən xeyli zəif inkişaf etmiş olduğunu müşahidə edirəm. Halbuki düzgün qurulmuş arqument fikir irəli sürmək və onu əsaslandırmaq üçün zəruri olan “qəlib”dir; fikirlər bu qəlibə yerləşdirilərkən məntiqi cəhətdən sistem və nizam əldə edir. Bəs düzgün qurulmuş arqument nədir? Bu sualın cavabı aşağıdakı hissədə qismən öz əksini tapır:

“Arqument müqəddimələr çoxluğu ilə nəticə arasında əlaqə yaradır. Hər hansı müqəddimələr çoxluğu əsasında çıxarılan nəticəni əsaslandırmaq üçün müvafiq arqumentin qurulması zəruridir. Heç də bütün arqumentlər məntiqi cəhətdən düzgün qurulmur. Əgər arqumentdə istifadə edilən müqəddimələrin hamısı doğru və nəticə yalandırsa, onda bu arqument düzgün qurulmuş arqument deyil. Bu o deməkdir ki, arqumentdə iştirak edən müqəddimələrdən nəticənin çıxarılması prosesində məntiqi xətaya yol verilmişdir. Amma bu məntiqi xəta arqumentin özünə (arqumentdə iştirak edən müqəddimələrdən nəticənin çıxarılması prosesinə) aiddir, müqəddimələrin isə özünə aid deyil, çünki qeyd etdiyimiz kimi, müqəddimələrin hamısı doğrudur.

Beləliklə, əgər arqumentdə heç bir məntiqi xətaya yol verilməmişdirsə, onda arqument düzgün qurulmuş arqument kimi qiymətləndirilir. Bu o deməkdir ki, əgər düzgün qurulmuş arqumentdə iştirak edən müqəddimələrin hamısı doğru olarsa, onda nəticə heç bir zaman yalan ola bilməz. Belə düzgün arqument mülahizələr məntiqində etibarlı arqument adlanır.”

Elmar Hussein, 2021, “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq”, Bakı, “Parlaq İmzalar” nəşriyyatı, s. 81

 •  0 comments  •  flag
Share on Twitter
Published on April 26, 2022 03:09
No comments have been added yet.