Modern və qeyri-modern sosial sistemlərin nisbəti
Qlobal sivilizasiyada iki qəbildən olan sosial sistemlər mövcuddur: modern və onun ziddi olanlar. Təbii ki, çoxqiymətli məntiq müstəvisində bir çox sosial sistemlər daha çox mütləq modern (1) və ya onun ziddi olan (0) nöqtəyə yaxınlaşırlar, amma nisbi xəta ilə onları ikiqiymətli məntiq müstəvisində modern və ya onun ziddi kimi xarakterizə edə bilərik. Bir çox sosial sistemlər isə daha çox mütləq modern və onun ziddi olan nöqtələrin ortasında (0.5) qərarlaşırlar. Ona görə də onları ikiqiymətli məntiq müstəvisində qiymətləndirərkən nisbi xətanın miqyası artmış olur. Bundan qaçmaq üçün onları üçqiymətli məntiq müstəvisində qeyri-müəyyən kimi xarakterizə etmək çox güman ki, daha məqbuldur.
Modern sosial sistem layiqli həyat standardları, iqtisadi artım, insan kapitalı, keyfiyyətli təhsil və səhiyyət xidməti, balanslaşdırılmış ekoloji təhlükəsizlik və s. indekslərlə təyin edilir. Onun formalaşması sosial mühəndislik üzərindən həyata keçirilir ki, bu, artıq sistemin sosial elmi metod və prinsiplər əsasında qurulmasını şərtləndirir. Bütün bu qeyd edilən indeks və şərtlərin olmadığı sosial sistemlər qeyri-modern sistemlərdir.
Modern sosial sistemin formalaşması tarixi erkən modern tarixə (1500-1800-cü illərə) təsadüf etsə də, 1960-cı ildən etibarən sistemin informasiyalaşdırılması, rəqəmsallaşdırılması, xüsusilə günümüzdə Süni İntellektin ora tətbiq dairəsinin artan sürətlə tətbiq imkanlarının genişləndirilməsi artıq yeni keyfiyyət mərhələsinə keçiddir. Bu mərhələdə sistemdə daha əvvəllər mövcud olan indeks və şərtlərin yenidən qiymətləndirilməsini, yenidən tənzimləməsini reallaşdırmaqla yanaşı modern və onun ziddi olan sistemlər arasında mümkün fərqləri daha da artıracaq. Çox böyük ehtimalla üçqiymətli məntiq müstəvisində qeyri-müəyyən qiymətləndirilən sosial sistemlərin əksəriyyəti qeyri-müəyyənlikdən çıxaraq müəyyənliyə (modern və ya onun ziddi) keçid alacaqlar.
Günümüzdə modern sosial sistemin öz risk və təhlükələri mövcuddur, xüsusilə Süni İntellektin tətbiq dairəsi genişləndikcə yenidən qiymətləndirmə və yenidən tənzimləmənin hansı göstəricilər əldə edəcəyini birmənalı proqnozlaşdırmaq qeyri-mümkündür. Amma sistem daxilən dinamikdir, risk və təhlükələrin araşdırılmasına açıqdır, əks fikirlərə qarşı tolerantdır, analitik-rasional təfəkkürə əsaslanır, alqoritmik düşüncə sisteminə malikdir. Amma istənilən müasir qlobal sivilizasiyanın əsas ziddiyyət nöqtəsi modern və qeyri-modern sosial sistemlər arasında görünür.


