Arqumentlərin təbii dildən formal dilə tərcümə edilməsi nə deməkdir?
Elmar Hussein, 2021, “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq”, Bakı, “Parlaq İmzalar” nəşriyyatı
“Arqumentlərin təbii dildən formal dilə tərcümə edilməsi nə deməkdir?” Tələbələrimizin məntiqi öyrənərkən əsas çətinlik çəkdikləri məqamlardan biri, eləcə də məntiqə dair biliyi praktikada necə tətbiq edə biləcəyinə dair onları düşündürən əsas praktik suallardan biri məhz yuxarıda qeyd etdiyimiz suala verilən cavab ilə bağlıdır. Əgər bu sual cavabsız və ya sualın cavabı qaranlıq qalarsa, onda real həyat situasiyaları ilə məntiqin formal dil (süni dil) sistemi arasındakı əlaqə yox olar. Beləliklə, “Arqumentlərin təbii dildən formal dilə tərcümə edilməsi nə deməkdir?” və onunla bilavasitə bağlı olan “”Arqumentləri təbii dildən formal dilə necə tərcümə etmək olar?” suallarının cavabı qismən aşağıdakı hissədə öz əksini tapır:
“Təbii dildə ifadə edilən real həyat arqumentlərini mülahizələr məntiqinin formal dilinə tərcümə edərək onları qiymətləndirmək mümkündür. Praktik cəhətdən bu tərcümə prosesinin necə reallaşdığını izləmək üçün aşağıdakı bir neçə nümunəni nəzərdən keçirmək olar:
Nümunə 1: Əgər Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyirsə, onda o, riyaziyyat fənnindən qəbul imtahanı verməlidir. Biz bilirik ki, Fəridə Baki Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyir. Buna görə də biz belə bir nəticə çıxara bilərik ki, o, riyaziyyat fənnindən qəbul imtahanı verməlidir.
Birinci addım: Biz əvvəlcə nümunəmizdə mövcud olan mülahizələri bir-birindən fərqləndirməli, onlardan hansının arqumentin müqəddimələri və hansının arqumentin nəticəsi qismində çıxış etdiyini müəyyənləşdirməliyik. Bu məqsədlə bağlayıcılara (əgər … onda) və cümlələrin tərkib hissəsinə (…belə bir nəticə çıxara bilərik ki, … ) diqqət yetirə bilərik. Eyni zamanda cümlədə mövcud olan əvəzliyi onun ifadə etdiyi anlayış (ad) ilə əvəzləmək lazımdır ki, arqumentin formal dilə tərcüməsi zamanı qeyri-müəyyənlik yaranmasın. Beləliklə, nümunəmizdə iştirak edən real həyat arqumentini mülahizələr məntiqinin formal dilinə çevirərkən qurulan formal arqument iki müqəddimə və bir nəticədən ibarət olacaq:
M_1. Əgər Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyirsə, onda Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir.
M_2. Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyir.
N. Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir.
İkinci addım: Formal arqumentin müqəddimələri və nəticəsi qismində iştirak edən mülahizələri bir-birindən fərqləndirdikdən sonra arqumentdə mövcud olan ən sadə mülahizələri (atomları) müəyyənləşdirmək lazımdır. Məsələn, M_1-də iştirak edən “Əgər Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyirsə, onda Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir” mülahizəsi “əgər … onda” məntiqi operatoru vasitəsilə qurulmuş implikasiyadır və deməli, tərkibində iki atom mövcuddur. Beləliklə, formal arqumentdə iki atom iştirak edir:
p = “Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyir”.
q = “Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir”.
Üçüncü addım: Formal arqumentdə məntiqi operatorların vasitəsilə atom qismində iştirak edən sadə mülahizələrdən qurulmuş mürəkkəb mülahizə və ya mülahizələr mülahizələr məntiqinin formal dilinə tərcümə etmək lazımdır:
Əgər Fəridə Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almaq istəyirsə, onda Fəridə riyaziyyat fənnindən qəbul imtahanı verməlidir.
Əgər p-dirsə, onda q-dür.
p → q
Dördüncü addım: Formal arqumentin müqəddimələri və nəticəsi qismində iştirak edən mülahizələri onların formal dildə qarşılığı olan simvolik ifadələrlə əvəzləmək lazımdır:
M_1. p → q
M_2. p
N. q
Beşinci addım: Formal arqumentin etibarlı arqument olub- olmadığını yoxlamaq lazımdır. Bu məqsədlə qiymətləndirmə prosesini həyata keçirmək üçün tərtib edilmiş həqiqət cədvəlində müqəddimlər qismində iştirak edən p → q və p formullarının doğru, amma nəticə qismində iştirak edən q formulunun yalan olduğu sıranın mövcud olub-olmadığını yoxlamaq lazımdır. Əgər belə sıra mövcud olarsa, onda bu o deməkdir ki, arqument etibarsızdır. Əgər belə sıra mövcud olmazsa, onda bu o deməkdir ki, arqument etibarlıdır. Beləliklə, arqumentin müqəddimələrinin doğru və yalan qiymətlərinin bütün mümkün kombinasiyalarını təyin etmək üçün qurulmuş həqiqət cədvəlinə nəzər salaq: … “
Elmar Hussein (2021). “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq” s. 87-89
P.S. Beşinci addım və növbəti addımlar artıq həqiqət cədvəlinin qurulması ilə bağlıdır ki, bu cədvəlləri də burada paylaşmaq praktik cəhətdən qeyri-mümkündür, yuxarıda adı qeyd edilən kitabda ətraflı şəkildə izah edilib.


