Tarixdə bütün yollar Veda sivilizasiyasına aparır …

Əgər bütün bəşəriyyət öz başlanğıcını vahid sivilizasiyadan götürürsə, bu çox böyük ehtimalla Veda sivilizasiyasıdır. “Tarixdə bütün yollar Veda sivilizasiyasına (Vedic civilization) aparır” hipotezi cəlbedici təsir bağışlayır. Tarixi naməlum olan Vedalar yalnız e.ə.1500-cü illərdə yazıya alınmağa başlayıb. Amma Vedaların özündə onun yaradılmadığı və Kosmik (Kainat) şüuru ilə birlikdə hər zaman mövcud olduğu yazılır. Vedaların dili olan sanskrit öz linqvistik imkanlarına görə məsələn, qədim dünyanın ən geniş yayılmış dillərindən biri olan latın dili ilə müqayisədə daha üstün hesab edilir. Vedaların özündə yazıldığı kimi, o, simvolik sistemdir, digər dillərə tərcümə edilməz və yazıya alınmaz, əks halda məzmunun itməsindən qaçmaq mümkün deyil. Sanskrit dilində olan və müasir dövrdə geniş yayılmış “karma”, “nirvana” kimi sözlərin məzmunu barəsində digər dillərdə qeyd edilənlər, ifadə edilənlər və qavranılanlar bu sözlərin sanskrit dilində olan məzmununu tam əhatə etmir.

Tarixin naməlum qaranlığında yaşayan insanlar niyə və necə bu qədər zəngin və simvolik dini-fəlsəfi-elmi-bədii bir düşüncə sistemi, eləcə də linqvistik bir sistem yarada bilər? Əgər təbii ki, rasional-məntiqi cəhətdən yanaşaraq Vedaların insan düşüncəsinin məhsulu olaraq qəbul etsək, bu hər halda insanların naməlum təbiət hadisələri qarşısındakı qorxudan və ya bu qəbildən olan digər səbəblərdən yarandığını demək çox bəsit cavab olardı.

Veda sivilizasiyasının şimali Hindistan ərazisində yaranmasına baxmayaraq, onun müasir Hindistan və ətraf coğrafi ərazilər ilə bağlı olduğunu hesab etmirəm. Vedaların özündə onun hər hansı bir etnik qrupa və coğrafi əraziyə bağlı olduğu qeyd edilmir. Qeyd etdiyim kimi, Veda inancına görə o, yaradılmayıb və hər zaman mövcud olub. Tarix fəlsəfəsinə görə hər bir sivilizasiya siklik inkişaf xəttinə malikdir, uşaqlıq, yeniyetməlik, gənclik, yetkinlik və qocalıq mərhələlərini keçdikdən sonra mütləq məhv olur. Məsələn, bu məntiq əsasında Misir sivilizasiyası ilə müasir Misir ölkəsi, Xristian sivilizasiyası ilə Qərb sivilizasiyası bir-birilə birbaşa bağlı deyildir.

Vedalar heç də qədim dövrdə Hindistanda bütün insanlar tərəfindən “müqəddəs” hesab edilməmişdir. Məsələn, Vedalardan sonra formalaşmağa başlayan 9 qədim hind fəlsəfi məktəblərindən (darsanas) 3-cü Vedaların müqəddəsliyini inkar edirdi. Bu üç məktəbdən bu gün ən məşhuru e.ə.5-ci əsrdə yaranan Buddizmdir. Amma bu 3 məktəb də Vedaların anlayışlar sistemi – karma, mokşa, dharma, samsara, arhat, nirvana və s. üzərində qurulur.

Vedaların simvolikasını necə açmaq mümkündür? Vedaların özündə mövcud olan inama əsasən bu məqsədlə  həqiqəti dərk etməyə hazır olmaq, həqiqəti dərk etmiş ustad (guru) ilə rastlaşmaq və onunla dialoq əsasında həqiqəti dərk etmək mümkündür. Müasir qlobal sivilizasiyada bu nə dərəcədə mümkündür və ya effektivdir?

Bir tərəfdə müasir elm, məntiq və rasional təfəkkür mövcuddur. Elm bəzən iddia edildiyi hər şeyi cavablandıra bilməz. Bu hətta potensial cəhətdən mümkün olsaydı belə praktiki cəhətdən heç bir zaman reallaşa bilməzdi. Elmin hər suala verdiyi cavab cavabsız onlarla sual doğurur. Bizim məmləkət alimlərin bəlkə də ən iddialı danışdığı məmləkətlərdən biridir, amma elmin daha güclü inkişaf etdiyi qərbdə alimlərin elmin relativistik nəticə ortaya qoyduğunu etiraf etməyi normaldır. Məsələn, nevrologiyada neyronal şəbəkədə input-output siqnallar arasındakı əlaqə xətti, yoxsa qeyri-xəttidir sualına birmənalı cavab tapmaq mümkün deyil, yəni arqument kimi xətti əlaqəni təstiqləyən tədqiqatlardan istifadə etsəniz, əks-arqment kimi qeyri-xətti əlaqəni təstiqləyən tədqiqatlar göstəriləcək və əksinə. Məntiqdə bizim məmləkətdə məşhur olan qeyri-səlis məntiq – bu çox güman ki, onun məzmunundan daha çox yaradıcısının azərbaycanlı olması ilə bağlıdır – məntiqdə son hədd və ən kamil məntiqi sistem deyil. Məsələn, kvant fizikasını qeyri-səlis məntiq üzərində izah etmək mümkün deyildir, bunun üçün kvant qeyri-səlis məntiq sistemi işlənilir.

Elm və məntiq daha çox nə düzgün deyildir sualına cavab verir, məsələn, ikiqiymətli məntiq düzgün deyildir, Nyuton fizikası düzgün deyildir, onlardan yalnız nisbi xəta ilə istifadə etmək mümkündür. Amma elm və məntiq nə düzgündür sualını əksər hallarda heç olmazsa qismən cavabsız buraxır. Məsələn, neyronal şəbəkə hansı məntiq üzərində fəaliyyət göstərir və ya kvant fizikasında double-slit eksperimenti necə izah edə bilərik?

Amma elm, məntiq və rasional təfəkkürün əhəmiyyətini heçə endirib məsələn, Vedaların simvolik sistemini açmaq üçün guru axtarışına çıxmaq ictimai şüurun parçalanması demək olardı. Amma elm, məntiq və rasional təfəkkürdən istifadə edərək Vedaların simvollarını açmaq birincilər üçün nə vəd edə bilər? Tarixdə bu istiqamətdə olan maraqların mövcud olması məlumdur. Məsələn, Vedalar ilə maraqlanmış olan Heisenberg, Schrondinger, Tesla, Hawking kimi məşhur isimlərin adlarını çəkmək mümkündür.

 •  0 comments  •  flag
Share on Twitter
Published on April 30, 2022 00:40
No comments have been added yet.